Mahmudəli Çöhrəqanlı: “Savaş planı masa üzərindədir”

 

“Xarici qüvvələr Milli Hərəkatın potensialını bizdən daha yaxşı bilir”

“Müstəqilliyi bizə sinidə verməyəcəklər”

Güney Azərbaycan Milli Oyanış Hərəkatı (GAMOH) prezident Donald Trampa ünvanldığı məktubda ABŞ-ın yeni administrasiyasından İranda insan haqları sahəsində pozuntulara diqqət yetirməsini istəyib. Ağ Ev hələlik məktuba rəsmi cavab verməyib, lakin GAMOH-un lideri Mahmudəli Çöhrəqanlı Tramp administrasiyasının İranla bağlı daha sərt mövqe nümayiş etdiriləcəyinə inandığını deyib. Mahmudəli Çöhrəqanlı “Cümhuriyət” qəzetinə müsahibədə prezident Trampa göndərilən məktub və ABŞ-ın yeni administrasiyasından gözləntiləri barədə danışıb.
 

- Tramp Adminstarsiyasına yazılı müraciət ünvanlamısız. Bu müraciətin müsbət nəticə verəcəyinə ümid edirsinizmi?
 

- ABŞ prezidenti Donald Trampa yazdığımız məktubda İran adlanan ölkənin gerçəklərini olduğu kimi dərk edib münasibətləri bu reallıqlara söykənərək müəyyən etməsi tələb edildi. Bildiyiniz kimi, İran dünyada ən çox insan haqlarını tapdayan rejimlərin başında gəlir. İnanırıq ki, Tramp Administrasiyası İran rejimini insan hüquqları və demokratiya əleyhinə atdığı addımları BMT-nin qanunlarına əsasən təzyiq altında saxlayacaq. Fikrimcə, ABŞ-ın yeni hakimiyyəti İran rejimi ilə bağlı məsələni yenidən masaya gətirəcək, bununla bağlı Obama Administrasiyasından daha da ciddi addımlar atacaq. Bu addımlar molla rejiminə qarşı iqtisadi və maliyyə sanksiyalarının tətbiqi, xüsusilə bölgədə rejimin qalasına çevrilmiş İraq və Suriyada vəziyyətin normal hala gətirilməsidir. Ümid edirik ki, millətimizin səsini çatdırmaq məqsədilə qələmə aldığımız müraciət 35 milyonluq Güney Azərbaycan türklərinin azadlıq, insan haqları və öz müqəddəratını təyinetmə prinsiplərinə sonunadək bağlı qalacağının bir göstəricisi olacaq. İnanırıq ki, Amerika hakimiyyəti bundan artıq tələblərimizə laqeyd qalmayacaq.

- Güney Azərbaycan Milli Hərəkatının nümayəndələri İranda milli haqların pozulması ilə bağlı dəfələrlə ABŞ rəhbərliyinə müraciətlər ediblər. GAMOH-da prezident Donald Trampa ikinci dəfə müraciət ünvanlayıb. Sizin fikrinizcə, İran rejiminə qarşı tənqidi mövqeyilə seçilən prezident Trampın bu siyasəti Güney Azərbaycan türklərinin milli azadlığa qovuşmasına yardımçı ola bilərmi?

 

- Azadlıq və müstəqilliyi bizə kənardan sinidə verməyəcəklər. Bunu özümüz almalıyıq. 1995-ci ildən bu yana canla-başla millətimizin oyanışı və maariflənməsi uğrunda əlimizdən gələni əsirgəmirik. Bu yolda həbslər, zindanlar, işgəncə və ölüm oruclarından belə keçmişik. Babək Qalası yürüşləri, 2006 –cı il may üsyanı, daha sonrakı dövrlərdə rejim tərəfindən ən yaxın dostlarımız şəhid edilib və çox sayda yaralılar olub. Güney Azərbaycan Milli Oyanış Hərəkatı 1995-ci ildən bu yana xeyli yol qət edib. Xarici qüvvələr və İran rejimi kimi düşmən cəbhələr bizim potensialımızı bizdən daha yaxşı analiz edə bilir. Çünki 35 milyon olaraq biz çoxluq təşkil edirik, yetər ki, səsimizi ucaldaq və dünyaya duyduraq. Ola bilər ki, qarşımızda əngəllər olsun, ancaq milli mübarizəmiz çox ağırdır və bir o qədər də müqəddəs və dəyərlidir. Yeni ABŞ hakimiyyətinin mövqeyinə gəlincə, deyim ki, lobbiçilik və özümüzü tanıtmaq baxımından hələ zəifik. Amma getdikcə təcrübəmiz artır, xariciləri də milli hərəkatımızla tanış edirik.

- İranı adətən “millətlər həbsxanası” adlandırırlar. Amerikanın İranla bağlı yeni siyasəti bu millətlərin öz haqlarına sahib çıxması və ya azadlığa qovuşması üçün hər hansı imkan yarada biləcəkmi?
 

- İran adlı ölkənin əhalisi ağır və maddi sıxıntılar içində yaşayır. Bu qəddar rejim neftdən aldığı milyardları xalqa yox, silahlanmaya, imerialist maraqlarına xərcləyir. Bu baxımdan tək türklər deyil, digər qeyri-fars etniklər arasında bu rejimin dayağı yoxdur. Bu rejim etibarlı və səmimi deyil. Çünki silahının süngüsünü xalqın boğazına tutaraq hakimiyyətini zorakılıqla sürdürür. Əlbəttə, dünya güclərinin İran rejimini maddi baxımdan sıxışdırması, daxildə xalqı tapdamağa və etiraza tərəf sürükləyəcək. Dəfələrlə demişik ki, millətimiz nə istərsə o olacaqdır və məqsədimiz oyanışdır, hərəkatımızın adı da Güney Azərbaycan Milli Oyanış Hərəkatıdır. İnanırıq ki, dünya güclərini İran rejiminə etdiyi təzyiqlər ölkədə milli oyanış və intibah prosesini daha da sürətləndirəcək. Bu rejim mənəvi cəhətdən çöküb. Bu rejimin iflası yaxındadır.

 

“Demokratik hərəkat onların sonunu gətirəcək”

-Prezident Tramp İranı terrorçu dövlət adlandırıb. İran nüvə proqramından imtina etsə də, güclü silahlanmanı davam etdirir, Suriyada, Yəməndə müharibə aparır. Necə hesab edirsiz, İranın hərbi fəaliyyətinin genişlənməsi hansı təhlükələr doğura bilər və bunun qarşısının alınması üçün dünyanın qüdrətli dövlətləri və beynəlxalq təşkilatlar hansı addımı atmalıdır?
 

- Təəssüf ki, Amerikanın yanlış siyasəti İran rejiminin güclənməsinə yol açıb. İran rejiminin ən əzəli rəqib və düşmənləri bölgədə aradan qaldırıldı. Təbii olaraq bu da molla rejiminə inanılmaz mənəvi güc verdi. İran rejimi bölgədə baş verən vətəndaş müharibəsi və daxili didişmədən öz mənfəətini götürür. İndi Tramp hakimiyyəti deyir ki, bunun qarşısı alınacaq. Görünən odur ki, Tramp çox iş görməlidir. Çünki artıq İran güclənib, Səudiyyə Ərəbistanı sərhədlərində savaşır. Molla rejiminin yıxılması üçün ən uyğun seçim daxildən başlanan mübarizə olacaq. Çünki İran rejiminə qarşı odlu savaş planı masa üstündədir. Molla rejimi gözəl anlayır ki, onların sonunu başlatdığmız milli demokratik hərəkat gətirəcək. Ona görə də Yaxın Şərqdə və İranda və kürdlərə diqqət ayıran güclər Güney Azərbaycan türklərini də nəzərə almalıdır.

- Trampın molla rejimi əleyhinə bəyanatları, ABŞ-ın İrana sərtləşən münasibəti İranda demokratikləşmə prosesinə və Milli Hərəkatlara rəvac verəcəkmi?
 

- Əlbəttə. İran rejimi millətimizi ən ibtidai haqlarından məhrum edir, bu haqların adını çəkənləri həbsə atıb işgəncə verir. Murtaza Muradpur kimi oğullarımız səslərini duyura bilmək üçün 2 aydan çox aclıq aksiyası keçirməyə məcbur qaldılar. Bu baxımdan dünya gücləri, o cümlədən Amerikanın nə qədər İran rejiminə qarşı sərt və qəti rəftar sərgiləməsi millətimizin xeyrinədir.

“İranın Azərbaycanda çevriliş etməsi mümkün deyil”

- Bu günlərdə ABŞ yetkililəri İranın Azərbaycanda çevriliş edə biləcəyinə dair xəbərdarlıqla çıxış etdilər. Sizcə, bu, nə dərəcədə realdır?

- İran Quzey Azərbaycanda çevriliş edə biləcək gücə sahib deyil. Molla rejiminin bunu etməsi imkansızdır.

- Son vaxtlar Türkiyənin Suriya məsələsində ABŞ-la yaxınlaşması, İrandan uzaqlaşması müşahidə olunur. Bu, Ankaranın sizinlə bağlı qərarına təsir edə bilərmi? Yəni sizə Türkiyəyə daxil olma yasağı aradan qaldırıla bilərmi?
 

- Biz illərdir başa salmağa çalışırıq ki, bu rejim PKK-nı dəstəkləyir, türklüyün birinci dərəcəli düşmənidir. Ancaq durum fərqlidir. Yəni, İran rejimi bu gün rəsmən həm Suriya məsələsində, həm də bölgədə geopolitik maraqlar naminə Türkiyə hakimiyyətinin qarşısında durub. Gec də olsa, Türkiyə hakimiyyəti və başda duranları İran rejiminə qarşı etirazlarını səsləndirməyə başlayıb. Əgər Türkiyə istəyirsə İran rejiminin “qulağı burulsun”, üzümüzə 11 ildir bağlı tutduğu qardaş qapısını açmalıdır. Biz Türkiyə hakimiyyətindən əlavə heç bir dəstək və yardım gözləmirik. Biz türkük, insanıq. Heç bir zaman qanunları əzmədik, demokratik, barışcıl mövqedən çıxmadıq. Ömrüm boyu universitetdə müəllim kimi fəaliyyət göstərmişəm. Bu gərəksiz və mənasız yasaqlar dərhal qalxmalıdır ki, vətəndə olaq. Millətimizlə birlikdə lazım gələn ciddi və tarixi addımları ən güclü şəkildə ata bilək və ulusumuzun qurtuluşunu təmin edək.

Yeganə Oqtayqızı

Cebhe.info

 

19:02