Lətif Qəndilov: 20 Yanvar - Azərbaycanın ərazi bütövlüyü və müstəqilliyi uğrunda mübarizə tarixində qəhrəmanlıq səhifəsidir

Qırğızıstanda çıxan “Veçerniy Bişkek” qəzetində Azərbaycanın Qırğızıstandakı səfiri Lətif Qəndilovun 20 Yanvar faciəsi haqqında məqaləsi dərc edilib.
AZƏRTAC xəbər verir ki, məqalə müəllifinin fikrincə, keçmiş Sovet İttifaqının hərbi maşını tərəfindən Azərbaycan xalqına qarşı törədilmiş amansız terror aktı sivilizasiya tarixində həmişəlik qara səhifə kimi, bəşəriyyətə qarşı ən qəddar cinayətlərdən biri kimi qalacaq.
Müəllif yazır ki, həmin gün qanunsuz olaraq Bakıya və respublikanın bir neçə regionuna soxulmuş sovet hərbi birləşmələri Ermənistan tərəfindən Azərbaycanın ərazi bütövlüyünün pozulması cəhdlərinə etiraz əlaməti olaraq küçələrə çıxmış dinc əhaliyə qarşı vəhşiliklər törətdilər. Materialda deyilir: “SSRİ-nin mərkəzi hakimiyyəti Ermənistanın separatçı əməllərinə loyal münasibət bəsləyirdi. Cəza tədbirləri nəticəsində Azərbaycanın yüzlərlə sakini, heç bir təqsiri olmadığı halda yaralandı və qətlə yetirildi. Azərbaycan xalqına qarşı mərkəzdən razılaşdırılmış terror aktı bu üsulla həyata keçirildi. SSRİ Ali Soveti Rəyasət Heyətinin Mixail Qorbaçov tərəfindən 1990-cı il yanvarın 19-da axşam imzalanmış qərarına əsasən Azərbaycana qoşun yeridildi və respublikada fövqəladə vəziyyət elan edildi”.
Oxucuların diqqətinə çatdırılır ki, bu tədbirlər nəticəsində 150-yə yaxın insan öldürüldü, çoxsaylı sakin itkin düşdü. Silahlı hücumun qurbanları arasında azərbaycanlılarla yanaşı yəhudilər, ruslar, ləzgilər, tatarlar və digər millətlərin nümayəndələri də vardı. O vaxt iki milyon sakini olan Bakı cəbhəyanı zolağı xatırladırdı. Yanvarın 22-də Bakının milyon yarım sakini binaların damlarında hərbçilər tərəfindən quraşdırılmış pulemyotların lülələri altında təcavüzün güllələnmiş qurbanlarının xatirəsinə ehtiramlarını bildirmək və onları son mənzilə yola salmaq üçün küçələrə çıxdı.
Materialda vurğulanır ki, dünya Bakıda baş verən hadisələr haqqında həqiqəti ilk dəfə Azərbaycan xalqının böyük oğlu Heydər Əliyevin dilindən eşitdi. Baş vermiş faciənin ertəsi günü, 1990-cı il yanvarın 21-də həyatını riskə məruz qoyaraq ailə üzvləri ilə birlikdə Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gəldi. Heydər Əliyev orada bu hadisəyə ilk dəfə siyasi qiymət verərək, tələb etdi ki, faciədə əli olanların hamısı layiqli cəzalarını almalıdır.
Məqalədə ətraflı şəkildə qeyd edilir ki, qorbaçovçu rejim tərəfindən Azərbaycan xalqına qarşı törədilmiş cinayət beynəlxalq hüquqa görə soyqırımı və dövlət terrorizmi kimi tövsif edilir. Sovet İttifaqı rəhbərliyi İnsan Haqları barədə 1966-cı il Paktının, 1975-ci il Helsinki Yekun Aktının, 1899-cu və 1907-ci illərin Haaqa konfranslarının, 1949-cu il Cenevrə Konvensiyasının və nəhayət, Soyqırımının qadağan edilməsi və ona görə cəza haqqında 1948-ci il Konvensiyasının əsas müddəalarını pozub. Bütün bu beynəlxalq sənədlərdə silahlı qüvvələrdən dinc əhaliyə qarşı istifadə olunmasının və cəza tədbirləri tətbiq edilməsinin qadağan olunması nəzərdə tutulur.
Müəllif daha sonra qeyd edir ki, bu gün Azərbaycan dövləti 20 Yanvar faciəsinin qurbanlarının ailə üzvlərinə və həmin hadisələr zamanı sağlamlığını itirmiş şəxslərə daim qayğı göstərir.
Azərbaycanlı diplomat məqaləsinin sonunda yazır: “1990-cı il 20 Yanvar günü Azərbaycanın ərazi bütövlüyü və müstəqilliyi uğrunda mübarizə tarixində qəhrəmanlıq səhifəsi oldu. Bu faciə Azərbaycan xalqının iradəsini, onun ölkənin ərazi bütövlüyünü bərpa etmək və milli azadlıq uğrunda mübarizə aparmaq əzmini qıra bilmədi. Azərbaycanın böyük itkilər bahasına başa gəlmiş müstəqilliyi və azadlığı ölkədə demokratik hüquqi cəmiyyət qurmağa, dərin iqtisadi islahatlar aparmağa, Azərbaycan xalqının həyat fəaliyyətinin bütün sahələrində möhtəşəm irəliləyişləri həyata keçirməyə və Azərbaycanın beynəlxalq miqyasda tanınmış ərazilərini işğaldan azad etməyə imkan verdi”.

Xudaferin.eu

23:28