“Əl-Qaidə” Qüds məsələsinə görə ABŞ-ı hədələyib

Qüdsün Donald Tramp administrasiyası tərəfindən İsrailin paytaxtı hesab edilməsindən sonra “Əl-Qaidə” təşkilatı Vaşinqtonu və Təl-Əvivi terror aktları ilə hədələyib.

Xudaferin.eu Interfax informasiya agentliyinə istinadla xəbər verir ki, təşkilat ABŞ-ın, İsrailin və onların müttəfiqlərinin obyektlərinə zərbə vuracağını bildirib.

Eyni zamanda, İslam ölkələrinin rəhbərləri Amerika Prezidentinin qərarını sərt tənqid ediblər. Həmçinin Avropa İttifaqının mərkəzi aparatı, Roma Papası, Avropa ölkələrinin liderləri də Trampın bu addımına qarşı çıxıb, regionda gərginliyin artmasından narahatlıq ifadə ediblər. Artıq Fələstində iğtişaşlar başlayıb və İsrail polisi ilə etirazçılar arasında qarşıdurmalar yaşanır.

Xatırladaq ki, ABŞ Prezident Donald Tramp dekabrın 6-da Qüdsün İsrail paytaxtı sayılması və ABŞ səfirliyinin Təl-Əvivdən bu şəhərə köçürülməsi barədə qərar imzalayıb. Dünya ictimaiyyəti isə Qüds şəhəri üzərində İsrailin suverenliyini tanımır və onun statusunu Yaxın Şərq münaqişəsinin ən başlıca problemi hesab edir.

Xudaferin.eu

20:17