Kataloniya liderinə İspaniya parlamentində hökumətlə debat keçirmək təklif olunub

 

İspaniya Senatı (parlamentin yuxarı palatası) Kataloniyanın başçısı Karles Puçdemona parlamentin oktyabrın 26-da və ya 27-də baş tutacaq iclasında Pireney krallığının hökumət üzvləri ilə debat keçirməyi təklif edib.

Bu barədə Senat sədrinin birinci müavini Pedro Sans oktyabrın 24-də keçirilən mətbuat konfransında bildirib. “Biz burada hökumətin təklif etdiyi tədbirləri müzakirə edirik”, - deyə Sans vurğulayıb. Onun sözlərinə görə, iclasda İspaniyanın Baş naziri Mariano Rahoyun da iştirak edəcəyi gözlənilir.
Xatırladaq ki, oktyabrın 21-də krallıq hökumətinin başçısı Mariano Rahoy konstitusiyanın indiyə qədər istifadə olunmayan 155-ci maddəsinin işə salınacağını bildirmişdi. Həmin maddə Madridə Puçdemonu və Kataloniya hökumətinin üzvlərini vəzifədən kənarlaşdırmaq hüququ verir. Bundan əlavə, Madrid ən geci yarım ildən sonra muxtariyyətdə seçkilər keçirmək niyyətindədir. Təklifin qüvvəyə minməsi üçün İspaniya Senatı oktyabrın 27-nə nəzərdə tutulan iclasında hökumətin qərarını təsdiqləməlidir. Kataloniya parlamenti isə öz növbəsində oktyabrın 26-da iclas keçirərək Barselonanın Madridə necə cavab verəcəyini müəyyənləşdirəcək.

Xudaferin.eu
“Avropa Bürosu”

09:26