Kolumbiya mətbuatında Ermənistan hökuməti və erməni diaspor təşkilatlarının maliyyə qanunsuzluqları ifşa olunub

Kolumbiyanın nüfuzlu rəqəmsal mətbu orqanlarından olan “Las2Orillas” və “Ola Politica” qəzetlərində xarici ölkələrdəki erməni icma təşkilatları tərəfindən Azərbaycan ərazilərində mövcud olmuş qanunsuz rejimə və erməni silahlı birləşmələrinə yardım məqsədilə iri həcmli maliyyə ianələri toplanması haqda tanınmış jurnalist Roberto Trobaxonun müəllifi olduğu “Müharibəni maliyyələşdirmək məqsədilə dələduzluq” başlıqlı məqalə dərc olunub.

​Xudaferin.eu AZƏRTAC x-a istinadən əbər verir ki, yazıda Ermənistan hökuməti və erməni icma təşkilatlarının dünyanın müxtəlif ölkələrində yaşayan ermənilərdən humanitar məqsədlər adı altında kütləvi həcmdə maliyyə ianələri topladığı və bu vəsaitləri Ermənistanın silahlanmasına və 44 günlük müharibə zamanı Azərbaycana qarşı hərbi əməliyyatlara qatılan muzdlulara sərf olunduğu məlumat verilir.

Müəllif bildirir ki, Ermənistan tərəfinin təxribatları nəticəsində başlanmış və Azərbaycanın öz torpaqlarını işğaldan azad etməsi ilə nəticələnmiş 44 günlük müharibə başa çatanadək “Hayastan All Armenian Fund” tərəfindən aparılan ianə toplama kampaniyası çərçivəsində 73 müxtəlif ölkədə yaşayan çoxsaylı icma üzvlərindən 170 milyon ABŞ dolları məbləğində vəsait toplanıb.

Məqalədə xaricdə yaşayan ermənilərin etibarından sui-istifadə edilərək toplanmış həmin vəsaitin böyük hissəsinin müharibə dövründə gizli şəkildə Ermənistanın dövlət büdcəsinə köçürüldüyü və bu faktın Ermənistanın Azərbaycana qarşı apardığı müharibənin maliyyə xərclərini xaricdə yaşayan soydaşlarından dələduzluq və aldatma yolu ilə topladığı vəsait hesabına qarşıladığına dəlalət etdiyi qeyd olunur.

Ardınca sözügedən fondun daha əvvəllər də qanunsuz mənimsəmə hallarında adı keçdiyi, bu xüsusda qurumun keçmiş direktoru Ara Vardanyan 2018-ci ildə fondun böyük həcmli vəsaitlərini mərc oyunlarına sərf etdiyinə görə həbs olunduğu məlumat verilir.

Sonda sözügedən ianə toplama kampaniyasına dəstək olan bəzi iri beynəlxalq bankların adları çəkilərək həmin maliyyə qurumlarına erməni diaspor təşkilatlarına aid hesabların təhlil edilməsi tövsiyə olunur.

Xudaferin.eu


 

11:05