Kənan HacıƏkbəroğlu: "Bir gecənin yuxusu..."

Bu gün Ağdama getmişdim. Söz verdiyim kimi birinci Şəhidlər Xiyabanına  getdim amma, məzar görmədim. Şəhidləri oyandırmaq istəmədim, heç ruhlara da rast gəlmədim. Bilmədim kimdən soruşum ki, Sənan qaqamın uyduğu məkan hara idi... bilən də olmadı. Məzarlığı qaratikan kolları basmışdı. Təmizləmək istədim, bir şey tapmadım. Allahverdi Bağırovun məzarını görüb ona yaxınlaşıb danışmağa başladım. Mən salam verdim amma, o almadı.  Bir də "əmi salam" deyib salamımı niyə almadığını soruşdum. Dinləndi: "Salamını niyə almalıyam? Məni döyüş meydanında tək qoyub getdiniz. Nədən qaçdınız? Ağdamlılar niyə fərarilik etdiniz niyə? niyə?".

Susdum... Başımı yuxarı qaldırmadan soruşdum ki, əmi, sən ki, komandirsən, əsgərlərini də yanında qoyub getmişdik. Burdakı əsgərlərimiz - mənim qaqam hanı? Bu məzarı bir vaxtlar onun üçün qazdırmışdın. Amma, indi özün uyuyursan o məzarda. Nədən sahib çıxmadın?
Əmim hirsli səslə qışqırdı: "Bəsdi... İttiham etdin, bəsdi danışdın... Belə olmaz. Minlərlə insanı xilas edib, əsirlikdən aldım. Yenə bizi qınadılar. Və yenə də qınamağa davam edirlər. Elə bilirsən burda olmaq asandır? İnan çox çətindir, dözə bilmirəm. Təklik məni üzür həm də, çox üzür...".
Bir də "Əmi.." deyəndə əlini başımı qoyub soruşdu: "Kimlər sağdı? Kimlər bu ruhların azadlığına çalışır, kimlər sağdı?".
Cavab vermək istəyirdim ki, yenə soruşdu: "Nə iş görürlər? Kimlər sağdı?".

Sadəcə bunu dedim: "Nə köhnə, nə təzə qalıb. Romanlardakı başsız atlı kimi qalıb zavallı xalqım"... Dayanmadın yenə soruşdum: "Əmi, bəlkə qaqam sizə nəsə deyib?"... "YOX" dedi. sonra davam etdi: "Bir söz deyib amma, onu da zamanı gələndə deyəcəm. Amma indi nəinki Sənanın, məzarlıqdakı ağdamlıların bir sözünü deyim get Bakıdakı "VƏTƏN, VƏTƏN" deyənlərə çatdır. Vətənə dönsünlər, yoxsa Qarabağadakı ruhlar onları bağışlamayacaq.... Vətəndə Vətənsiz insan olmaz...Bəsdir fərarilik etdiniz...".
Əmim məni çox ağır ittiham etdi. Mən onunla danışa-danışa elə hey gözüm gəzirdi. Bağırov əlini uzadıb dedi: "Get orada... Olduğun evin yanında, yeri bilinir... "

 

Qaça-qaça getdim amma, heç evin bünövrəsini də görmədim. Amma, bir səs gəldi "Qaqa, burdayam, heç yerə yetmə"... Səsini eşitdim amma, görə bilmədim. Yenə qara tikan kollarının arasında keçib məscidə girdim. Nə Rəşid əmimi, nə də Sadıq əmimi gördüm. Namaz qılmaq üçün azan vermək üçün "Allahu Əkbər" demişdim ki, oğlum İsmayılın səsini eşitdim "Dədə, ay dədə ayıl....". Heç ayılmaq istmədim. Ona görə ki, mənə bir də, Ağdam məscidində namaz qımaq qismət olmayacaqdı..Amma, yenə də olmadı...
Əlimi açıb Allaha yalvardım: "Bizə Ağdamda namaz qılmağı qismət elə Ya RƏBBİM! AMİN !!!"

Beləcə, bir gecənin yuxusu...

Kənan HacıƏkbəroğlu
Modernqezeti.com

15:25