Kərim Məşrutəçi Sönməzin “İsanın son şamı” əsəri üzərində düşünərkən

Miyanada amansız ehtiyac düyününü açmaq uçun butun ümid qapıları üzünə bağlanmış, neyləyim?! Dərdi bir yük olaraq, ürəyinə ağırlıq edən bədbəxt qoca bir stəkan şəraba görə onu öz günahını "cinayət" əməlitək ittiham edənlər bunun ictimai səbəblərini araşdırmadan, şallaq  zərbəsinə məhkum edilir. Vurulan zərbələrdən qocanın naləsi ucalır. Bu səhnəni tamaşa etməkdə olan kiçik yaşli oğlu tab gətirməyib özünü atasının üstünə atır. Şallaq vuran oğulu da ataya qatır. Bu hadisədən mütəəssir olan şair yaz buludu kimi dolur. Vicdanları toz basmış ədalətsiz hakimləri ayıltmaq üçün "İsanin son şamı" poemasını yaradir.

Doğrudan da islam deyib:
"Hər müsəlman istənilən anda
Hər məkanda, hər nə üçün
Hər nə qədər çaxır içsə,
Gərək bu cür cəzalansin?!.
Deyə, heyrətə dalır.

Başqa bir yerdə:

Bu gün dünya
məhəbbətlə
ən yırtıcı heyvanların
mahiyyətin dəyişdirir,
insanlarla qonuşdurur.
Sənsə insanı tapdalamaqla ?!.

deyə öz nifrətini bildirir. İctimai və bəşəri münasibətlərin yolunu düzgün işıqlandırmaq üçün İtaliyanin dünya şöhrətli rəssamı Leonardo Da Vinçinin adına uydurulmuş bir olayı qələmə alır:
Cumub xəyal dəryasına,
İstəyirdi bir tablo çəksin.
Bir tablo kı,
Rəssam özü dediyi tək:
"İsanın son şamı"
Adlanmışdı .

O tablonu görmüş olsan ,
Bir səhnədir: həvarilər,
İsanın sağ- solunda,
Ehtiramla əyləşirkən,
Sonuncu şamı yeyirlər.

Həvarilər cərgəsindən,
Yəhuda adlı bir sirdaş
Xain çıxıb.
İsanın gizləndiyi yeri
Onu sevməyənlərə satacaq,
Haqq ordusu basılmışdı.
Beləliklə bir sirdaşın xəyanəti nəticəsində İsa həmin gecə tutulub dar ağacına çəkilir.

Böyük rəssam sevirdi ki,
Yaradıcı fırçası ilə
Qaranlığı işıqla
Üzləşdirib tutşdursun.

Bunun üçün sənətkara iki nəfərin naturadan portretini çəkmək lazım idi. Onlardan biri İsanın dərin mənalı və məsum baxışlarını, vüqarını və əzəmətini canlandıramalı idi.  Bu portreti hər görən ilk baxışdaca onu İsaya oxşatmalı idi. Beləliklə böyük rəssam axtarışa başlayır. Çox gəzib dolandıqdan sonra bir cavana rast gəlir.

O cavanın baxışında,
Gözlərinin işığında,
Nə görürsə, incə ruhu
Dalğalanıb,
Bir qaynayan bulaq kimi ,
Daşır könlü.

Həmin cavanı naturadan işləməklə İsanın portretini yaratmağa çalışır.

Rəssam ondan ilham alır,
İsanın yaraşığını,
Gülər üzünü, məsum baxışını
Tabloda canladırır.
Duyğularını rəngə qatır,
Fırçası ilə istədiyini yaradır .

Möcüzələr yaradan firşasının gücüilə həvvarilərin hamısının təsvirlərini də çəkib qurtarır. Təkcə Yəhudanın porterini çəkmək qalır. Sənətkar yenə də natura əsasında bu obrazı çəkmək üçün axtarışlara başlayır.

Bir natura ki, Yəhudanın,
Xainliyinı, yaltaqlığını,
Qəddarlığını, alçaqlığını
Tam çılpaqlığı ilə əks etdirsin.
Bir natura ki, rəssam onu görcək
Ürəyində nifrət doğsun.
Üzdə yoldaş, dalda düşmən,
Yoldaşının ağzın öpüb,
Arxadan dönüb xəncər vursun.

Belə bir naturaya tay ola biləcək şəxsi axtarmağa başlayır. Günlər aya, aylar isə ilə dönür. Ancaq, sənətkar belə bir naturanı tapa bilmir:

Rəssamın da ömrü keçir,
Dişi tökülür, başı ağarır,
Beli bükülür, əli titrəyir.
Bir gün istəyir tablonu satsın,
Heç yüz altun da vermirlər ona.

Tablo nə qədər nəfis olsa da, yarımçıq olduğu üçün onu alan olmur. Üstünü qat - qat toz basır. Bunun üstündən 35, bəlkə də 40 il keçir. Nəhayət rəssam:

Öz özünü danlayaraq ,
Xatırlayır el sözünü:
"Ya bir işə əl qoymayaq,
Əl qoyulsa, bitsin gərək".
Rəssamda bir qeyrət coşur.

Qəti bir iradəylə Yəhudanın prototipini tapmaq içun yola duşur. Çox gəzdikdən sonra, gəlib bir yol ayrıcına çatır. Əzgin, yorğun bir halda. Axar çay kənarında, bir ağacın kölgəsində əyləşir. Sufrəsini açıb nahar yeməyə başlayır. Dərin xəyala daldığı bir zaman, çiyininə toxunan bir əldən diskinib geri döndükdə illər uzunu axtardığı adamı başının üstündə görür. Sevindiyindən bilmir neyləsin. İxtiyarsız yerindən duraraq “buyurun əyləşin”, deyə onu süfrəyə dəvət edir.

Əvvəl onu tutqun görür,

Uşaq kimi dilə tutur,
Mehribanlıqla danışdırır.
Söylə kimsən, adın nədir?
Bir de görüm haralısan?

Söylə nədən üzgün üzün ?
O dağınıq saç saqqalın,
Aylarla su görməyib.
Alnın nədən közmələnib ?
Görünür ki, yaralısan.

Mehriban bir ata dililə yolçunun ürəyini ələ alıb, onu süfrə başında oturtdu. Sən demə yolçu qarnını yasdan çıxartmaq uçun vurnuxurmuş. Acgözlülüklə süfrəyə döşəndi. Naharını yeyə- yeyə rəssamın suallarına cavab verməyə başladı:

Kimliyimi xəbər alsan,
Mən bir polad, iti kəskin,
Zəhərlə suvarılmış,
Qılıncam ki, ömrüm boyu
Çox bellərə bağlanmışam .

Hüviyyətim hər nədirsə
Ancaq ki, mən min bir yolda
Vuruşmada, döyüşmədə,
Qan tökmədə, can almaqda
Bir qəhrəman adlanmışam .

O, bu sözləri özünə məxsus bir ahəng və qürurla deyırdı. Rəssam onun qılığına girərək istədiyi qədər pul vəd etməklə, axtardığı        naturaya uyğun olan bu şəxsi razı salaraq.özü ilə şəhərə gətirir. Emalatxanasında onun portretini çəkməyə başlayır. Yəhudanın simasını firçadan keçirdikcə, yolçu darıxmasın deyə ondan öz həyat sərgüzəştlərini söyləməyi xahiş edir. Elə bil yolçu qardaş dolmuş ürəyini boşaltmağa bir bəhanə axtarırmış. O, həyatında olub keçənlərdən, soyduğu karvanlardan, tökdüyü günahsız nahaq qanlardan, dəfələrlə qazamat bucaqlarını söküb qaçmağından, əl çatmaz qalaları aşmağından, dəmir qapıları açmağından, çirkin əməllərindən danışmağa başlayır :

Vicdan nədir, sorma məndən,
Bu mübhəm söz
Az çox mənə tanışdırsa,
O da yalnız,
Mərhəmətlər mənasında
Qalıb mənim qulağımda.

Şərəf nədir, namus nədir,
Baxışlarımda aydın deyil.
Lakin, ona and içmişəm,
Başdan keçib əsrarımı
Bir kimsəyə qandırmayım.

And içmişəm şərəfimə,
Namusuma, qeyrətimə.
Oğrularla, qatillərlə
Bağladığım peymanımı
Ömrüm boyu sındırmayam !

Yolçu öz qorxunc cinayətlərindən danışdıqca, qoca rəssam alınır, haldan hala düşürdü. Bir insan oğlunun ürəyində rəhm, mürvət və vicdanın necə silindiyinə, yırtıcı bir heyvana döndüyünə təəccüb edirdi. Ürəyində ona qarşı nifrət, həm də qayğı hiss edirdi. Ancaq, heç bir şeyə bağlı olmayan, heç bir şeyə inanmayan belə bir adamın bağladığı peymana sadiq qalmağı onda heyrət doğururdu.

Qaranlıqla  işıqlığın
Tərkibindən anlaşılan
Duyğu kimi,
Rəssam onu dinləyərkən,
Ürəyində,
Həm qayğı, həm nifrət doğur.

Nə uçun bir insan oğlu insanlığını unudur?...deyə, fikir onu götürmüşdü.

O, kişiyə baxa- baxa,
Nədənsə göz yaşları
Parıldayan muncuq kimi
Onun dümağ saqqalından
Fır- fır axıb damlayırdı.

Dəhşətli bir hayat keçirmiş yolçunun halı sənətkarın həsas qəlbini titrədir. Bəşəri duyğuları onun ürəyini yumşaldır. İxtiyarsız olaraq, göz yaşları axmağa başlayır.

Da Vinçinin
Şəfqətli baxışları
Elə bil ki,
Dərman dolu ampul kimi,
Sancılırdı o yazığın
Ürəyinin üstünə.

Beləliklə qoca rəssam
Ömru boyu sevgiyə susuz qalan
O, bədbəxtin məhəbətlə
Mərhəm qoyur ürəyinin
Sağalmayan yarasına.

Sönməz sadə və gözəl təsvirlərlə qoca rəssamın məhəbbət dolu paklığını və şəfqətli baxışlarını o yolunu azmış qaban təbiətli adamda buraxdığı təssüratı qələmə almaqla, onun keçirdiyi pak, uşaqlıq və cavanlıq günlərini yadına salır. Qoca yolçunun sinəsindəki kobud ahəng dəyişir. Sanki bayaqdan öz cinayətkar əməllərindən şişə- şişə tərif edən adam deyildi. Görünüşündə bir məsumluq, yazıqlıq qığılcımları alovlanaraq o  həsrətli keçmiş günlərini yada salır:

Varlığımı qanan zaman
Atam öldü, belim sındı.
Qonşuların məhəbbəti
Bir quru boş başsağlığı,
Başqa bir şey görəmmədim.

Hər kimsədən iş istədim,
Baş tərpədib, "yox !" dedilər.
Nə dövlətdən, nə millətdən
Bir kəs mənə iş vermədi,
Dolandırım öz başımı.

Başqa yerdə:

Varlığıma haray çəkdim,
Ay doğruçu yalançılar,
Ay Tanrını aldadanlar,
Ölən öldü, keçən keçdi,
Diriyə də bir gün ağlayın !...

Başsız qalmış, pak ürəkli bir cavanın harayına çatan olmur. Həyat fırtınaları onu amansızcasına şapalaqlayıb gicəldir.

Yolun azmış bir karvandan
Ayrı qalan, itgin düşən,
Qaranlıqda yol arayan, düzün desəm,
Rəhmisizcə azdırılan bir yolçuyam.

Başqa yerdə:

Böylə səfil günlərimdə
Namus, şərəf oğruları
Aldadıcı vədələrlə
Yolum üstə tələ qurub
Bir gün məni ovladılar.

Yenə başqa bir yerdə:

Sel gələndə birdən gələr,
Mən də birdən çulğalandım,
Xəyanətə, azğınlığa.
Birdən-birə tapşırıldım,
Cinayətkar yoldaşlara .

Yolunu azmış, avara sərgərdan cavan çox çalışır ki, atası kimi öz əlinin zəhməti ilə, şərəflə yaşasın. Lakin qapılar üzünə bağlı olur. Hər yerdən əli üzüldüyünü gördükcə, bədbinliyə tutulur. Yaşayışından bezir də. Belə  bohranlı bir durumda təcrübəsizlik də onu ayağından çəkir. Bir vaxt ayılanda özünü fitnə- fəsad yuvasında görür.                       Sönməzin bu şeirindəki dolğunluq və dərin mənalı bəndlərindən aydın olur ki, bu  cavanın düşdüyü həmin xətalı yol onun axtardığı və arzu etdiyi yol deyilmiş. Bəlkə də maddi darlıq dünyasının təbiəti, daha doğrusu, insanlığa olan bu qayğısızlıq onu bu uçurumlu yola salmışdır. Qoca yolçu danışıb ürəyini boşaldır. Bir az nəfəs aldıqdan sonra öz tablosunu tamamlamaqda olan rəssama üzünü tutaraq deyir:

İndi ustad, söylə görüm
Cavabderh kimdir, sənsən, ya mən?
Ya göydəki böyük Tanrı?
Ya da onlar ki, "Tanrı" deyə,
Qara zülmət yaradırlar?!

Bununla da qoca rəssamı bir sıra haqlı və məntiqi suallar qarşısında qoyur. Da Vinçi onu dinlədikcə daralır. Elə bil ki, onun düşdüyü bədbəxtlik və fəlakətlərdə özünün də əli varımış.

Öz özündən utanarkən,
Öz özünü danlayarkən,
Qıvrış- qıvrış açıq alnın,
Gildir- gildir, damla- damla,
Bomboz soyuq tər basmışdı.

Ayrı yerdə:

Bir dəhşətli sükut içrə,
Leonardo Da Vinçinin
Gözündə,
Haqq  batilə qarşı durub,
Xırda- xırda,
Bir birindən seçilirdi.

Beləliklə, sənətkar öz işini tamamlayır. Bir kisə pul verib, mehribanlıqla yolçunu yola salır. İllər boyu yarımçıq qalmış əsəri tamamlaya bildiyi uçun indi rahat bir nəfəs alır. Uzun yollar yorğunu kimi başını yastığa qoyub dərin yuxuya gedir. Şirin yuxudaykən qapı döyülür. Rəssam qapını açdıqda görür ki, həmin qoca yolçudur.

Kişi onu salamlayır,
Dönə dönə üzr istəyir.
Deyir: məni bağışla!
Sənə bircə sualım var,

Məmnun ollam cavab versən.

Sən Tanrı, de görüm,
Sən o rəssam deyilsənmi?
Otuz beş il, bəlkə qırx il
Bundan əvvəl,
Məni o gənc yaşlarımda ,
Bir salonda əyləşdirdin?

Kimə, nəyə naturaçı oldum,

Onu bilməm.
Xatirimə belə gəlir:
Gedəndə də,
Mənə çoxlu sikkə verdin.
Deyib cavab almadan,
Üz çevirib gözdən itir .

Qoca rəssamı heyrət götürür. Deməli bu adam cavanlıqda "həzrət İsa"nın, qocalığında isə xain "Yəhuda"nın naturaçısı qismində önümdə dayanmışdır? Şair bu dəyişikliyin ictimai səbəblərini çox böyük məharətlə və dolğun bədii obrazlarla qələmə ala bilibdir. Bədii təxəyyül və yaradıcılıq imkanlarını sənətkarcasına ifadə edibdir. Gələcəkdə onun daha qiymətli əsərlər yaradacağına ümid edirik.

Gəncəli SƏBAHİ

01:21