“Əl-Cəzirə”: Azərbaycan Fransanın qeyri-konstruktiv mövqeyindən narazıdır

Qətərin nüfuzlu “Əl-Cəzirə” telekanalı Azərbaycanın lokal xarakterli antiterror tədbirlərindən sonra Cənubi Qafqazda təhlükəsizliyin bərqərar olması, xüsusən Ermənistanla münasibətlərin normallaşması istiqamətində göstərdiyi səylərin fonunda Fransanın Ermənistanla hərbi əməkdaşlıq təklifinin regional sabitliyə və sülh prosesinə xələl gətirməsi barədə reportaj yayımlayıb.

Xudaferin.eu AZƏRTAC-a istinadən  xəbər verir ki, reportajda Fransanın xarici işlər naziri Katrin Kolonnanın İrəvana səfəri zamanı verdiyi bəyanatlar bu kontekstdə təhlil olunub. Qeyd olunub ki, İspaniyanın Qranada şəhərində keçiriləcək mühüm tədbir ərəfəsində rəsmi Parisin birtərəfli mövqeyi Azərbaycan tərəfinin böyük etirazına səbəb olub. Rəsmi Bakı Fransanın destruktiv hərəkətləri, eyni zamanda, Paris və Berlinin Türkiyənin beştərəfli görüşdə iştirakı ilə əlaqədar mövqeyi ilə bağlı həmin tədbir çərçivəsində danışıqlar aparmaqdan imtina edib.

Telekanalın “Azərbaycan Fransanın Ermənistanı silahlandırmaq cəhdlərini rədd edir” adlı başqa reportajında Bakıdan canlı yayımla efirə qoşulan müxbir Azərbaycan XİN-in Fransanın destruktiv mövqeyi ilə bağlı şərhini təqdim edib. Tamaşaçıların diqqətinə çatdırılıb ki, rəsmi Bakı Fransanın xarici işlər naziri Katrin Kolonnanın Ermənistana səfəri çərçivəsində mətbuat konfransı zamanı Azərbaycana qarşı səsləndirdiyi əsassız iddiaları qətiyyətlə pisləyib və rədd edib. Azərbaycanın xarici siyasət idarəsi bildirib ki, Fransanın Ermənistanı hər vəchlə silahlandırmağa çalışması, onu yenidən təcavüzə və hərbi avantüraya cəlb etməsi qəbuledilməzdir. Fransanın bölgəmizə tarixən müdaxilə etmə cəhdləri kimi, bu səylərin də uğursuzluğa düçar olacağı rəsmi Parisə aydın olmalıdır.

Reportajda qeyd edilib ki, Fransanın bu addımları onun son 30 ilə yaxın dövrdə səsləndirdiyi bitərəf və neytral vasitəçi iddialarının tamamilə əsassız olduğunu növbəti dəfə sübut edib. Azərbaycanın həyata keçirdiyi antiterror tədbirlərinin dinc erməni sakinlərə qarşı heç bir təhdid təşkil etmədiyinin həm beynəlxalq təşkilatlar, həm də Ermənistanın baş naziri tərəfindən bəyan edilməsinə baxmayaraq, Fransa nazirinin Azərbaycanın öz suveren ərazilərində atdığı legitim addımı cinayət adlandırması saxtakarlıq olmaqla yanaşı, Parisin bölgədəki səriştəsiz siyasətini iflasa apardığını nümayiş etdirir.

Xudaferin.eu

 

15:50