“Lavrovun bəyanatı Azərbaycanın suverenliyinə açıq hörmətsizlikdir”

Azərbaycan Demokrat Partiyası (ADP) İdarə Heyətinin növbəti iclası keçirilib. İclasda ölkədə və dünyada ötən həftə baş verən mühüm ictimai-siyasi hadisələrə dair fikir mübadiləsi edilib. İlk növbədə Rusiya Federasiyası xarici işlər naziri S.Lavrovun “Dağlıq Qarabağ Azərbaycanın daxili işi deyil” bəyanatına münasibət bildirən İdarə Heyəti müvafiq bəyanat qəbul edib. Bəyanatda deyilir:

“Rusiya xarici işlər naziri S.Lavrovun məlum bəyanatı beynəlxalq hüquqa, Azərbaycanın suverenliyi və müstəqilliyinə açıq hörmətsizlikdir və ATƏT-in Minsk Qrupunun həmsədri mandatı ilə tam ziddiyyət təşkil edir. Təəsüf ki, buna qədər də ATƏT-in Mənsk qrupunun həmsədri olan ölkələr, o cümlədən Rusiya Federasiyasının rəhbərliyi dəfələrlə işğala məruz qalan ölkə olaraq Azərbaycanın əleyhinə bəyanatlar səsləndirmiş, işğalçı Ermənistanı bu və ya digər şəkildə müdafiə edən açıqlamalar vermişlər. Xüsusilə də Rusiyanın Ermənistana böyük miqdarda birtərəfli hərbi yardımlar etməsi, bu ölkəni strateji silahlarla təmin etməsi onu deməyə əsas verir ki, S.Lavrovun bəyanatı heç də təsadüfi yanlışlıq deyil, düşünülmüş bir siyasətin etirafıdır və bu ölkə rəhbərliyinin Azərbaycana dostluq, qardaşlıq mesajları qeyri səmimidir.
ADP S.Lavrovun məlum bəyanatını qətiyyətlə pisləyir, Azərbaycanın öz ərazilərini işğaldan azad etməsi ölkənin daxili işi olduğunu bir daha bildirir və ölkəmizin suverenliyinə qarşı hörmətsizlik etdiyinə görə Rusiya xarici işlər nazirinin Azərbaycan xalqından üzr istəməsini tələb edir. ADP həmçinin Azərbaycan hakimiyyətinin məlum bəyanata susqun münasibətinin anlaşılmaz olduğunu qeyd edib və ərazilərimizin işğaldan azad edilməsinin dövlətimizin suveren hüququ olmasının bir daha bəyan edilməsi, habelə Rusiya dövlətinə S.Lavrovun bəyanatı ilə əlaqədar kəskin etiraz bilidirilməsinin vacibliyi diqqətə çatdırılıb.”
İclasda minimum əmək haqqının və yaşayış minimumunun artırılmasına münasibət bildirilib. Qeyd edilib ki, artım real vəziyyətə qətiyyən uyğun deyil, ölkədə gəlirlərin inflyasiyaya uyğun olaraq real indeksasiyası həyata keçirilməli və minimum əmək haqqının orta aylıq əmək haqqının 60%-nə çatdırılması təmin edilməlidir.
İdarə Heyətində uşaqlara dövlət qayğısı və onların qorunması sahəsində də ölkədə vəziyyətin qeyri qənaətbəxş olmasına diqqət yönəldilib. Belə ki, uşaqlara yüksək sosial müavinət verilməsi, çox uşaqlı ailələrin geniş təminat sistemi ilə əhatələnməsi, uşaq qidaları və digər zəruri yaşayış vasitələrinə əlçatanlılığın yaradılması məsələlərində ən azı qardaş Türkiyədəki sistemin örnək götürülərək bu sahədə təcili tədbirlərin həyata keçirilməsinin zəruriliyi qeyd edilib. İclasda həmçinin bir sıra digər msələlər də müzakirə edilib.

Xudaferin.eu

12:01