Kostromanı boş qoyub, səhralara, dağlara göz dikən dövlət...

Ərazisinə görə dünyanın ən böyük ölkəsinin Rusiya olduğunu hamı bilir. Bu, Rusiya Federasiyasıdır, ərazisi 17 milyon 125 min kvadrat kilometrdən çoxdur.  Bu boyda əraziyə Avropanın 50 ölkəsi diricə, həm də iki dəfə yerləşə bilər.

Paradoks budur ki, hazırkı dünyada başqa ölkələrin ərazisinə göz dikən birinci ölkə də Rusiyadır. Rus dövləti qərbdən Ukraynanın Krım, Donetsk, Luqansk vilayətlərini paralayıb, cənub-qərbdən Moldovanın Dnestryanı bölgəsini götürüb, Gürcüstandan Abxaziya və Cənubi Osetiyanı qoparıb, Qazaxıstanın şimal-şərq əyalətləri (əsasən Pavlodar-Karaqanda) ilə bağlı qımıldanmalar edir.

Bu dövlət vaxtilə Polşaya, Almaniyaya, Finlandiyaya məxsus şəhər və əyalətləri özününkü edib, Yaponiyanın 4-5 adadan ibarət arxipelaqına sahiblənib. 70 ildən çoxdur yaponlar Kuril, Şekotan deyə-deyə qalıblar, Rusiyanın bu yerləri nə vaxtsa qaytaracağına ümid edirlər.

Rusiya isə yeni-yeni ərazilər fəth etmək arzusundadır, oturub-durub fikirləşir ki, nə etsin, necə eləsin, hansı oyunlar oynasın ki, hərbi qüvvələrini bu və ya digər ölkənin torpaqlarına soxsun, orada baza qursun, möhkəmlənsin və perspektivdə daha əlverişli mövqelər qazanmaq fürsəti əldə etsin.

Budur, baxın, ruslar gəlib Qarabağın dağlıq hissəsində yerləşiblər. 200 il əvvəl onlar buralardan keçib İrana getmiş, Təbrizi işğal etmişdilər, Qarabağ, İrəvan, Naxçıvan, Gəncə, Şəki xanlarını özlərinə tabe etdirmişdilər, indi az qüvvə ilə olsa da, Xankəndində toxtayıblar.

Rusiya təkcə yaxın ətrafına münasibətdə belə deyil, bir barmağı Suriyada, biri Mərkəzi Afrika Respublikasındadır, Şimali Koreyadan da əl çəkməyib, Kubadan da, altdan-altdan Əfqanıstanla da işi var. Bu saat heç Baltikyanı ölkələr də özlərini Rusiyadan tam qopmuş saya bilmir, təhlükə gözləyirlər.

33 il öncə SSRİ tarixində ilk olaraq ittifaqdan ayrılmaq təşəbbüsü qaldıran Ermənistanda isə artıq Rusiya ilə eyni federasiya daxilində birləşməyə dair çağırışlar səslənir. Çünki ermənilər Rusiyanın dəmir caynağını boğazlarında və başqa həyati vacib yerlərində hiss edirlər.

Bəs bu qədər geniş ərazi Rusiyanın nəyinə lazımdır?

Bu dövlətin 146 milyondan bir az çox əhalisi var, sərt iqlim şərtləri olan yerləri nəzərə almasaq belə, Rusiyanın ərazisində 3 milyarda yaxın insan yaşaya bilər. Yəni bu ölkədə adambaşına düşən torpaq başqa ölkələrlə müqayisədə 5, hətta 10 dəfə artıqdır. İnternet resurslarında Rusiyanın tərk edilmiş qəsəbə və kəndlərinə dair filmlər var, oturub baxanda görürsən ki, məsələn, vaxtilə bütün SSRİ-ni ət və süd məhsulları ilə təmin edən Kostroma vilayətində yüz min hektarlarla əkin-biçinə, heyvandarlığa yararlı torpaq sahələri boş-boşuna qalıb, 30-40, hətta 50 kilometr radiusdakı ərazilərdə bir yaşayış məntəqəsi yoxdur, insanlar kəndləri tərk edib şəhərlərə daşınıb, yeni yaşayış məntəqələri isə salınmayıb.

Müqayisə üçün deyək ki, Kostromanın ərazisi Azərbaycanın ərazisinin az qala iki qatı qədərdir; 144 min kvadrat kilometrdir. Vaxtilə daş-qayalıq, tikanlıq və bataqlıqlardan ibarət olan İsrail isə cəmisi 21 min kvadrat kilometr əraziyə malikdir. Təkcə Kostromada İsrail boyda 7 dövlət qurmaq olar. Rusiyada bu cür boş vilayəttlərin sayı 100-dən artıqdır.

Durum belə olandan sonra Rusiyanı nə vadar edir ki, eyzən başqa dövlətlərin ərazisinə göz dikir?

Bu, neo-müstəmləkəçilik siyasətidir. Söhbət təkcə boş torpaqları tutmaqdan getmir. Dünyanın qüdrətli dövlətlərinin inkişaf yolunu bilən Rusiya liderləri əmindirlər ki, başqa ölkələrin torpaqları, maddi və təbii resursları ilə yanaşı, insan resurslarını da özlərinə işlətsələr, daha yaxşı inkişaf edə, firavan ola bilərlər. Bu siyasətin bariz nümunəsi SSRİ idi. Hər il Moldovada, Gürcüstanda, Azərbaycanda, Özbəkistanda, Ukraynada, Belarusda, Qazıxıstanda istehsal edilən yüz bir növ maddi nemət (taxıl, ət, süd, yağ, şərab, pambıq, meyvə-tərəvəz və s.) ucuz-ucuz Rusiya bazarına daşınırdı. Məsələn, Lənkəranda, Bakıda, Gəncədə camaat xiyar-pomidoru nübar etməmiş Moskva, Leninqrad əhalisinin süfrəsində ucuz qiymətə aldıqları faraş tərəvəz olurdu. Bakıda, Gəncədə kartofun kilosu ortalama 1 manat olanda Rusiyanın iri şəhərlərində bu məhsulun qiyməti 10 qəpikdən çox olmurdu. Yüzlərlə belə misal gətirmək olar.

Rusiya hələ də o düşüncədədir - başqa xalqları və ölkələri mümkün qədər asılılıqda saxlamaq və istismar etmək. Ayının yüz oyunu məhz bu niyyəti gerçəkləşdirmək üçündür.

Xalid KAZIMLI
Mənbə 
musavat.com
Xudaferin.eu
 

12:18