Mariano Rahoy Kataloniyada qanunu bərpa etməyə və seçkilər keçirməyə çağırıb

 

İspaniya hökuməti Kataloniyada qanunun bərpa olunmasını və seçkilərin keçirilməsini prioritet sayır. Bu barədə İspaniyanın Baş naziri Mariano Rahoy bildirib.

 

“Əvvəlcə qanunu bərpa etmək lazımdır, buna görə də biz konstitusiyanın 155-ci maddəsini işə saldıq. Sonra isə bütün zəmanətlərlə yanaşı, referendum zamanı müşahidə etdiyimiz təəssüf doğuran belə vəziyyətlərdən yaxa qurtararaq 6 ay ərzində seçkilər keçirilməlidir”, - deyə Rahoy İspaniya deputatlarının konqresində çıxış edərkən qeyd edib.

Baş nazir, həmçinin “Kataloniyada dağıdılan normal birgə yaşayışı bərpa etməyə”, eyni zamanda iqtisadi vəziyyətin pisləşməsinə imkan verməməyə çağırıb. İspaniya Nazirlər Kabinetinin başçısının sözlərinə görə, Kataloniya hökumətinin sədri və jeneralitet özlərini qanundan kənara qoyduqları üçün vəziyyət xeyli mürəkkəbləşib. Cəmiyyətdə parçalanma baş verib. Bunun iqtisadiyyata təsiri narahatlıq doğurur.

Xatırladaq ki, Kataloniyada İspaniya hökumətinin tanımadığı və ölkənin Konstitusiya Məhkəməsi tərəfindən keçirilməsi qadağan edilən müstəqillik haqqında referendum oktyabrın 1-də baş tutub. Səsvermədə seçki hüququ olan vətəndaşların 43,03 faizi iştirak edib və onların 90,18 faizi müstəqilliyin lehinə səs verib. Oktyabrın 21-də krallıq hökumətinin başçısı Mariano Rahoy konstitusiyanın indiyə qədər istifadə olunmayan 155-ci maddəsinin işə salınacağını bildirib. Madrid həmin maddənin köməyi ilə Puçdemonu və Kataloniya hökumətinin üzvlərini vəzifədən kənarlaşdıra biləcək. Bundan əlavə, Madrid ən geci yarım ildən sonra muxtariyyətdə seçkilər keçirmək niyyətindədir. Təklifin qüvvəyə minməsi üçün İspaniya Senatı hökumətin qərarını təsdiqləməlidir.

Jeneralitetin başçısı Karles Puçdemon isə öz növbəsində Madridin qərarını Kataloniyanın “alçaldılması” və demokratiyaya hücum adlandırıb, kral VI Felipeni bu aqressiv addımları dəstəkləməkdə təqsirləndirib və Barselonanın Madridə necə cavab verəcəyini müəyyən etmək üçün oktyabrın 26-da Kataloniya parlamentinin iclasını çağırıb. İspaniya Senatı (parlamentin yuxarı palatası) Kataloniyanın başçısı Karles Puçdemona parlamentin oktyabrın 26-sı və ya 27-də baş tutacaq iclasında Pireney krallığının hökumət üzvləri ilə debat keçirməyi təklif edib.

Xudaferin.eu
“Avropa Bürosu”

12:31