Loğman Şuşa, məcnun Şuşa— dərdlərə dərman Şuşa

Təbii gözəllikləri ilə seçilən, milli memarlığımızın və orta əsrlər şəhərsalma sənətinin qiymətli abidəsi, Azərbaycanın təkrarolunmaz mədəniyyət mərkəzlərindən biri –Şuşa 8 may 1992-ci ildə erməni hərbi birləşmələri tərəfindən işğal olundu.

Artıq 25 ildir ki, şuşalılar Şuşaya həsrət bir tale yaşayır, içlərində bir nisgil böyüdürlər. Buna baxmayaraq, birbaşa dövlətimizin sayəsində həyatın ən ağır imtahanı olan yurdsuzluğun, köçkünlüyün qarşısında əyilmədən-ümidlərini itirmədən öz ayaqları üzərində durmağı bacardılar.

HaşiyəMəhərrəmov Ramiq İdris oğlu 1947-ci ildə Xankəndidə ziyalı ailəsində anadan olub. 1965-ci ildə Azərbaycan Tibb Universitetini bitirdikdən sonra özünü sevdiyi həkim peşəsinə həsr edib. 1979-cu ildən bu günə qədər Şuşa Mərkəzi Rayon Xəstəxanasının baş həkimidir. SSRİ-nin səhiyyə əlaçısı adına,1982-ci ildə”Əmək Rəşadəti” medalına, Ali dərəcəli həkim-təşkilatçı və 1991-ci ildə isə Əməkdar həkim adına, eyni zamanda yüzlərlə fəxri fərmanlara layiq görülüb. Ailəlidir. 5 övladı var.

1993-cü ildən Yasamalda fəaliyyət göstərən Şuşa Mərkəzi Xəstəxanası şuşalıların qayğısına qalan, onların sağlamlığını qoruyan bir isti ocaqdı desək, yanılmarıq. Xəstəxananın baş həkimi Ramiq Məhərrəmovla söhbətimiz ötənlərə bir baxış, gələcəyə bir ümid notları üzərində quruldu və davam etdi. Müsahibənin “Qarabağ”ın oxucuları üçündə maraqlı olacağını düşünürük;

-Hörmətli Ramiq həkim, bildiyimiz qədəri ilə Şuşa nəinki, dünyanın təkrarolunmaz mədəniyyət mərkəzidir, həm də təbatəti ilə məşhur olub.

-Bilirsiniz ki, Şuşanın havası da, suyu da, torpağı bir məcun olub, rəsmi tibbə qədər el arasında müxtəlif dərman bitkilərindən, çiçəklərindən, bitkilərin kökündən, toxumundan geniş istifadə olunub. Şuşanın zəngin flora və faunası imkan verib ki, əhali.türkəçarələrlə xəstəlikləri dəf etsin. Hələ ibtidai insanlar sınıqları müalicə etməyi, çıxmış oynağı yerinə salmağı, sarğı qoymağı bacarırdılar; ağrıkəsici bitkilərin xüsusiyyətlərini bilirdilər, günəş şüalarının, suyun şəfaverici əhəmiyyətini başa düşürdülər. Beləcə, xalq arasında xəstəliklərin müalicəsi üsulları və vasitələri haqqında bilikləri nəsildən-nəslə keçirilərək yaşadan qeyri-ənənəvi təbabət vardı ki, buda xalq təbabəti adlanırdı. Yeri gəlmişkən, dahi Nizami Gəncəvinin "Xəmsə"-sində dərmanlar barəsində yazılar var. "İskəndərnamə"də isə Nizami yazır: "Baş ağrısı üçün mütləq qızılgül suyu (gülab) vacibdir."

Şuşanın Təbrizlilər məhləsinə yaşamağa gələn təbrizlilərin, şamaxılıların, ərdəbillilərin çoxu mədrəsə təhsili almış ruhaniydilər və onlar öz dövrünün savadlı adamları hesab olunublar. Təbii ki, tibbin bəzi sirlərinə yiyələnmiş belə şəxslər məscidlərdə, karvansaralarda müayinə və müalicələr aparır, türkəçarələrlə əhaliyə tibbi xidmət göstərirdilər.

-Ciddi təbabətlə şuşalılar nə vaxt tanış oldular?

- İsfahanda ali tibb təhsili almış həkim Mirzə Məmmədqulu bəy Qayıbov, Mirzə Məhəmməd Qarabaği (Bağır oğlu), Azərbaycanda cərrahiyyənin əsasını qoymuş, Avropada tibb təhsilinə yiyələnmiş Kərim bəy Mehmandarov kimi savadlı həkimlər meydana gəldi və buda öz növbəsində həkimlik sənətinin inkişafını sürətləndirirdi.

Amma ciddi tibbi inkişaf 1834-cü ildə İbrahimxəlil xanın qızı Gövhərağa (Gövhər Nisə) Cavanşir tərəfindən inşa etdirilən “Aşağı Gövhərağa məscidi” ndə yaradılmış müalicəxanadan başladı. Onun tərəfindən 1864- cü ildə xəstəxana təbibi vəzifəsi təsis edildi və ona məvacib təyin olundu . Daha sonra Çar höküməti tərəfindən Qarabağ üzrə Şuşa şəhərində 1847-ci ildə 4 çarpayılıq tibb məntəqəsi yaradıldı. 1902-ci ildə Şuşada ikimərtəbəli şəhər xəstəxanası yuxarı məhəllədə-ermənilər daha sıx yaşayan ərazidə tikildi. Qəribə odur ki həm Çar Rusiyası, həm də Sovet hakimiyyəti dövründə Şuşa şəhərinə, şuşalılara bəslənilən ögey münasibət burada yaşayan əhalinin sayına və milli tərkibinə ciddi təsir göstərdi. Ermənilərə göstərilən qayğının yüzdə bir hissəsi yerli azərbaycanlılara göstərilmirdi.

Uzun illərdən sonra Şuşa ziyalılarının müntəzəm qubernatora müraciətləri və çalışmaları sayəsində 1909-cu ildə isə artıq Şuşada 60 çarpayısı olan 2 xəstəxana fəaliyyət göstərirdi. 1918-1920-ci illərdə Azərbaycan Milli Hökumətinin müdafiə naziri general Xosrov bəy Sultanovun təşkilatçılığı ilə Zəngəzurda, Qərbi Azərbaycanda açılan Ferşel Məktəbləri tibbə marağın və mütəxəssislərin artmasına xidmət elədi. Həmin vaxt Xalq Xəstəxanası adlandırılan xəstəxanada çarpayıların sayı 100-ə çatdırıldı. Qeyd edim ki, 1872-ci ildə Bakı şəhər gimnaziyasını , 1877-ci ildə Sankt-Peterburq Tibb Cərrahlıq Akademiyasını bitirən Sankt-Peterburq klinik hərbi xəstəxanasında həkim işləyən Kərim bəy Mehmandarov qürbətdə çox qala bilmədi. 1883-cü ildə Azərbaycana döndü və Yelizavetpol quberniyasının Cavanşir qəzasında (Şuşada) 1929-cu ilə qədər həkim kimi çalışdı. Hazır ki xəstəxanamıza bu səbəbdən Şuşa xəstəxanasının ilk baş həkimi və Azərbaycanın ilk cərrahı Kərim bəy Mehmandarovun adı verilib.

Sovet dönəmində 1920-ci ilin may ayından Şuşa şəhərində Xalq Səhiyyə Komissarlığı tabeliyində Qarabağ Fövqalədə Komitəsinin Səhiyyə şöbəsi yaradıldı. Amma 1923-cü ildə Dağlıq Qarabağ Muxtar Vilayətinin yaranması ilə Şuşa qəza şəhəri olmaqla bütün sahələr kimi səhiyyə sahəsində də tənəzzülə uğradı, çarpayıların sayı azaldılaraq 10 çarpayı həddinə düşdü. 1930-cu ildə Şuşa rayon statusu aldıqdan sonra rayon səhiyyə şöbəsi təşkil edildi və tədricən şəhərdə xəstəxanalar və kənd tibb müəssisələri şəbəkəsi yaradıldı. 1950-ci illərin sonunda müalicə müəsissələri Sanitar Xəstəxana Birliyində mərkəzləşdi. 1964-cü ildə Rayon Səhiyyə Şöbəsi və Sanitar Xəstəxana Birliyi ləğv edilərək əvəzində Mərkəzi

Rayon Xəstəxanası yaradıldı . 8 may 1992-ci ildə Şuşa rayonunun işğalına qədər rayonun səhiyyə müəssisələri aşağıdakı strukturda oldu. Şuşa Mərkəzi Rayon Xəstəxanası - 200 çarpayı gücündə , şəhər poliklinikası, stomatoloji poliklinika, sanitar-epidemioloji stansiya, təcili tibbi yardım stansiyası , tibb məktəbi. təsərrüfat hesablı profilaktiki dezinfeksiya şöbəsi, mərkəzi rayon apteki və 5 aptek şəbəkəsi, X.B.Natəvan adına Respublika İxtisaslaşdırılmış uşaq sanatoriyası ( 250 çarpayılıq) şəhərdə əhalinin xidmətinə verilmişdi. Böyük Qaladərəsi (10 çarpayılıq), Quşçular, Malıbəyl (50 çarpayılıq) kənd sahə xəstəxanaları, Turşsu , Xanalılar, Xəlifəli, Çaykənd. Daşaltı kənd həkim ambulatoriyası, Allahqullar, Qaybalı ,Qaladərəsi , Zarıslı, Səfixanlar, Şırlan , Göytala , Xanlıqpəyə feldşer-mama məntəqəsi kənd camaatının istifadəsindəydi. Bir sözlə, həmin 30 səhiyyə müəssisəsində çalışan işçilərin sayı 559 nəfər idi ki, onların 96 nəfəri həkim, 237 nəfəri isə orta tibb işçisi olub.

-Şuşanın sanatoriya və kurortları keçmiş sovet məkanında -Baltikyanı respublikalarda, eləcədə Avropa ölkələrindəki sanatoriya və kurortlardan özünəməxsusluğu ilə seçilib.

- Şuşa Sanatoriya-Kurort Birliyinin balansına aid 2 və 3 mərtəbəli 18 bina daxil idi. Şuşa kurortunun əsası 1941-1945 -ci il Böyük vətən müharibəsindən əvvəl qoyulsada inkişafı müharibədən sonra başlayıb. 1968-ci ildə 15 korpusda 400 çarpayısı olan mehmanxana ponsionat səviyyəsinə çatdırılır. 1970-ci ildən ponsionatın bir hissəsi dağ iqlim sanatoriyasına çevrilir. 1969-cu ildə “Narzan” tipli karbohidratlı Şırlan mineral suyu 30 km. məsafədən çətin dağ yolları ilə Şuşa şəhərinə gətirilir. Bu həmin vaxt üçün ən uzaq məsafədən gətirilən mineral su kəməri idi. Beləliklə Şuşa kurortunda tənəffüs yolları xəstəlikləri, sinir-əsəb xəstəlikləri, maddələr mübadiləsinin xəstəlikləri, qan azlığı ilə yanaşı mədə-bağırsaq xəstəliklərinin müalicəsi də mümkün olur. Şuşa şəhərinin işğalı ərəfəsində sanatoriya-kurort birliyi binalarının sayı 18 olmaqla, 316 yerlik Şuşa istirahət evi və 1000 yerlik ümumittifaq əhəmiyyətli sanatoriyanın 6 yataq korpusu , mualicə korpusu, 400 yerlik yeməkxanası vardı. Təməli 1939-cu ildə qoyulan ixtisaslaşdırılmış respublika uşaq sanatoriyasıda fəaliyyət göstərib. Orta illik çarpayılarının sayı 250 olsa da yay mövsümündə əlavə çarpayılar və yay yeməkxanası açılırdı. Bu müalicə ocağında hər il 800-1000 vərəmli uşaq müalicə alırdı. Şuşa turist bazası isə 1970-ci ildə müstəqil fəaliyyətə başlayıb. 1970-ci ildə əsas korpusu 130 çarpayı olan “Şəfa” turist bazasına çevrilib. Əlavə 6 kottec quraşdırılıb və turist bazası əvvəllər il ərzində 6000 nəfər turist qəbul edirdisə sonra turistlərin illik sayı 11-12 min nəfərə çatırdı. Təlabatı nəzərə alan respublika rəhbərliyi 1990-cı ildə əlavə 200 yerlik korpus inşa etdirsədə, Dağlıq Qarabağ hadisələrinin başlanması turist gəlişlərini dayandırdı. Yadımdaykən qeyd edim, 1984-cü ildə Şuşa Səyahətlər və Ekskursiyalar bürosu ,1990-cı ildə Zamanpəyə kəndi yaxınlığında 8 kottecdən ibarər 120 nəfərlik “Soyuqbulaq” turist bazası açıldı. Burada ailəvi istirahət üçün də münasib şərait yaradıldı. Şəhərin ponaramasına xüsusi rəng qatan 9 mərtəbəli, 100 yerlik “Qarabağ” mehmanxanası, Azərsənayetikinti istehsalat birliyinin “Dağlıqqarabağ sənayetikinti” layihə birliyinin “Qonaq evi-mehmanxana”sı (Ulu öndər Heydər Əliyev 1982-ci ildə Şuşaya gələrkən orada qalıb ), Şuşa şəhərində respublika meşə-sağlamlıq məktəbi (100 yerlik),17 pionerlərin yay istirahət düşərgəsi, Azərbaycan Avtomobil Nəqliyyatı Nazirliyi işçilərinin uşaqları üçün yay istirahət düşərgəsi, 2 yanaşı üç mərtəbəli korpusunda 300 uşaq üçün;“Qaqarin” adına DQ Vilayət pionerlərin yay istirahət düşərgəsi, 8 yanaşı bir mərtəbəli korpusunda 160 uşaq üçün,“Dostluq” vilayət kommunal təsərrüfat işçilərinin uşaqları üçün pionerlərin yay istirahət düşərgəsi, 2 korpusunda 120 uşaq üçün Şuşa uşaqların yay idman düşərgələri mövcud idi. Təəssüf ki, 1989-1992-ci illərdə erməni silahlı qüvvələrinin hücumları nəticəsində bütün sahələrlə yanaşı regionun turizm iqtisadiyyatına ciddi ziyan dəydi.

-Həkim, Şuşa Mərkəzi Rayon Xəstəxanasının Qarabağ müharibəsi dövründəki fəaliyyəti haqqında da məlumat verərdiniz...

-Bu gün Şuşa şəhərinin işğalından 25 il ötür. Yəni yaxın dövrün hadisələri olduğuna görə, həmin dəhşətlər hələ də hamının yadındadır. Təkcə 1991-ci ilin sonundamüəyyən olundu ki.xəstəxanamızdahəm hərbi, həm də mülki 1700 yaralı gətirilib. 289 kvadrat-kilometr ərazisi olan Şuşada həmin dövrdə 25 min nəfərədək əhali yaşayırdı. Mayın 8-nə keçən gecə erməni silahlı birləşmələri Şuşa şəhərinin işğalı ilə bağlı əməliyyat keçirdilər. Şəhərin intensiv artilleriya zərbələrinə tutulması səhər saat 6-dək davam etdi, bundan sonra düşmənin 1000-ə yaxın əsgəri üç tərəfdən Şuşaya hücuma keçdi. Həmin gün cərrahiyyə əməliyyatından çıxmış 82 nəfər yaralını, 20 ölünü şəhərdən çıxarda bildik. Şuşadan ən son çıxanlardan biri kimi tibbi rota-hospital olaraq Turşu ərazisində may ayının 15-nə qədər fəaliyyətimizi davam etdiridik. Laçın da işğal olunduqdan sonra həkim briqadamızla birlikdə Ağcabədi rayonunda, 1 saylı məktəbin binasında döyüş zonasından gələn yaralıların həyata qaytarmaq, onları ordumuza yenidən qazandırmaq üçün əlimizdən gələni əsirgəmirdik.

- 1993-cü ildə Bakıya gəldiniz...

- Şuşalıların demək olar ki, çoxu Bakıda məskunlaşıb. Şuşa Mərkəzi Rayon Xəstəxanasının poliklinika hissəsi Malıbəyli kənd Həkim tibb məntəqəsi -hal- hazırda Bakı şəhəri Ramana 450 qəsəbəsində yerləşir.Şuşa rayon Quşçular kənd Həkim tibb məntəqəsi- Bakı şəhəri Pirşağı qəsəbəsində Gilavar sanatoriyasında yerləşir.Şuşa rayon Xanalılar kənd Həkim tibb məntəqəsi və Allahqullar kənd tibb
məntəqəsi - Ağdam rayonu ərazisində Mirzələr qış yataqlarında yerləşir. Şuşanın tibb müəssisələrində 152 nəfər çalışır. Onlardan 47 nəfəri həkim, 75 nəfəri isə orta tibb işçiləridir.Şuşa Mərkəzi Rayon Xəstəxanası 1993-cü ildən Bakı şəhəri, Ə.Əhmədov (keçmiş Talıblı küç.) küçəsi 26 ünvanında yerləşir.Əvvəllər təmirsiz zirzəmidən ibarət olan bu yer indi dövlətimizin qayğısı, Şuşa rayon icra hakimiyyətinin, şəxsən Bayram Səfərovun köməkliyi sayəsində həm yüksək səviyyədə təmir edilib , həm də tibbi avadanlıqlarla təhciz olunub.

-Ramiq həkim, indidə 25 ildi içinizdə, beyninizdə. gözlərinizdə. yuxularınızda yaşatdığınız Şuşadan danışın...məsələn, Şuşaya getsəniz, İlk olaraq haranı ziyarət edərsiniz?

-O vaxt mərhum prezidentimiz Heydər Əliyev Kəbəni ziyarət edərkən, namaz qılmaq istəyib və şeyxülislama qiblənin harda olduğunu soruşub. Oda bildirib ki, cənab prezident, bura Kəbədir. Siz harda durursunuzsa, ora elə qiblədir. Şuşada mənim üçün Kəbədir. Hansı tərəfinə ayaq bassam elə orada qibləgahımdı. Şuşanı yalnız şeir, muğam, mahnı beşiyi kimi tanımaq çox azdır. Şuşanın ab-havası, iqlimi tamam bambaşqadır. Vaxtilə onun adını dünyanın ən məşhur sağlamlıq məkanları ilə bir sırada çəkərdilər. Şuşa dağlarının məğrurluğu, gül-çiçəyinin ətri, quşlarının nəğməsi, bulaqlarının zümzüməsi, şəlalələrinin şırıtlısı o qədər qeyri-adidir ki, onu olduğu kimi yaratmaq çox çətindir. Firudin bəy Köçərli yazırdı: "Şuşanın ab-havası saf və salamat olmağa görə yaylaq mənziləsindədir. Şuşa şəhərinin ab-havasının təsirindən və torpağının bərəkətindən burada çox zürəfa, üdəba və şüəra vücuda gəlib". Loğman şəhəri idi Şuşa. Dərmansız, iynəsiz insanları müalicə edirdi, həyata qaytarırdı. Sovetlər dövründə dava-dərman təsir etməyən xəstələrə deyərdilər ki: "Get bir neçə gün Şuşada qal. Qoy Qarabağın havası səni sağaltsın". Neçə-neçə yaşlı insandan bu etirafı eşitmişik: "İndiyə kimi Şuşanın hesabına yaşayıram". Amma ümidsizdə deyiləm. Dağlıq Qarabağa olan böyük diqqətin, münasibətin əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş və bu gün də möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən ləyaqətlə davam etdirilir. Azərbaycan xalqı ümummilli lider Heydər Əliyevin siyasi xəttinə, onun layiqli davamçısı möhtərəm Prezidentimiz İlham Əliyevə inanır. Düşmən işğalı altında olan torpaqlarımız əsası yalnız ulu öndər tərəfindən qoyulmuş strategiya sayəsində azad ediləcək.

-Maraqlı müsahibəyə görə təşəkkür edirik!

Əntiqə RƏŞİD

15:09