“M.A.P” Bakı İncəsənət Festivalına yekun vurulub

 

Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında reallaşan bağlanış mərasimində respublikanın tanınmış mədəniyyət və incəsənət xadimləri də iştirak ediblər.

“Novıy Balet” teatrı tamaşaçılar üçün baletmeyster Konstantin Keyxelin quruluşunda “Sovrulanlar”, baletmeyster Kiril Radevin quruluşunda “Çevrilmə” (F.Kafkanın əsərinin motivləri əsasında) və Françesko Ventrilyanın quruluşunda “Bolero” bir aktlı baletlərini təqdim edib. “Sovrulanlar” baleti bütün zamanlarda insanlar küləyə ilahi qüvvə kimi yanaşıblar. Bir çox rəvayətlərdə, külək ayrı-ayrı tanrıların obrazlarında çıxış edir. Bütün səfərlər külək tanrısının himayəsi altında keçirdi. Böyük savaşlar və dəniz döyüşləri bilavasitə bu təbii hadisədən asılı idi. “Çevrilmə” baleti səhnədə baş qəhrəmanın yaşadığı anlaşılmaz, dramatik alın yazısı ilə bağlı fantastik ab-hava yaradıb. Bu səhnə əsəri həqiqət və cəfəngiyyat arasında incə sədd dramanı qroteskə (sarkazma) çevirməklə tamaşaçını qeyri-reallıq və fantasmaqoriya dünyasına aparır, insan taleyi haqqında düşünmək üçün əsas verir.
“Bolero” baletinin quruluşçusu Françesko Ventrilya, musiqi aranjemançısı isə Massimo Marqariadır. Moris Ravelyanın musiqisinə yazılmış əsər taleyin əzablı yolları ilə mübarizədə insanın gücünü təsvir edir. “Boleronun” hər bir notu, balet artistlərinə bu ecazkar musiqinin duyğularını və qüdrətini ötürməyə vadar edir. Taleyin dönüklüyü ilə insanın mübarizəsi, sonda zəfər çalan sevginin timsalında kulminasiya nöqtəsinə çatır, qüvvə və ehtirasın bir-birinə qovuşması ilə tamamlanır.

Səhnə əsərlərində baletmeyster-repetitoru Rusiyanın əməkdar artisti Aleksandr Vorotnikov, geyim üzrə rəssam Mariya Bıçkova, işıq üzrə rəssam Nikita Smolov, truppa müdiri Yeqor Maslov və teatrın direktoru Pavel Nestratov iştirak ediblər. Qeyd edək ki, “YARAT” Müasir İncəsənət Məkanının təşkilatçılığı ilə ilk dəfə keçirilən festivalın məqsədi insanları teatra daha yaxın etməkdir. Noyabrın 1-dən 6-dək davam edən festivalın layihə kuratoru Ülviyyə Axundovadır.

 

Xudaferin.eu

"Bakı Bürosu"

 

10:21