Kəlbəcərin azadlığına saatlar qaldı

Politoloq: “Ermənistan Moskvanın dediyini etmək məcburiyyətindədir və razılaşmanı pozmağa risk etməyəcək”

Azərbaycan və Rusiya prezidentlərinin, Ermənistanın baş nazirinin noyabrın 10-da imzaladığı birgə bəyanata əsasən, Ermənistan Kəlbəcər rayonunu noyabrın 15-də boşaltmalı və ərazini tam olaraq Azərbaycana təhvil verməli idi. Lakin bu, 15 noyabrda reallaşmadı. Ermənistan vaxtın azlığını və relyefin çətinliyini əsas göstərək beş gün ərzində Kəlbəcərin boşaltmağın mümkün olmadığını Rusiya prezidenti Vladimir Putinə məlumat verdi. Erməni baş nazir Nikol Paşinyan Rusiya prezidenti Vladimir Putindən xahiş etdi ki, Azərbaycanın onlara əlavə 10 gün vaxt verməsinə yardımçı olsun. Putinin məsələ ilə bağlı Azərbaycan Prezidenti İlham Əliyevlə telefon danışığından sonra ermənilərə noyabrın 25-dək vaxt verildi. Artıq həmin vaxtın başa çatmasına cəmi bir gündən də az vaxt qalır.

Politoloq Qabil Hüseynli “Yeni Müsavat”a bildirdi ki, noyabrın 10-da Qarabağda hərbi əməliyyatların dayanmasına gətirən məlum üçtərəfli imzalanan bəyannamədə əksini tapan razılaşmaların tam olaraq yerinə yetirilməsinə əsas məsul tərəf kimi Rusiya öncədən çıxış edir. Rusiya prezidenti Vladimir Putin bir neçə gün öncə müsahibəsində və hökumət üzvləri ilə görüşündə bəyan etdi ki, bu bəyanatdakı razılaşmaların pozulması intihara bərabər olar: “Həmçinin qeyd etdi ki, razılaşmaların pozulmasının alternativi müharibədir. Putinin bu fikirləri birbaşa Ermənistana mesaj və xəbərdarlıq idi. Çünki Rusiya lideri razılaşmaların pozulmasına, razılaşmalara əməl edilməməsinə çağırışların Azərbaycandan deyil, məhz Ermənistandan tez-tez səsləndiyini bilir. Ona görə də açıq şəkildə xəbərdarlıq edir ki, Ermənistan hakimiyyətinin fikrindən bu bəyanatın hansısa bəndini və ya bəndlərini yerinə yetirməmək keçirsə, bu, Ermənistanın özü üçün intihara bərabər olar. Eyni zamanda Putin müharibəni alternativ olaraq ermənilərə xatırlatdı. Bununla mesaj verdi ki, 44 günlük müharibədə çökən erməni ordusu yenidən başlanacaq müharibədə tamamilə məhv olar. Ümumiyyətlə, ötən həftənin sonlarında həm Putinin, həm xarici işlər naziri Sergey Lavrovun verdiyi açıqlamalardan belə məlum oldu ki, Rusiya 10 noyabr bəyanatındakı razılaşmaların müəyyən bəndlərinin Ermənistan tərəfindən pozulması ehtimalının olduğundan narahatdır. Sərt xəbərdarlıq xarakterli fikirlərin dilə gətirilməsi də bu ehtimalın reallığa çevrilməsinin qarşısını almaq üçündür. Şübhəsiz ki, Ermənistanla aparılan danışıqlarda Kremlin narahatlığı daha kəskin şəkildə qoyulur və İrəvanı ağıllı olmağa dəvət edirlər”.

Mənim kəndim - Qabil Hüseynli: “Anamın əziyyət çəkməyinə dözmədim” - LAYİHƏ  - modern.az

Politoloq Qabil Hüseynli

Politoloqun sözlərinə görə, Moskva onu da bilməmiş deyil ki, Paşinyana Fransanın ciddi təsiri var və Fransa erməni baş nazirə razılaşmaların bəzilərinə əməl etməməsi, xüsusilə Kəlbəcər və Laçından çıxmaq məsələsində yubanmalara bilərəkdən yol verilməsi üçün təsir göstərə bilər: “Məncə, Rusiya prezidenti və xarici işlər nazirinin ötən həftə özündə xəbərdarlıq və narahatlıq xarakteri daşıyan açıqlamaları həm də bununla bağlıdır. Mən hesab edirəm ki, Ermənistan könülsüz olsa da Moskvanın dediyini etmək məcburiyyətindədir və razılaşmanı pozmağa risk etməyəcək və Kəlbəcəri boşaldacaq. İnanmıram ki, Kəlbəcəri boşaltmaq üçün yenidən vaxt istənilsin. Bunu Paşinyan istəsə belə, bu dəfə Putin bu istəyin əleyhinə çıxar, artıq Azərbaycandan vaxt istənilməz. Odur ki, gəlin Kəlbəcərin azad olunmasını gözləyək. Üst-üstə 15 gün Kəlbəcərdə qanunsuz yerləşən erməni əhalinin və silahlı qüvvələrin oranı tərk etməsi üçün kifayət qədər böyük zamandır. Onların əlavə vaxt istəməyə bəhanəsi olmamalıdır. Yayılan videolardan da göründü ki, ermənilər Kəlbəcərdən köçürlər və hətta unitazlarını, evlərin damlarını, pəncərələrini də söküb aparmağa zamanları var. Hətta bu 15 gün onlara meşələri, evlərin həyətindəki meyvə ağaclarını qırıb Ermənistana daşımaq üçün də yetdi. Ona görə də artıq əlavə vaxt istəməkdən, məncə, söhbət belə getməməlidir. Heç Azərbaycan da bunu qəbul etməz”.

Q.Hüseynli eyni zamanda bildirdi ki, Ağdam rayonunun bəyanatda razılaşdırılmış tarixdə boşaldılması və Azərbaycana qaytarılması təcrübəsi Kəlbəcərlə bağlı nikbinliyi artıran daha bir amildir.

Digər siyasi analtiklər də hesab edir ki, bu dəfə üzərinə götürdüyü öhdəlikləri pozmaq və oyun oynamağa cəhd etmək Ermənistana baha başa gələr. Əgər bu istiqamətdə hadisələr cərəyan eləsə, ermənilərin vəziyyəti çox ağır olacaq. Yəni bu dəfə onlar həm də Kremlin qəzəbinə tuş gələcəklər. Çünki razılaşmanı pozmaq Putinin  imzasına meydan oxunmuş kimi qəbul ediləcək.

Cılız Ermənistan tərəfindən aldadılmasını Vladimir Putin heç də yaxşı qarşılamaz. Ermənilər öhdəliyə əməl etməzsə, bu, prezident Putinin nüfuzu ilə oynamaqları anlamına gələr. Vladimir Putin heç vaxt imkan verməz ki, onun nüfuzu, imzasının mötəbərliyi dünyada, öz ölkəsində, Azərbaycanda, Türkiyədə şübhə altına düşsün, zərbəyə məruz qalsın. Ona görə də əgər Ermənistan bəyannamədən irəli gələn tələbləri yerinə yetirmək istəməzə, öhdəliklərə əməl etməzsə ilk növbədə Putinin onlara cavabı çox sərt olacaq. Eyni zamanda Türkiyənin və Azərbaycanın da cavabı sərt olacaq.

Xudaferin.eu

11:26