Laçın-Xankəndi yolundakı aksiya Azərbaycan vətəndaş cəmiyyətinin inkişafını göstərir RƏY

Son hadisələr, dekabrın 12-dən etibarən başlayan etiraz aksiyası Azərbaycanın qeyri-hökumət təşkilatlarının dövlətin və xalqın yanında olduqlarını nümayiş etdirir. Bu aksiya zamanı, həmçinin zamanda QHT-lər milli məsələlərdə təşəbbüsü ələ alaraq, flaqman rolunu öz üzərilərinə götürmək qabiliyyətini də sərgilədilər.

Bunu AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Vüqar İskəndərov deyib.

Deputat qeyd edib ki, ölkəmizin ərazilərindən müvəqqəti yerləşdirilmiş Rusiya sülhməramlılarının nəzarəti altında olan Azərbaycan torpaqlarında erməni cinayətkarlar tərəfindən ekoloji terrorun törədilməsinə, həmçinin təbii sərvətlərimizin qanunsuz istismarına etiraz edən vətəndaş cəmiyyəti nümayəndələri və media təmsilçiləri artıq doqquz gündür ki, Laçın-Xankəndi yolunda dinc aksiya keçirirlər. Bu aksiya bir sıra məqamlarla fərqlənir. Əvvəla, bu aksiya Azərbaycanda vətəndaş cəmiyyətinin inkişaf etdiyini və yüksək fəallığını göstərdi. Dövlət və xalq üçün lazım olan anda vətəndaş cəmiyyəti bir yumruq kimi birləşə, milli maraqlarımızın müdafiəsinə qalxmağı bacara bildiyini ortaya qoydu.

Deputat deyib ki, digər tərəfdən bu dinc aksiya Azərbaycanda vətəndaş cəmiyyəti təşkilatlarının sülhsevər, insanlığa xidmət edən təşkilatlar olması gerçəkliyini üzə çıxardı. “Qeyd etməliyəm ki, vətəndaş cəmiyyəti təşkilatlarının, QHT-lərin bu uğurda pay sahibi olması təsadüfi deyil. Bu, ilk növbədə, ölkəmizdə QHT sektorunda aparılan islahatların nəticəsidir. Aparılan bu islahatlar, vətəndaş cəmiyyətinin inkişafı üçün ardıcıl dövlət dəstəyinin olması, o cümlədən son illərdə QHT sektorunda qrant siyasətində şəffaflığın təmin edilməsinin nəticəsidir ki, bu gün qeyri-hökumət təşkilatları ölkəmizdə milli əhəmiyyətli məsələlərdə vacib rol oynamaqdadırlar. Yəni, artıq bütün dünyaya səs salan, o cümlədən Azərbaycan xalqının milli məsələlərdə dönməzliyini bir daha sübuta yetirən bu aksiya ölkəmizdə vətəndaş cəmiyyəti ilə dövlət arasında əməkdaşlığın və dialoqun hədər getmədiyinin əyani təzahürüdür”, - deyə deputat əlavə edib.

Xudaferin.eu

16:04