Macarıstan azuşaqlı ailələrə dəstək göstərəcək

Macarıstanın Baş naziri Viktor Orban ölkədəki vəziyyət barədə ənənəvi müraciətində uşaqlı ailələrin dəstəklənməsinə dair tədbirlər paketini təqdim edib. Paket uşaq dünyaya gətirmək istəyən analar üçün vergi güzəştlərini və azfaizli borcları, habelə ailələr üçün mənzil alınmasının subsidiyalaşdırılması sxeminin (CSOK) genişləndirilməsini nəzərdə tutur.

Xudaferin.eu MTI agentliyinə istinadla xəbər verir ki, V.Orban əhalinin sayının azalmasının qarşısını almaq məqsədi ilə yeddi bənddən ibarət ailələri müdafiə proqramını təqdim edib.

Əvvələn, hökumət yaşı 40-a çatmamış, ilk dəfə ailə quran və uşaq dünyaya gətirmək istəyən bütün qadınlara 10 milyon forint güzəştli kredit verəcək. Bu kredit üzrə ödəmələr birinci uşaq doğulandan sonra üç il müddətinə dayandırılacaq, ikinci uşaq doğulandan sonra daha üç müddətinə dayandırılacaq, əsas borcun üçdəbir hissəsi dövlət tərəfindən ödəniləcək. Üçüncü uşaq doğulandan sonra dövlət kreditin bütün məbləğinin ödənilməsini öz üzərinə götürəcək.

Proqramın ikinci bəndinə müvafiq olaraq, ailələr üçün mənzil alınmasının subsidiyalaşdırılması sxemi (CSOK) genişləndiriləcək. Proqram çərçivəsində təqdim edilən güzəştli kreditlər həm ikinci, həm də yeni mənzilin alınması üçün istifadə edilə bilər. Orban deyib ki, CSOK-un şərtləri kiçik icmalarda yaşayan ailələrə uyğunlaşdırılıb və bir neçə həftədən sonra elan ediləcək.

V.Orban deyib: “Hazırda CSOK-un ikiuşaqlı ailələr üçün qiymət həddi 10 milyon forint, üçuşaqlı ailələr üçün 15 milyon forintdir. Yeni sxemə əsasən, Macarıstanda iki uşaq dünyaya gətirmək öhdəliyi götürən gənc ailələrə ilk vaxtlar dolanışıq xərcləri, habelə mənzil almaq üçün 22 milyon forint, üç uşaq dünyaya gətirmək istəyənlərə 35 milyon forint məbləğində subsidiyalar veriləcək.

Baş nazir üçüncü tədbiri açıqlayaraq bildirib ki, hökumət ikinci uşaq doğulandan sonra ailələrə ipoteka kreditləri üzrə əsas borcun 1 milyon forintini, üçüncü uşaq doğulandan sonra 4 milyon forint və hər növbəti uşaqdan sonra 1 milyon forint ödəyəcək.

Dördüncü tədbir azı dörd uşağı olan qadınların gəlir vergisindən ömürlük azad olunmasını nəzərdə tutur.

Beşincisi tədbir: hökumət üç və daha çox uşaqlı ailələrin ən azı yeddiadamlıq avtomobil almaları üçün onlara 2,5 milyon forint məbləğində qrant təqdim edəcək.

Altıncı tədbir: hökumət yaxın üç ildə uşaq bağçalarında 21 min yer, o cümlədən bu ilin sonuna qədər 10 min, 2020-ci ildə 5 min və 2021-ci ildə 6 min yer yaradacaq.

Yeddinci tədbir: valideynlər uşağın himayə olunması üçün öz hüquqlarını onun nənə və babalarına verə biləcəklər.

Baş nazir V.Orban bu tədbirlər üçün büdcə xərclərindən danışmayıb, lakin iki əlavə proqramı elan edib. Hökumət 10-cu və 11-ci sinif şagirdlərinin ölkənin hüdudlarından kənarda ikihəftəlik xarici dil kurslarının haqqını ödəyəcək və səhiyyənin inkişafına 700 milyard forint vəsait ayıracaq.

Xudaferin.eu

17:21