Litvalı jurnalist: 20 Yanvar hadisələrindən əvvəl heç bir sovet şəhəri belə qəddarlıq görməmişdi

Hər dəfə Azərbaycana səfər edərkən mən, ilk növbədə, 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə həlak olanların xatirəsini yad edirəm. Şəhidlər xiyabanında bir çox məzarın üstündə eyni ölüm tarixi yazılıb. Otuz üç il keçməsinə baxmayaraq, azərbaycanlıların ağrısı hələ də davam edir və bu yara heç vaxt sağalmayacaq.

Bu fikirləri AZƏRTAC-a müsahibəsində tanınmış litvalı ekspert, hərbi jurnalist, Birinci Qarabağ müharibəsinin iştirakçısı Riçardas Lapaytis deyib.

“Bakıya sovet qoşunlarının gətirildiyi 1990-cı il yanvarın 20-nə qədər biz SSRİ tarixində hələ heç vaxt eşitməmişdik ki, hava hücum briqadaları, elit hava qüvvələri, motoatıcı alay dinc şəhərə hücum etsin. Sovet ordusunun on minlərlə hərbi qulluqçusu Bakıya müxtəlif istiqamətlərdən daxil olaraq, şəhərdə dəhşətli vəhşiliklər törətməyə başladılar. Onların cinayətləri dinc sakinlərə qarşı yönəlmişdi. Hərbi əməliyyat nəticəsində müxtəlif məlumatlara görə 150 dinc vətəndaş qətlə yetirildi. Bəs onlar necə həlak oldular? Ondan əvvəl belə qəddarlığı o vaxtın heç bir sovet şəhəri görməmişdi! Tanklar tırtılları ilə təcili yardım maşınlarını, ümumiyyətlə, hərəkət edən istənilən nəqliyyat vasitəsini əzirdilər, Bakı sakinlərinin evlərinin pəncərələrinə atəş açır, süngülərlə insanları öldürürdülər…”, - deyə Riçardas Lapaytis xatırlayır.

Onun sözlərinə görə, cəsarətlə demək olar ki, 20 Yanvar Sovet İttifaqının dağılmasının başlanğıcı oldu. SSRİ Azərbaycanı - İkinci Dünya müharibəsi dövründən bəri ən vacib müttəfiqini itirdi. Azərbaycan xalqı qətiyyətlə azadlıq və müstəqillik yoluna qədəm qoymaq qərarına gəldi. O zaman heç bir ultimatum Azərbaycan xalqının iradəsinə təsir edə bilməzdi. 1990-cı il yanvarın 20-si azərbaycanlıların birləşməsi və həmrəyliyi günü hesab oluna bilər.

Bu hadisələrin Qarabağdakı proseslər fonunda baş verdiyini xatırladan Lapaytis o dövrü Azərbaycanın tarixində “qara səhifə” kimi xarakterizə edib.

Litvalı ekspert vurğulayıb: “O vaxt təkcə yanvar qara deyildi. Bu, Azərbaycanın tarixində ardıcıl hadisələrin qara zolağı idi. O vaxta qədər Ermənistandan 200 min azərbaycanlı artıq qovulmuşdu. Hər kəs açıq-aydın dərk edirdi ki, bu namərd akt SSRİ-nin digər xalqlarına nümunə olması üçün Azərbaycan xalqının azadlıq və ədalət əzmini qırmaq üçün Mixail Qorbaçov başda olmaqla, ovaxtkı fərsiz sovet rəhbərliyi tərəfindən törədilib. Bir ildən sonra - 1991-ci il yanvarın 13-də əhaliyə qarşı bu cür qəddarlıq və zorakılıq aksiyası Vilnüs küçələrində təkrarlandı. Bütün Litva çox gözəl başa düşürdü ki, Azərbaycan xalqı tərəfindən başlanılmış proses iz qoymadan keçməzdi. Vilnüs küçələrində Azərbaycan bayraqları dalğalanırdı. Biz bir idik. İnanıram ki, belə də qalmışıq”, - deyə.

Faciənin hüquqi qiymətləndirilməsindən danışan hərbi jurnalist qeyd edib: “Təəssüf ki, bir çox xarici siyasətçilər bunu Sovet İttifaqının daxili işi hesab edirdilər. Moskva sovet ordusunun qəddarlığına bəraət qazandırmağa çalışaraq, onun qoşunlarının guya Bakı və Sumqayıtda ermənilərə köməyə gəldiyi ilə bağlı yalan məlumatlar yayırdı. Əfsuslar olsun ki, beynəlxalq təşkilatlarda cəsarətin olmaması və avropalı siyasətçilərdə siyasi iradənin çatışmazlığı səbəbindən Litvada və Azərbaycanda cinayət törətmiş şəxslər hələ də cəzalandırılmayıb. Xüsusilə 20 Yanvar hadisələrinin əsas baiskarları - Qorbaçov və Yazov kimilər cəzasız qaldılar. Azərbaycan xalqına, bütün Azərbaycana vahid və bir olmağı arzulayıram. Bu keyfiyyətlər İkinci Qarabağ müharibəsi zamanı özünü açıq şəkildə göstərdi. Qoy ölkəniz inkişaf etsin və Qanlı Yanvar kimi dəhşətli faciə bir daha heç vaxt təkrar olunmasın! Qanlı Yanvar şəhidləri “azadlıq” sözünü Azərbaycan tarixinə öz qanları ilə yazıblar. Azadlıq Azərbaycan xalqının inamında və qanındadır”.

Xudaferin.eu

14:25