Manatın rəsmi məzənnəsi heç vaxt indiki həddə düşməmişdi

“Yola saldığımız həftə manatın yenidən dəyər itirməsi ilə yekunlaşdı. İlk kəskin devalvasiya qərarından ötən 1 il 9 ay ərzində manatın rəsmi məzənnəsi heç vaxt indiki həddə – 1.6596 manat=1 USD həddinə düşməmişdi”.

İqtisadçı ekspert Rövşən Ağayev valyuta bazarının durumu ilə bağlı geniş şərhində deyib. Onun sözlərinə görə, valyuta bazarında yaranan ajiotajın dəqiq səbəbləri ilə bağlı müstəqil ekspertlərdən kimsənin tam etibarlı rəy söyləyəcəyi real deyil: “Məsələnin peşəkarlıqla əlaqəsi yoxdu, problem informasiya qıtlığı ilə bağlıdır. Valyutaya tələbi və təklifi formalaşdıran amillərin hər biri ilə bağlı müfəssəl məlumatlar olsa, proqnozların etibarlılıq səviyyəsi də yüksələr. Doğrudur, Neft Fondu müntəzəm olaraq bazara çıxardığı valyutanın həcmi ilə bağlı operativ məlumat verir. Lakin valyuta bazarında təklifi təkcə Neft Fondu formalaşdırmır. Xarici kredit müqavilələri əsasında gələn valyuta, pul baratları formasında daxil olan valyuta, xarici sərmayə formasında gələn valyuta, xidmət ixracı formasında gələn valyuta – bunların hər biri çox dəqiq informasiya tələb edir. Məsələn, biz bilmirik ki, il ərzində hansı xarici kredit müqavilələri imzalanıb və müqaviləyə uyğun olaraq vəsaitlər rüblər (aylar) üzrə hansı tranş ölçüləri və qrafiki ilə daxil olacaq. Yaxud xarici sərmayə qoyuluşu ilə bağlı təsərrüfat subyektləri arasında bağlanan müqavilə üzrə vəsaitlərin qoyulması hansı qrafiklə həyata keçiriləcək. Məsələn, kim deyə bilər ki, yaxın 1 ayda bağlanmış kredit  və ya sərmayə müqavilələri üzrə iqtisadiyyata əlavə valyuta daxil olmayacaq”?
Ekspert bildirib ki, eyni vəziyyət xarici valyutaya tələbə də aiddir: “Valyutaya tələbi təkcə əmtəə idxalı formalaşdırmır. Gömrük Komitəsinin aylıq statistikasına əsasən idxal üçün valyutaya tələbatı 5 aşağı 5 yuxarı proqnoz etmək olur. Amma hökumətin, bankların, SOCAR-ın hesabına yaxın 2 ayda ölkədən çıxacaq xarici valyutanın həcmi barədə məlumatlıyıqmı? Deyilik. Məsələn, Rusiya Mərkəzi bankı hökumətin və dövlət şirkətlərinin, bankların qarşıdakı rübdə qaytarılacaq həcmi ilə bağlı məlumatı ictimaiyyət üçün açıqlayır. Ona görə sadə vətəndaş belə valyuta bazarının yaxın aylardakı durumunu təsəvvür edə bilir. Bu praktika bizim Mərkəzi Banka aiddirmi? Deyil. Bir qurum deyə ki, xalis daxili və xarici aktivlərin strukturu dövlət sirridi, ondan gərəkli məlumat və şəffaflıq gözləməyin yeri yoxdu.  Amma elə məlumatlar var ki, onu müstəqil ekspertlər təhlil edə, həmin məlumatlar əsasında valyuta bazarının durumu ilə bağlı gözləntiləri əsaslandırmaq, trendeləri qeyd etmək mümkün olur. Məsələn, büdcə xərcləmələrinin dinamikası və miqyası belə göstəricilərdən biri kimi istifadə edilə bilər. Azərbaycan hökuməti 2016-cı ilin 9 ayında dövlət büdcəsi vasitəsilə 10.6 milyard manat xərcləyib. Bu, illik büdcə proqnozunun 57%-nə bərabərdir. Bu o deməkdir ki, hökumət büdcəni nəzərdə tutulan səviyyədə xərcləməli olsa, sonuncu rübdə az qala əvvəlki 3 rübdə xərclədiyi qədər vəsait xərləməli olacaq. Bu nə deməkdir? Arxada qalan 9 ayda hər rüb üzrə orta hesabla 3.5 milyard manat xərclənib, amma təkcə son rübdə 8 milyard manat xərcləmək lazım gələcək. Aydındır ki, bu qədər vəsaitin qısa müddətdə iqtisadiyyata yönəlməsi (fərqi yoxdu maaş kimi, mal və xidmətlərin haqqının ödənilməsi formasında) likvidliyi kəskin artırmaqla manata təzyiqi də gücləndirər”.

Xudaferin.eu

12:00