Laçın yolunda nəzarət-buraxılış məntəqəsinin fəaliyyətə başlaması tarixi hadisədir

Hər bir müstəqil ölkənin öz suveren ərazilərinə nəzarət etməsi üçün sərhəd-buraxılış məntəqəsinin olması zəruri hallardandır. O cümlədən Azərbaycanın da beynəlxalq səviyyədə tanınmış ərazilərini qoruması və qonşu respublikalarla sərhəddə nəzarət xidmətini yaratması beynəlxalq sənədlərə görə suveren hüququdur. Aprelin 23-də Həkəri çayı üzərindəki körpüdə Ermənistanla şərti sərhəddə nəzarət-buraxılış məntəqəsinin fəaliyyətə başlanması tarixi hadisədir və 30 illik istəyimizin reallaşmasıdır. Bu xidmət məntəqəsi artıq qurulub və girişdə “Siz Azərbaycan Respublikasının ərazisinə daxil olursunuz” yazısı da yazılıb.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Azər Badamov söyləyib.

“Laçın yolunun başlanğıcındakı sərhəd xidməti qısa bir müddət ərzində çox yüksək səviyyədə qurulub. Belə ki, burada sərhəd-keçid nəzarətinin həyata keçirilməsi üçün bütün infrastruktur və şərait yaradılıb. Artıq bu keçiddən Qarabağda yaşayan etnik ermənilərin keçdiyini də müşahidə edirik. Sərhədi keçən ermənilərə yüksək mədəniyyət və nəzakətlə yanaşılır, sənəd yoxlanışından keçilməsi üçün onlara sərhədçi-nəzarət kabinəsinə yaxınlaşmağı xahiş olunur, sonra da avtomobillərin yük hissəsinə baxış həyata keçirilir. Bu, sərhədçilərimizin yüksək peşəkarlığının göstəricisidir. Hesab edirəm ki, sərhədi keçən ermənilərin sənədlərinə ərazilərimizə giriş-çıxışla bağlı möhür də vurulacaq. Çünki Qarabağda yaşayan ermənilər Azərbaycan ərazisinə daxil olduğunu hiss etməlidirlər və bunun məsuliyyətini daşımalıdırlar. Təbii ki, belə nəzarəti dünyanın əksər ölkəsi öz sərhədində tətbiq edir”, - deyə A.Badamov vurğulayıb.

Deputat qeyd edib ki, Laçın-Xankəndi yolunda sərhəd məntəqəsi qurulaması nəticəsində yolun bağlanması barədə Ermənistanın yaydığı xəbərlər tamamilə yalandır və həqiqəti əks etdirmir. Ermənilər bu kimi dezinformasiyalarla öz yalanlarını dünya ictimaiyyətinə çatdırmaqda davam edirlər. Amma artıq beynəlxalq ictimaiyyət də erməni yalanlarından yorulub. Bu yalanlara reaksiya verənlər isə ancaq onların “bacı-qardaşları” və erməni lobbisinin pulla ələ aldıqları şəxslərdir. Sərhəd xidmətinin nəzarətə başladığı zamandan bəri həmin yoldan keçən mülki erməni avtomobillərinin və sakinlərinin sayının artması bir daha yolun humanitar məqsədlər üçün açıq olduğunu göstərir. Laçın yolunun başlanğıcında postun qurulması Ermənistandan Qarabağa silah-sursat daşınmasının, hərbçilərin rotasiyasının aparılmasının qarşısını aldı. Bundan sonra Ermənistandan Azərbaycana qeyri-qanuni və təhlükə törədəcək heç nəyin aparılmasına imkan verilməyəcək.

“Azərbaycan Qarabağda yaşayan ermənilərin Ermənistana və əks istiqamətdə maneəsiz keçidini təmin edir. 2020-ci il 10 noyabr tarixli üçtərəfli Bəyanata əsasən eyni hüquqa Naxçıvanda yaşayan azərbaycanlılar da malikdirlər. Biz çox ciddi şəkildə Naxçıvanda yaşayan azərbaycanlıların Zəngəzurdan maneəsiz keçidini tələb etməliyik, çünki razılaşmaların icrası qarşılıqlı olmalıdır. Azərbaycanın gələcəyə dair baxışları içərisində qonşu ölkələrlə sülh və əməkdaşlıq mühitində yaşamaq məsələləri də yer alır. Amma bununla yanaşı, heç bir qonşumuzun da daxili işlərimizə qarışmasına və birtərəfli şəkildə üstünlük əldə etməsinə imkan verilməməlidir.

Xudaferin.eu

16:50