Kim sizə deyib ki, Şuşa mahnı oxumaq üçün şəhərdir?

Ucalan o zil musiqi səslər fonunda şəhidlərimizin qəhrəmanlıqları kölgədə qalır...

Sənət adamlarının Şuşaya axınını diqqətlə və bir az da qəribə hislərlə izləməkdəyəm. Əslində, nə baş verdiyini anlamağa çalışıram.

Nə olub belə? Sanki Şuşa elə çal-çağır, mahnı oxumaq üçün şəhər imiş, indi hamı oraya “əsgər kimi borcunu yerinə yetirməyə” gedir-yəni oxumağa. Belədirsə, yanlış düşüncədir. Deməli, bu illər ərzində işğaldakı Şuşanı bu gənc(aralarında yaşlılar da var) adamlara yanlış tanıdıblar, ya da indi sevindiklərindən bu cür yanlışlıq edirlər...

Şuşa tarixən məşhur musiqiçilərin vətəni olub, amma biləsiz, kimdən istəyirsiz də soruşun, musiqili şəhər olmayıb. Musiqi məktəbi, unikal xalq çağı alətləri fabriki, tar çalanlar, qarmon çalanlar, kamança çalanlar da olub, “Mahnı bayramı” da keçirilib, amma musiqili şəhər olmayıb.

Şuşa bir az da ağır təbiətli şəhər olub. Bu şəhərdə “gəlmələr”, “yerlilər”, “qalalılar”, ”qalaya sonradan gələnlər” arasında intriqa olub, bu şəhərdə bir sözünü iki eləmədikləri kişilər, şöhrətli alimlər, tanınmış ziyalı nəsillər olub. Nəhayət, Şuşa türməsi olan şəhər olub, həm də ağır rejimli... “Nə olsun, 28 illik qaçqın həyatı yaşayıblar” deyib, keçməyin. Dəyişməyən çox şeylər hələ də var...

Mahnı oxuyanların çoxu ilk dəfədir gedir, çoxu nə vaxtsa uşaqlıqda burada olub. Köhnə xatirələr, oyanan duyğular, əsgərlərimizə moral vermək, bunlar hamısı yaxşıdır. Məscid minbərində azan oxumağın da xüsusi yeri var. Amma yersiz olan da şeylər də var, bunları çəkilən videolardan, açıqlamalardan, selfilərdən görmək olar.

Bir şuşalı olaraq bunları bu cür görmək canımımı sıxır? Düzünü deyim ki, bir az o cürdür. Niyə? Deyim, anlaşılmazlıq olmasın. Bu şəhər uğurunda itkilərimizin dəqiq sayını bilən varmı? Mən şuşalı olaraq, çox maraqlanmışam- təxmini rəqəm belə ürək dağlamağa yetərlidir. Üzeyir bəy, Bülbül, Xurşidbanu indilikdə bizdən inciməz. Gəlin, biz Şuşanı öncə o qəhrəman övladların vətəni kimi ziyarət edək. Onların xatirəsini anmaq üçün bir yerə toplaşaq, onların adlarını lap bir-bir o Cıdır düzündən səsləndirək, onların şəkillərini başımızın üzərinə qaldıraq, şəhəri onların fotoları ilə bəzəyək.

Alçaq ermənilər Şuşa işğal olan kimi gətirib bir tank qoymuşdular, bizim hələ ki, bu şəhəri hansı zülmlə, hansı qanlar hesabına işğaldan azad etdiyimizin bir rəmzi nişanəsi yoxdur!

Aydındır, şəhərə tank girməyib, ordumuzun qəhrəman övladları dağları-dərələri dırnaqları ilə çıxıblar, erməniləri yeri gələndə bıçaqla leş ediblər. Olmazmı ki, bir simvolik heykəl, bir büst hazırlanıb müvəqqəti olsa da, şəhərin görünən yerinə(məsələn, “Güllü bulvar”a) qoyulsun, hələ ki, oxumağa yox, onların simvolik abidəsini ziyarət etməyə gedək.

əsas .şəkil.jpg (81 KB)

Bəli, qala divarlarındakı o erməni dilindəki lövhənin sökülməsi, bayrağımızın ucalması hamısı şəhidlərimizin qanının nişanəsidir, elə indi oradan ucalan musiqi səsləri də haradasa o qələbənin göstəricidir. Amma ucalan o zil musiqi səslər fonunda şəhidlərimizin qəhrəmanlıqları kölgədə qalır...Buna üzülməmək olmur.

Ora ilk dəfə gedənlərdən biri(hələ də oradadır, deyəsən, nəsə biznes işidir) bizim yaxın adamdan zəng edib soruşub ki, “görəsən, bu şəhər uğrunda niyə azərbaycanlılarla ermənilər bunca dava-qırğın edib, adi şəhərdir də...” Mən təxmin edirəm, onun niyə elə düşündüyünü. O şuşalıları hələ görməyib. O şuşalıları ki, şəhərə elə onun kimi yad adam gələndə, əvvəl “dişlərinə vurardılar”- kiminsə qohum-əqrəbası deyilsə, araya salıb başına oyun açardılar, qaçırardılar...

Şuşa təkcə məsciddən, İsa bulağından, Cıdır düzündən ibarət deyil. Şuşanın Şuşa edən tarixə söykənən abidələri də deyil. Adamlarıdır! Təəssüf ki, o adamların yarısını şəhərə qaytarmaq indi mümkün olmayacaq. Çünki Azərbaycanın dörd bir tərəfində qərib məzarları var şuşalıların...

Sonda. Yaxşı tanıdığım bir yerlimiz var, bir müddət əvvəl deyib ki, bu sənətçilər gedirsə, nə yolla olursa-olsun mən də Şuşaya gedəcəm. (Sənət adamlarından fərqli olaraq, hələ şuşalıları şəhərə buraxmırlar). Necə? Yarı maşınla, yarı yolu piyada gedib çıxıb Füzuliyə, oradan Şuşukəndin üstünə, oradan Daşaltı çayına tərəfə enib, “Qotur bulaq”ın üstünə düşüb, oradan “Türmə yolu” ilə gedib məhəllələrinə çıxıb.

Evlərinin xarabalığını görüb, oradan gəlib şəhərə. Şəhərdə dərhal saxlayıblar, 28 il 6 ay bu günü gözləyən şuşalını düz 4 gün “KPZ”də sorğu-sual ediblər: “Nəyə gəlmisən, kimsən, məqsədi nədir?” Oradan da hörmətlə Bakıya yola salıblar. Kimi görsə, deyirmiş ki, “qaqa, şəhərdə heç yanı görə bilmədim, amma Şuşanın “KPZ-si” əladır, çox xoşuma gəldi...”
Şuşa belə Şuşa, şuşalılar, belə şuşalılardır...

Xudaferin.eu

15:25