Köçkünlərin limiti bitdi: Büdcəni zorlayan “Qaçqınkom”un da ləğvi gündəmdə

Məcburi köçkünlərin kommunal xidmətləri üzrə tətbiq edilən xüsusi limitin ləğvi barədə xəbərlər axır ki, təsdiqini tapdı. Bundan sonra Qaçqın və Məcburi Köçkünlərlə İş üzrə Dövlət Komitəsi onların yerinə borc ödəməyəcək. Komitə köçkünlərə həmin limitin pulunu verəcək və özləri ödənişi həyata keçirəcək. Məsələnin belə qoyuluşu və qeyri-rəsmi şəkildə həlli yolu başqa bir mövzunu gündəmə gətirib. Söhbət “Qaçqınkom”un lazımsız bir struktura çevrilməsindən gedir. Əgər köçkünlər həmin pulu almaqla ödəniş edəcəklərsə, komitədə struktur islahatlarına ciddi şəkildə ehtiyac var.  Əvvəla iqtisadi böhrandan irəli gələn səbəblərə görə, “Qaçqınkom”un ləğvi tam məntiqli islahat olardı. Amma prezidentin səlahiyyətində olan bu məsələ gerçəkləşənə qədər komitə daxilində islahatlar vacibdir. Onsuz da kommunal xərcləri qaçqınların özləri ödəyəcək. Bu halda komitədəki bəzi şöbələrin ləğvi və onların fəaliyyətsizliyi aktuallaşır. Dövlətin büdcəsinə izafi xərclər yaradan belə idarə və qurumlarda struktur islahatları vacibdir.

Hələ ötən il Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsindən bildirmişdilər ki, 2016-cı ildə komitəyə ayrılan büdcədən 40 milyon manata qədər vəsaitə qənaət ediləcək. Bu isə o deməkdir ki, məcburi köçkünlərə verilən pullar kəsilə bilər. İqtisadçı alim Vüqar Bayramov da o zaman komitənin ləğvi barədə təklif irəli sürmüşdü. Sitat: Komitə 40 milyon manat qənaət ilə bağlı təkliflər hazırlayıb. Halbuki, yalnız bir lazımsız və iqtisadiyyatın inkişafına maneə olan dövlət qurumun ləğv edilməsi ildə bundan ən azı 4 dəfə çox qənaətə imkan yarada bilər. Azərbaycanda fəaliyyət göstərən 43 fərqli dövlət qurumlarının sayının ən azı 2 dəfə azaldılması mümkündür. Regional inkişafa heç də xeyir gətirməyən rayonların birləşdirilməsi yolu ilə saylarının azaldılması da qənaətə imkan verə bilər. Bunlar həm dövlət vəsaitlərinə qənaət və həm də çevik idarəetmə sistemi əldə etmək imkanı demək olacaq. Əksər sektorlarda bir-birini təkrarlayan qurumlar var. Onların inzibati binası, xidməti avtomobilləri və digər heç də lazımlı olmayan xərcləri var. Qənaət məhz bu qurumların ləğvindən başlamalıdır, məcburi köçkünlərin pullarının kəsilməsindən yox"
“Qaçqınkom” un mətbuat xidmətinin rəhbəri Elçin Qədimov limitin ləğv edilməsi ilə bağlı hər hansı qərar yoxdur. “Azərsu” ASC-nin Mətbuat Xidmətinin rəhbəri Anar Cəbrayıllı ilə əlaqə saxlayıb. A. Cəbrayıllı qeyd edib ki, elanda göstərildiyi kimi hər hansı limitin ləğvindən söhbət getmir: “Ancaq elanın yuxarı hissəsində qeyd olunduğu kimi, məcburi köçkünlərin su və kanalizasiya xidmət haqqının mərkəzləşdirilmiş qaydada ödənilməsi məsələsi ləğv olunub. Belə ki, bu günə kimi məcburi köçkünlərin su və kanalizasiya haqqı “Qaçqınkom” tərəfindən “Azərsu” ya ödənilirdi. Bundan sonra isə həmin vəsait pul şəklində büdcədən köçkünlərin öz hesablarına ödəniləcək. Köçkünlər həmin limitlər üzrə ödəniş haqqlarını özləri “Azərsu”ya ödəyəcəklər. Yəni güzəştli limitin ləğvindən söhbət getmir”.
“Azəriqaz” Mətbuat Xidmətinin rəhbəri İbrahim Kərbalayev də “Qafqazinfo” ya açıqlamasında bildirib ki, qərar öz təsdiqini tapdıqdan sonra artıq məcburi köçkünlər xidmət haqqını özləri ödəyəcəklər. “Azərişıq” ASC-nin Mətbuat Xidmətinin rəhbəri Tanrıverdi Mustafayev isə “Qafqazinfo”ya bildirib ki, bununla bağlı onlarda məlumat yoxdur: “Hazırda əvvəlki qaydada ödənişlər həyata keçirilir”.

Politika.Az

12:29