Kazan teatrının rejissoru: Çox istərdik ki, Şəkidə növbəti festivallarda da iştirak edək

Bu il xarici ölkələrdə nəzərdə tutulan beynəlxalq teatr festivalları arasında Şəki festivalı bizə daha maraqlı gəldi. Odur ki, tərəddüd etmədən təşkilatçılara iştirak ərizəsi göndərdik. İndi görürük ki, seçimimizdə heç də yanılmamışıq və festivalda iştirak etməkdən çox məmnunuq.

Xudaferin.eu bildirir ki, bu sözləri III Şəki Beynəlxalq Teatr Festivalında iştirak edən Rusiyadan gəlmiş “Yaradıcı qrup” Kazan Mədəni Təşəbbüslər Fondunun rejissoru Tufan İmamutdinov AZƏRTAC-ın bölgə müxbirinə müsahibəsində söyləyib.

Qonaq deyib: “Düşünürəm ki, festivala təqdim olunan tamaşalar standart səhnə əsərlərindən fərqlənməlidir. Təqdim etdiyimiz tamaşanın əsas mövzusu tatar əlifbasında baş verən dəyişikliklərlə bağlı idi. Xoreoqrafik rəqslər vasitəsilə tamaşaçılarda əlifbamız haqqında müəyyən təəssürat yaratmağa çalışdıq. Əminəm ki, tamaşamız sənətsevərlərin ürəyincə oldu”.

Azərbaycana ilk dəfədir səfər etdiklərini bildirən Kazan teatrının rejissoru qədim Şəki şəhəri ilə yaxından tanış olacağını da vurğulayıb. O, Şəkidə növbəti festivallarda da iştirak etmək arzusunda olduğunu söyləyib.

13:03