Kreml Ermənistanla bağlı hərəkətə keçir - mühüm gəlişmə

Patruşev məxfi şəkildə, bir neçə saatlığa İrəvana səfər etdi; Nalbəndyan və Gevorkyan Rusiyaya çağırıldı; İrəvanda etirazlar səngimir, parlament yeni baş nazir seçmək üçün xüsusi iclas çağıracaq; Paşinyan isə əks-inqilab anonsu verdi

Ermənistanda etirazlar dünən də davam edib. Müxalifət lideri Nikol Paşinyan bəyan edib ki, yeni hökumət başçısı seçilməyənədək aksiyalar dayandırılmayacaq. O, tərəfdarlarını hakim Respublika Partiyasının hakimiyyətdən tam kənar edilməsinə nail olmayınca itaətsizlik aksiyalarını davam etdirməyə çağırıb. “Biz bu işi axıra çatdırmaq üçün daha bir addım atmalıyıq. İtaətsizlik aksiyası sabah (bu gün - red.) saat 12-də  yenidən başlanmalıdır”, - deyə o, xalqa müraciətlə bildirib.

Etiraz aksiyaları Ermənistanın başqa şəhər və rayonlarında da keçirilib. Müxalifətin geri çəkilmək niyyətində olmadığını görən Ermənistan parlamenti isə mayın 1-də xüsusi iclas çağırıb. “Yeni Müsavat” erməni mətbuatına istinadən xəbər verir ki, bununla bağlı Ermənistan parlamentinin sədri Ara Babloyan açıqlama verib. Spiker deyib ki, ölkənin yeni baş nazirinin seçilməsi məsələsi də həmin iclasda həllini tapa bilər.

“Nikol Paşinyanın hakimiyyətə gəlişi Ermənistan üçün faciəvi nəticələrə gətirib çıxaracaq”. Bunu Avropanın Erməni İttifaqları Forumunun vitse-prezidenti, Ermənistan prezidentinin milli təhlükəsizlik üzrə baş məsləhətçisinin sabiq köməkçisi Vladimir Poqosyan deyib (Publika.az). Onun sözlərinə görə, Nikol Paşinyan indi artıq ciddi strateji səhvlərə yol verir və bu səhvlər qaçılmaz nəticələrə gətirib çıxara bilər. Poqosyan hesab edir ki, Ermənistanda bir sıra nazirlər, həmçinin Mərkəzi Bankın başçısı valyutanın ölkədən çıxarılmaması üçün vəzifələrindən kənarlaşdırılaraq həbs edilməli idilər. O, Paşinyanın boş xəzinəylə hakimiyyətə gələcəyini, ölkədə xaos vəziyyətinin yaranacağını iddia edib.

Keçmiş məmurun sözlərinə görə, Paşinyanın hakimiyyətə gəlmək üçün keçmiş prezidentlər Levon Ter-Petrosyan və Robert Köçəryan, həmçinin separatçıların lideri Bako Saakyanla sözləşməyə girdiyi barədə məlumatlar var. Poqosyan bildirib ki, bu üçlük öz hədəfləri üçün Paşinyandan istifadə edir.

Ermənistanda baş verənlərdən Rusiyanın narahatlıq keçirdiyi getdikcə daha aydın görünür. Aprelin 26-sı, səhər saatlarında Ermənistanın baş nazirinin müavini vəzifəsini müvəqqəti icra edən Armen Gevorkyan Moskvaya uçub. Ondan bir gün əvvəl Ermənistanın xarici işlər naziri Edvard Nalbəndyan da təcili Moskvaya çağırılıb. Virtualaz.org xəbər verir ki, Nalbəndyanın Moskvaya getdiyini Ermənistan XİN rəsmən təsdiqləməyib, amma nazirin “ezamiyyətdə olduğunu” bildirməklə kifayətlənib. Analitiklərə görə, Moskva Ermənistanda qəfil vüsət alan xalq hərəkatının nəticəsində Serj Sərkisyanı hakimiyyətdə saxlaya bilməsə də, “Qazprom”un adamı Karen Karapetyanın heç olmasa keçid müddətində baş nazir postunu tutacağına ümid edirdi. Lakin Paşinyan hakimiyyətə ultimatum verib və ölkədə artıq hökumətin olmadığını elan edib. Nəticədə Moskvada Ermənistanın nəzarətdən çıxacağına dair narahatlıqlar artıb. Proseslər başlayandan bəri ilk dəfə Putin situasiyaya müdaxilə edib və Ermənistan prezidenti Armen Sərkisyana zəng vurub. Habelə Rusiya səfirliyinin diplomatları Paşinyanla danışıqlar aparıblar. O cümlədən erməni mənşəli rusiyalı oliqarxlar Paşinyana xəbər göndəriblər ki, Karapetyanı da devirməyə qədər gedib çıxmasın. Lakin fanatik Paşinyan bütün bu şərtləri rədd edib.

 

Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşevin isə gözlənilmədən, məxfi şəkildə bir neçə saatlıq İrəvana səfər edib. Paşinyan Rusiyanın Ermənistandakı səfiri İvan Volınkinlə görüşünün detallarını danışıb. Axar.az xəbər verir ki, RBK televiziyasına müsahibəsində Paşinyan görüşün öz təşəbbüsü ilə keçirildiyini bildirib.

Ermənistan paytaxtında yaşanan gərgin hadisələr işğalçı ölkənin təmsil olunduğu təşkilatlarla əlaqələrinə də təsir edib. Ermənilər hətta “Rus NATOsu”nun toplantısından da kənarda qalıblar. Musavat.com-un erməni mətbuatına istinadən yaydığı məlumata görə, Ermənistan nümayəndə heyəti Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) Qazaxıstanın Almatı şəhərində keçirilən toplantısına qatıla bilməyib.

 

Bu arada keçmiş baş nazir Serj Sərkisyan Respublika Partiyasının parlament fraksiyasına məktub göndərərək onları görüşə çağırıb. Yayılan məlumata görə, Sərkisyan Respublika Partiyasının deputatları ilə görüşü zamanı partiyanın baş nazir vəzifəsinə irəli sürəcəyi namizədləri müzakirə edib (Axar.az). Erməni mənbələri onun görüşdə baş nazir postuna Karen Karapetyanla bərabər, İrəvan meri Taron Marqaryan və keçmiş prezident Robert Köçəryanın da namizədliyinin irəli sürülməsini təklif etdiyi bildirilir. Sərkisyanın bu təklifi partiyanın deputatları tərəfindən xoş qarşılandığı, Karapetyanın namizədliyini isə respublikaçıların heç də hamısının dəstəkləmədiyi iddia olunur. Sərkisyan partiya sədrliyindən getməyə də hazır olduğunu deyib. Məlumata görə, sədrin dəyişdirilməsi barədə müzakirələrə başlanması qərara alınıb.

*****

İşğalçı ölkədə yaşananların Azərbaycana nələr vəd etdiyi gündəmin əsas suallarındandır. “Azərbaycan indiki şəraitdə siyasi, iqtisadi və hərbi baxımdan Ermənistandan daha güclüdür. Bu da gələcək məsələlər üçün Bakıya çox böyük və vacib zəmin yaradır”.

Bunu Axar.az-a açıqlamasında Azərbaycanın keçmiş xarici işlər naziri Tofiq Zülfüqarov deyib. Politoloq tezliklə Ermənistanın strateji xəttində bölünmənin gedəcəyini və bununla da İrəvanın siyasətinin dəqiqləşəcəyini açıqlayıb. Sabiq nazir deyib ki, Paşinyanın həm daşnaklarla yaxınlığı var, həm də Levon Ter-Petrosyanla fikirləri üst-üstə düşür. “Azərbaycanın mövqeyinə gəlincə, biz bilirik ki, Ermənistanda hakimiyyəti kim ələ alsa, dərhal populist şüarlarla çıxış edəcək. Bu populist şüarlar isə ilk növbədə Dağlıq Qarabağa aid olacaq və Paşinyan artıq Qarabağ məsələsinə sərt mövqelər tələb edib. Bu da onu göstərir ki, geosiyasi baxımdan Ermənistanın vəziyyəti dəyişməyəcək. İrəvan Moskva ilə indiyə qədər necə bağlı olubsa, bu bağlılıq ən azı təhlükəsizlik məsələlərində bundan sonra da davam edəcək”, - deyə T.Zülfüqarov bildirib. Politoloq Ermənistanın xarici işlər naziri Edvard Nalbəndyanın Moskvaya, Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşevin isə gözlənilmədən, məxfi şəkildə İrəvana səfərinə də münasibət bildirib: “Bu gediş-gəlişlər, təbii ki, texniki məsələlərdir, görünür, hansısa mövqelər dəqiqləşdirilir. Hər halda Azərbaycan indiki şəraitdə siyasi, iqtisadi və hərbi baxımdan Ermənistandan daha güclüdür. Bu da gələcək məsələlər üçün Bakıya çox böyük və vacib zəmin yaradır”.

 

“Qarabağda, qısamüddətli də olsa, daha ağır nəticələrlə müşayiət oluna biləcək silahlı toqquşma olması riski çox yüksəkdir”. Bunu isə ehtiyatda olan polkovnik-leytenant Üzeyir Cəfərov deyib. Hərbi ekspert bildirib ki, Rusiya siyasi-hərbi rəhbərliyi Ermənistanda öz vassalını qoruyub saxlamaq üçün Qarabağ kartından istifadə etməyi də mümkün variantlardan biri kimi işə salmağa hazırlaşır: “Tam ciddi olaraq Azərbaycan siyasi və hərbi rəhbərliyinə müraciət etmək istərdim ki, yaxın bir neçə gündə və həftələrdə son dərəcə ayıq-sayıq olmamız gərəkdir. Moskva Ermənistanda rəhbər seçimi məsələsində öz istəyinə nail olmaqda çox böyük çətinlik çəkdiyinə görə, ola bilsin cəbhədə yaxın saatlarda və günlərdə şiddətli toqquşmalar başlasın”.

Yazı çapa hazırlanarkən Ermənistanda aksiyalar davam edirdi. Nikol Paşinyan etirazçıları diqqətli olmağa çağırıb: “Biz ehtiyatlı olmalıyıq, çünki bəzi qüvvələr əks-inqilaba çalışır. Şəhərdə nömrəsiz avtomobillərin hərəkəti təsadüfi deyil. Onlar bununla əhali arasında narazılıq yaratmağa cəhd edirlər”.

Elşad PAŞASOY,
“Yeni Müsavat”

 

12:04