Litva parlamentinin nümayəndə heyəti Şəhidlər xiyabanını ziyarət edib

Azərbaycan Respublikasında səfərdə olan Litva Respublikası Seyminin Litva-Azərbaycan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun sədri Kazis Starkeviçyusun başçılıq etdiyi nümayəndə heyəti iyulun 14-də Şəhidlər xiyabanını ziyarət edib.

​Xudaferin.eu AZƏRTAC-a istinadən xəbər verir ki, Litva parlamentinin nümayəndə heyətinin üzvləri Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının məzarlarını ziyarət edərək üzərinə tər çiçəklər düzüb, “Əbədi məşəl” abidəsinin önünə gül qoyublar.

Sonra Bakının ən hündür nöqtəsindən paytaxtımızın mənzərəsini seyr edən litvalı parlamentarilərə Şəhidlər xiyabanının tarixi və şəhərimizdə görülən abadlıq-quruculuq işləri barədə məlumat verilib.

Ziyarət zamanı Litva parlamentinin nümayəndə heyətini Milli Məclisin Azərbaycan-Litva parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Nəsib Məhəməliyev və ölkəmizin Litvadakı səfiri Tamerlan Qarayev müşayiət ediblər.

Xudaferin.eu


 

16:33