Köhnə “qurd”ların Cənubi Qafqaz uğrunda mübarizəsi

Siyasi ekspert: “Cənubi Qafqazda keçiriləcək seçkilərə münasibətdə Bill Klintonun və Corc Buşun dövründəki ənənəyə qayıdacaqlar”

ABŞ-ın son illər Cənubi Qafqaz bölgəsində mövqelərini itirdiyi, Rusiyanın isə möhkəmləndiyi görüntüsü var. Son günlər mediada yazılan şərhlər və məlumatlarda belə fikir irəli sürülür ki, ABŞ 10 ildən sonra yenidən bölgəyə qayıdır. Bunun üçün qarşıdakı dönəmdə konkret addımlar atılacaq.

Bu mövzuda “Yeni Müsavat”a şərhində siyasi şərhçiYeganə Hacıyeva bildirdi ki, Rusiya faktoru Amerikanın qarşısında ən böyük maneədir. Cənubi Qafqaz Rusiyanın strateji maraq dairələrinə daxil olan bölgədir. Bu birmənalıdır. Son iki yüz ildə Rusiyanın Cənubi Qafqazda mütləq nəzarəti, mütləq üstünlüyü hökm sürür. Son iki yüz il ərzində bu bölgədə heç bir qüvvə Rusiya qədər güclü olmayıb. Bu gün də belədir: “Rusiyanın bu regiondakı dövlətlərin hər birində hökumət, müxalifət və vətəndaş cəmiyyəti institutlarında təmsilçiliyi, təsir gücü var.

Rusiyanın xarici siyasətində yeni dalğanın təzahürlərini onun Cənubi Qafqaz siyasətində hiss etməkdəyik. Bu bir reallıqdır. Məsələ ondadır ki, Rusiya bir imperiya varisi olsa da həmişə zamanın diktə etdiyi yeni mübarizə üsullarına həmişə açıqdır. Bu mübarizə üsullarından öz təsir dairəsi olan regionları nəzarət altında saxlamaq üçün istifadə edir. Sovetlər birliyi dağılandan sonra indiyə qədər keçən dövrdə də Rusiyanın Cənubi Qafqazın hər üç ölkəsinə təsiri, orada mövcudluğu ABŞ-ın təsirindən daha çox olub. Bu gün də belədir. Səthi yanaşanda belə təəssürat yarana bilir ki, burada ABŞ-ın təsiri müəyyən dövrlərdə daha çox olub, Rusiya amili ciddi olmayıb. Lakin alt qata vardıqda görünür ki, şimal qonşumuz bu bölgədə proseslərə ABŞ-dan qat-qat artıq dərəcədə təsir edir. Bu gün də məhz belədir".

 

Ekspert qeyd etdi ki, Cənubi Qafqaz qitələrarası qovşaqdır, keçiddir. Buraya nəzarət edən istənilən qüvvə Asiya və Avropa arasında, həmçinin Yaxın Şərq arasında balansı qorumuş olur. Cənubi Qafqazın ən strateji ölkəsi isə Azərbaycandır: “Ona görə də bütün dünya güclərinin təsir dairəsində saxlamağa çalışdığı, nəzarətini gücləndirmək istədiyi ölkə Azərbaycandır. Ermənistan faktiki olaraq Rusiyanın forpostudur, Gürcüstan isə artıq öz istiqamətini seçib. Amma Azərbaycan bu üç ölkə içərisində ən müstəqil, güclər arasında balanslı siyasətini qoruyaraq öz maraqlarına uyğun siyasət yürüdən bir ölkədir. Azərbaycan həm Rusiya, həm ABŞ-la öz maraqlarının ətrafında əməkdaşlıq istəyir. ABŞ-ın Cənubi Qafqazda mövcudluğu SSRİ dağılandan sonra son 25 ildə artan xətt üzrə inkişaf edib. Bu, zaman-zaman tədrici olaraq həyata keçirilib. Amerika Cənubi Qafqazda əsasən Gürcüstanda möhkəmlənib və Vaşinqtonun seçimi Gürcüstan olub. Amerika hesab edirdi ki, Gürcüstanda möhkəmlənməklə bütövlükdə Cənubi Qafqaza nəzarət etmək mümkündür. Amma bu yanaşma özünü doğrultmadı. 2009-cu ildən sonra ABŞ-ın Cənubi Qafqaza təsiri, təmsilçiliyi sürətlə zəiflədi. Lakin nəzərə almaq lazımdır ki, zəifləsə də tamamilə aradan qalxmadı. Yəni Amerika bölgədən tamamilə çıxmayıb ki, indi qayıtsın. Sadəcə olaraq, indiki Tramp administrasiyası Barak Obamanın dövrünün yanlış Cənubi Qafqaz siyasətini düzəltməyə çalışır. Tramp adioz siyasətçidir, ABŞ-ın müasir siyasətində gəlib-gedən ən qalmaqallı prezidentdir. Onun Cənubi Qafqaza necə yanaşacağı hələ qarşıdakı dönəmdə tam bəlli olacaq. Bu yaxınlarda Trampın Milli təhlükəsizlik strategiyası açıqlandı. Cənubi Qafqaz orada önəmli yer tutur. Ora diqqətlə baxanda görürük ki, Trampın nəzarəti altında Amerika yenidən Cənubi Qafqazda möhkəmlənməyə çalışacaq. Cənubi Qafqazda keçiriləcək seçkilərə münasibətdə Bill Klintonun və Corc Buşun dövründəki ənənəyə qayıdacaq. Lakin Rusiyada sərt Putin siyasəti qaldıqca Amerikanın Cənubi Qafqazda xeyrinə ciddi nə isə dəyişməyəcək”.

Etibar SEYİDAĞA,
“Yeni Müsavat”

11:28