Klinton məğlubiyyətə görə FTB direktorunu günahlandırdı

Hillari Klinton 12 noyabrda özünün seçki donorları ilə telefon konfransı zamanı prezident seçkilərindəki gözlənilməz məğlubiyyətə görə FTB direktoru Ceyms Komini suçlayıb. Bu barədə söhbətdə iştirak edən 2 nəfər bildirib. Seçkidən bir gün əvvəlki demək olar bütün sorğularda ictimai rəydə Klintonun favorit olduğu üzə çıxırdı. Buna baxmayaraq, Donald Tramp ölkədə bir çoxlarını şoka salaraq qalib gəldi və bu da ölkə üzrə kütləvi etirazlara səbəb oldu. Çərşənbə günü Klinton məğlubiyyətini etiraf etdikdən sonra ictimaiyyət arasında görünməyib. Dəstəkçiləri ilə telefon söhbəti zamanı Klinton bəyan edib ki, onun kampaniyası və Demokratlar partiyası 3 milyondan çox fərdi donorun köməkliyi ilə 900 milyon dollar toplayıb. Klinton bildirib ki, onun məğlubiyyətində seçkiyə sayılı günlər qalmış Konqresə məktub göndərmək qərarı vermiş FTB direktoru Komi günahkardır. Məktubda deyilirdi ki, Komi Klintonun 2009-2012-ci illərdə dövlət katibi postunda olarkən apardığı elektron yazışmaları üzrə istintaqı bərpa edir.

Bir həftə keçdikdən sonra Komi bəyan etdi ki, bütün yazışmalar incələnib və o, əvvəlki tək hesab edir ki, Klintonu məsuliyyətə cəlb etmək lazım deyil. Ancaq yenə də məsələnin siyasi zərərləri Klintondan yan ötüşmədi. Klinton donorlara deyib ki, Tramp Kominin hər iki bəyanatından ona hücum etmək üçün istifadə edə bildi.
Klinton qeyd edib ki, nə vaxt ki, ikinci məktub şübhələri onun üzərindən çəkdi, Trampın dəstəkçilərinin əminliyi artdı ki, sistem onun xeyrinə saxtalaşdırılıb. Bu da onları seçki günündə səfərbərliyə motivasiya etdi. Klintonun mətbuat xidməti şərh verməkdən imtina edib.

Xudaferin.eu

12:25