Malala Yusufzay BMT-nin ən gənc Sülh elçisi olub

BMT-nin Nyu-Yorkdakı mənzil-qərargahında qurumun baş katibi Antoniu Quterriş pakistanlı hüquq müdafiəçisi Malala Yusufzayı rəsmən BMT-nin yeni Sülh elçisi təyin edib.

Xudaferin.eu-nun xəbərinə görə, bu barədə Report BMT-nin xəbərlər mərkəzinə istinadən məlumat verir.

M.Yusufzay bir neçə il əvvəl taliblərin hücumuna məruz qalıb. Onlar qızların təhsil hüquqlarını müdafiə etdiyi üçün Malalanı öldürməyə cəhd göstəriblər. M.Yusufzay ağır yaralansa da, sağaldıqdan sonra qızların təhsil alması yönündə fəal mübarizəsini davam etdirib.

M.Yusufzay 12 iyul 1997-ci ildə anadan olub. O, 2014-cü ildə Nobel Sülh Mükafatına layiq görülüb. 2015-ci ildə isə BMT Baş Assambleyasının yubiley, 70-ci sessiyasında Roma Papasından dərhal sonra çıxış edib.

Qeyd edək ki, BMT-nin Sülh elçiləri fəxri adı təşkilatın işinə beynəlxalq diqqət cəlb etməyə razılıq verən hüquq müdafiəsi, incəsənət, musiqi, elm, idman sahəsində tanınmış xadimlərə verilir. Bu gün BMT-nin Sülh elçiləri siyahısına İrodaniya şahzadəsi Haya bint əl Hüseyn, Hollivud ulduzları Şarliz Teron, Maykl Duqlas, Corc Kluni və Edvard Norton, müğənni Stivi Uander, yazıçılar Paulo Koelyo, dirijor Daniel Barenboym və başqaları daxildir.

Xudaferin.eu

13:02