Kataloniya parlamentinin sədri ifadə vermək üçün məhkəməyə çağırılıb

 

İspaniya Ali Məhkəməsi Kataloniya parlamenti rəhbərliyinin 6 üzvünü, o cümlədən spiker Karme Forkadeli ifadələrinin alınması üçün çağırıb. Onlar noyabrın 2-də və 3-də ifadə verməli və məhkəməyə vəkillərin müşayiəti ilə gəlməlidirlər. Bu qərar prokurorluq regionun müstəqilliyinin elan edilməsində məsul olan parlament üzvlərinə qarşı iddia qaldırdıqdan sonra verilib. Onlar qiyamda, üsyanda və dövlət vəsaitinin israfında ittiham olunurlar. Şübhəlilər ifadə vermək üçün məhkəməyə gəlməkdən boyun qaçırsalar, prokurorluq onların həbsində israr edəcək.

Vəkil: Kataloniya hökumətinin sabiq başçısı Belçikaya sığınacaq xahişi ilə gəlməyib

Belçikanın qaçqınların işi üzrə baş komissarlığı Avropa İttifaqı ölkələri vətəndaşlarının krallığın ərazisində sığınacaq verilməsi barədə sorğusuna 5 gün ərzində cavab verməlidir. Kataloniya hökumətinin sabiq sədri Karles Puçdemon ölkəsində qiyamın təşkilində ittiham oluna və 30 ilə qədər azadlıqdan məhrum edilə bilər. Bu fakt ona Belçikada sığınacaq verilməsi üçün əsaslı səbəbdir.

Qeyd edək ki, oktyabrın 30-da Belçikada Karles Puçdemonla görüşən vəkil Pol Bekart siyasətçinin maraqlarını müdafiə edəcəyini bildirib. Onun sözlərinə görə, Kataloniya hökumətinin sabiq başçısı Belçikaya sığınacaq xahişi ilə gəlməyib və bu məsələyə dair hələlik heç bir qərar qəbul olunmayıb. Bir qədər əvvəl Belçikanın miqrasiya siyasəti və sığınacaq verilməsi üzrə dövlət katibi Teo Franken Kataloniya hökumətinin vəzifədən kənarlaşdırılan başçısına krallıqda siyasi sığınacaq verilməsini istisna etməyib. Belçikanın Baş naziri Şarl Mişel isə öz növbəsində Puçdemonun mümkün sığınacaq tələbinin gündəliyə daxil olmadığını bildirib.

Kataloniya hökumətinin saytları fəaliyyət göstərmir

 

Kataloniya hökumətinin, həmçinin onun başçısının və vitse-prezidentin saytlarının fəaliyyəti dayanıb. Govern.cat, president.cat və vicepresident.cat saytlarına giriş zamanı brauzer “serverin aşkar olunmadığını” və səhvin baş verdiyini göstərir. Xatırladaq ki, oktyabrın 27-də Kataloniya parlamenti müstəqilliyin elan olunması haqqında qətnaməyə səs verib. Amma sənəd nə Kataloniya parlamentinin, nə də muxtariyyət hökumətinin rəsmi bülletenində dərc olunmayıb. Qanuna əsasən, bütün sənədlər bülletendə dərc edildikdən sonra qüvvəyə minir. Qətnamənin qəbulundan dərhal sonra İspaniya senatı Kataloniyaya qarşı ölkə Konstitusiyasının indiyə qədər istifadə olunmayan 155-ci maddəsinin tətbiqi ilə bağlı qərar qəbul edib. Baş nazir Mariano Rahoy Kataloniya hökumətinin başçısı Karles Puçdemonu və hökumət üzvlərini vəzifədən kənarlaşdırıb. Həmçinin regional parlament buraxılıb və dekabrın 21-nə növbədənkənar seçkilər təyin olunub. İspaniya hökuməti tərəfindən istefaya göndərilən Kataloniya parlamenti bu qərarı qəbul edib və növbədənkənar seçkilərə qədər fəaliyyətini dayandırıb.

Xudaferin.eu

"Avropa Bürosu"

 

09:36