“Kommersiya xarakterli tibbi reklamlar yolverilməzdir”

Səhiyyəmizin diplomlu “qəssablar”ı

Adil Qeybulla: “İnsan var ki, heç anatomiyanı normal bilmir, amma bu gün ölkədə adlı-sanlı həkim sayılır”

Səhiyyə Nazirliyi ötən il Azərbaycanda aşkarlanan saxta diplomların sayını açıqlayıb. Nazirliyin hüquq və daxili nəzarət sektorundan bildirilib ki, 2016-cı il saxta diplom üzrə – 1 ədəd diplom əsli və 191 nəfərə aid toplanmış materiallar Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə göndərilib. Səhiyyə Nazirliyinin "Qaynar xətti”nə 762 şikayət daxil olub. Nazirlikdən bildirilib ki, nəticədə 9 nəfər barədə məsuliyyət tədbiri görülüb. Bu, saxta diplomlu həkimlər barədə Səhiyyə Nazirliyinin verdiyi rəsmi məlumatdır. Əslində Azərbaycanda minlərlə bu cür diplomsuz həkim var. Onları diplomsuz həkim yox, “diplomsuz qəssablar” adlandırsaq, daha doğru olar. Bu gün Azərbaycanda həkim olmaqdan asan heç nə yoxdur. İstəyən öz bildiyi yollarla gedib xaricdə təhsil alıb gəlir. Amma onların hansı ali təhsil ocağında, necə tibbi təhsil alması tək özlərinə məlum olur. Bir onu görürük ki, gənc yaşda həmin şəxsin adının qarşısına tibb elmləri doktoru, uzman və bu kimi sıralandıqca sıralanan titullar düzülüb. Təbii ki, bu cür diplomları əldə etmək onlar üçün heç də asan başa gəlməyib. Yəni, onlar diplom almaq üçün kifayət qədər pul tökmüş olur. Bəs onlar həmin pulları çıxarmalıdır, ya yox?! Onlar üçün ən uğurlu variant vətənə qayıdıb öz tanınmamış diplomları ilə fəaliyyət göstərməkdir. Bu cür qəssablar binalarda bir və ya bir neçə otaq kirayələyib xəstəxana kimi fəaliyyət göstərən müəssisələrdə, bəzən də özəl klinikalarda necə gəldi çalışırlar. Bir-iki uğur qazanandan sonra əldə etdiyi “diplom” da, qazandığı “həkim” adı da arxa plana keçir, unudulur. Özünü əsil tibb elmləri namizədi, uzman həkim kimi aparır. Otağına da girirsən, sertifikatlardan, diplomlardan, əndirabadi təşkilatlardan aldığı kağız yığınından baş cicəllənir. Zavallı millət, bu cür göstərişə inanmasın neyləsin?!
Bu cür hoqqabazların cəmiyyətdə tanınmasında medianın, xüsusən də televiziyanın rolu az deyil. Bir də görürük ki, hansısa özəl klinika hansısa televiziya verilişinin sponsoru olur. Reklamlarda həmin həkimləri və çalışdığı klinikaları müqəddəs ilahi qüvvəyə malik bir ocaq kimi təqdim edilir. Heç olmasa buna həkim adı verməyin. Bu, sadəcə biznes növüdür, həm də yalnız azərbaycanlılara məxsus biznes növü. Buna sıradan bir hadisə olaraq yanaşmaq doğru olmaz. Məhz bu cür cəlladlara görə, Azərbaycan əhalisinin 55-60 faizdən çoxu başda nazirlər olmaqla xarici ölkələrdə müalicəyə üz tuturlar.

Azərbaycan səhiyyəsi dünyada özündən yalnız etdiyi qəribə, səhv əməliyyatlarla yadda qalır. Bu cür faktlar kifayət qədərdir. Yalnız Azərbaycanda xəstənin sol ayağının əvəzinə səhvən sağ ayağı amputasiya olur, yalnız bizim ölkədə analar dünyaya uşaq gətirəndə dünyasını dəyişir, yalnız Azərbaycanda estetik əməliyyat sırasında pasient dünyasını dəyişir, yalnız bizdə anestezoloqun anesteziya zamanı xəstənin beyin ölümü gerçəkləşir. Azərbaycan səhiyyəsində nə desən, var. Həmin həkimlər çox vaxt səhvi bir-birinin üstünə atmaqla məsuliyyətdən çox asanlıqla yayına bilirlər. Məhz bu cür “həkimlər” sayəsində əhalinin vicdanlı həkimlərə inamı qalmayıb...

Tibb elmləri doktoru, professor Adil Qeybulla bildirib ki, diplomların saxta olmasının bir neçə variantları mövcuddur: “Bir var ki, hansısa idarə tərəfindən yalandan düzəldilən diplomlar, bir də var ki, konkret bir universitetdə oxusa da oranın diplomu tanınmır. Əvvəllər Azərbaycanda “Loğman” tibb məktəbi var idi. Onun fəaliyyətinə 2006-cı ildən qadağa qoyuldu. Oradan verilən diplomların içərisində hüquqi qüvvəsi olmayan saxta diplomlar da var idi. Təbii ki, onlar yalandan yazılmış diplomlar da ola bilər. Hər halda bunu müvafiq orqanlar araşdırıb, lazımi tədbirlər görməlidir. Digər tərəfdən tibbi təhsilə çox ciddi yanaşmaq lazımdır. 1990-cı illərdən sonra Azərbaycanda ali tibbi təhsillə məşğul olan xeyli məktəblər vardı. Orada təhsilin keyfiyyəti çox aşağı səviyyədə idi. Həmin ali məktəblərdən çox sayda tələbələrə əksəriyyəti saxta kateqoriyaya aid olan diplomlar verilib. Hesab edirəm ki, Azərbaycan Tibb Universiteti öz bazası ilə əvvəldən həkim hazırlayıb. Amma bir-iki otaqdan ibarət olan universitetlər hansı bazası ilə həkim hazırlaya bilər?”

Professor qeyd edib ki, Avropada təhsil konkret meyarlar üzərində qurulub: “Məsələn, Türkiyə Cümhuriyyətinin qanunları ilə sistem elə qurulub ki, orada ancaq yüksək səviyyəli mütəxəssislər hazırlanır. Bir də var ki, Rusiyanın hansısa tanınmayan bir məktəbindən diplom alıb, gedib bir neçə müddət gəzib gələndən sonra ad olur ki, xaricdə təhsil alıb. Bunlar hamısı yoxlanılıb araşdırılmalıdır. Yəni, konkret olaraq tibb təhsilinin alındığı yer, sonradan bu təhsilin ali mərhələsi olan rezidenturanı keçdiyi yerlər araşdırılmalıdır. Bundan sonra konkret nəticəyə gəlmək olar ki, bu mütəxəssis hazırdır, ya yox”.
 

 

Adil Qeybulla birmənalı şəkildə vurğulayıb ki, tibbi reklamların kommersiya fəaliyyətinə cəlb olunması yolverilməzdir: “Adətən, bu cür reklamı aparan şəxslər televiziyada veriliş aparıcıları olur. Onlar marağındadır ki, həmin özəl klinikalar maddi baxımdan verilişi dəstəkləsin. Buna görə də bu reklamlar üçün dəridən-qabıqdan çıxırlar. Hesab edirəm ki, bu cür reklamlar qəti şəkildə qadağan olunmalıdır. Təəssüflər olsun ki, bu gün klinikaların gücü reklamda olduğu səviyyədə deyil. Reklamda hər şey şişirdilmiş olur. Təbliğatların çoxu yalandır, kütləni azdırır və son nəticədə xəstənin düzgün ünvana getməsinə imkan vermir. Reklamlar daha çox xəstələrin özəl klinikalara cəlb olunma tendensiyasına əsaslanıb. Ümumiyyətlə, tibbi reklamların maddi dəstək forması alması qətiyyən yolverilməzdir. Yalnız tibbi məlumatlar informasiya xarakterli ola bilər ki, filan əməliyyatlar filan klinikada həyata keçirilir. Buna da xüsusi tibbi verilişlərdə icazə verilməlidir. Tibb fəaliyyətinin kommersiya şəklində istifadə olunması və bundan sui-istifadə qanunlardakı boşluqlarla bağlıdır. Bu məsələlərlə bərabər dərmanların da reklamı qəti şəkildə qadağan olunmalıdır. Dərmanı xəstələrə həkim təyin edir, xəstə də həmin preparatı resept əsasında almalıdır. Adətən, dərmanlar sosial şəbəkədə, elektron KİV-də, eləcə də televiziya ekranlarında təbliğ olunur. Bu cür hallar naşılıqdan, hüquqi nihilizmdən, qanun boşluğundan qaynaqlanır”. Adil Qeybullanın sözlərinə görə, bu gün Azərbaycan reallığında peşə səviyyəsinə uyğun olmayan həkimlərin reytinqi kifayət qədər yüksəkdir: “Bu, çox acı təəssüf doğuran hadisədir. İnsan var ki, heç anatomiyanı normal bilmir, hansısa özəl ali məktəbdən diplom alıb, amma bu gün ölkədə adlı-sanlı həkim sayılır. Təəssüflər olsun ki, Azərbaycanda bu cür faktlar yetərincədir”.

Yeganə Oqtayqızı

Cebhe.info

 

13:04