Kiyevdə Xocalı soyqırımına həsr olunmuş tamaşanın premyerası olacaq

Fevralın 22-də Ukraynanın paytaxtı Kiyevdə Xocalı soyqırımına həsr olunmuş “Böyüməyən uşaqlar” tamaşasının premyerası olacaq.

Diasporla İş üzrə Dövlət Komitəsindən AZƏRTAC-a bildirilib ki, Parlament Jurnalistləri Birliyinin sədri, Modern.az və Azedu.az saytlarının rəhbəri Elşad Eyvazlının eyniadlı kitabı əsasında hazırlanan əsər Ukraynanın “Çornıy kvadrat” teatrında səhnəyə qoyulacaq.

Komitənin dəstəyi və Ukrayna Azərbaycanlılarının Birləşmiş Diasporu, Ukrayna Azərbaycanlıları Birləşmiş Konqresi, Kiyev Azərbaycanlıları Konqresinin təşkilatçılığı ilə ərsəyə gələn tamaşada yerli ictimaiyyətə Xocalı soyqırımı haqqında məlumat veriləcək. Səhnə əsərində Ukrayna hadisələri ilə bağlı məqamlar da yer alıb. Əsərdə əsas qəhrəmanlardan biri hər iki valideynini itirən 25 uşaqdan biridir. O, Ukraynaya köçsə də, bəxtinə Ukrayna müharibəsinin də qurbanı olmaq düşüb.

Qeyd edək ki, “Böyüməyən uşaqlar” kitabı Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın başladığı “Xocalıya ədalət!” kampaniyası çərçivəsində çap olunub. Kitab bir neçə dilə, o cümlədən ingilis, alman, türk, gürcü, ukrayn dillərinə tərcümə olunub və dünyanın bir çox ölkəsində təqdimatı keçirilib. Kitabda Xocalıda hər iki valideynini itirmiş uşaqların yaşadığı dəhşətli hadisələr təsvir olunur.

AZƏRTAC

22:25