Kasıbları sevindirməyən büdcə: Maaş və pensiyalar artırılmayacaq

Yaxın günlərdə pensiya, təqaüd, maaş və sosial müavinətlərin artırılacağı gözlənilir. Hətta prezident İlham Əliyev Milli Məclisin ölkədə yaşayış minimumu və ehtiyac meyarının artırılması haqqında qanunlarını təsdiqləyib. Dövlət başçısı “Azərbaycan Respublikasında 2017-ci il üçün ehtiyac meyarının həddi haqqında” və “Azərbaycan Respublikasında 2017-ci il üçün yaşayış minimumu haqqında” qanunlarının tətbiqi barədə sərəncam imzalayıb. 2017-ci il üçün yaşayış minimumu ölkə üzrə 155 manat, əmək qabiliyyətli əhali üçün 164,5 manat, pensiyaçılar üçün 130,2 manat, uşaqlar üçün 136,6 manat məbləğində müəyyən edilib. Bundan əlavə ünvanlı dövlət sosial yardımının təyin edilməsi məqsədilə 2017-ci il üçün ehtiyac meyarının həddi 116 manat məbləğində təsdiqlənib. Hər iki qanun artıq 2017-ci il yanvarın 1-dən qüvvədədir. Qeyd edək ki, bu qərarla maaş və müavinətlər də müvafiq nisbətlərdə artırılacaq. Belə ki, 2017-ci ilin dövlət büdcəsində təqaüd, pensiya və sosial müavinətlər üçün ayrılan vəsaitdə 12.6 faiz artım proqnozlaşdırılır. Şəhid olanların uşaqlarına verilən müavinətlər isə 2.9 faiz artırılacağı bildirilir. Bu barədə Milli Məclisin Əmək və Sosial Siyasət Komitəsinin sədri Hadı Rəcəbli bildirmişdi. Onun sözlərinə görə, Azərbaycanın 2017-ci il üzrə dövlət büdcəsində sosial məsələlərə 1.8 faiz artıq vəsait ayrılıb ki, bu da təqribən 2 milyard 53 milyon manat təşkil edir. Pensiya, sosial müavinətlərin, təqaüdlərin, ünvanlı sosial yardımların, həmçinin, dövlət büdcəsindən maliyyələşən təşkilatlarda əmək haqlarının artırılması üçün 2017-ci ilin büdcəsində 436 milyon manat vəsaitin ayrılması nəzərdə tutulur. Ekspertlər isə maaş və pensiyaların artırılacağının mümkünsüzlüyünü qeyd edirlər. Bildirirlər ki, dövlət büdcəsi buna imkan vermir. 

İqtisadçı-ekspert Natiq Cəfərli “Cümhuriyət” qəzetinə açıqlamasında deyib ki, büdcə nəzərdə tutulan rəsmi inflyasiya qədər indeksləşmə məsələsidir: “Yəni, təqaüdlərin və minimum əmək haqlarının rəsmi inflyasiya qədər indeksləşdirilməsi olmalıdır. Qanunun tələbu budur. Çox güman ki, rəsmi inflyasiya elan edildikdən sonra məhz həmin həcmlər rəsmi inflyasiya qədər indeksləşmə olacaq. Amma bundan əlavə il ərzində hər hansı bir maaş və təqaüdlərdə artım gözlənilmir. Büdcə parametrlərində bununla bağlı bir maliyyə vəsaiti nəzərdə tutulmayıb. Bir ehtimal ola bilər ki, may ayında büdcəyə yenidən baxılma ehtiyacı yaransa, o zaman müvafiq dəyişikliklər baş verə bilər. Bu günə görünən odur ki, rəsmi inflyasiya həddi qədər indekləşmədən başqa hər hansı bir maaş və pensiyaların artımı nəzərədə tutulmayıb. Amma bu da bu günki qiymət artımı fonunda insanların ehtiyaclarını ödəyəcək səviyyədə deyil. Büdcədə yaranan o problemlər hökumətin də artıma getmək imkanlarını kifayət qədər məhdudlaşdırıb”. Ekspert vurğulayıb ki, 2017-ci ilin dövlət büdcəsində təqaüd, pensiya və sosial müavinətlər üçün ayrılan vəsaitdə 12.6 faiz artımın proqnozlaşdırılması sosial xərclərin ümumi məbləğidir: “Yəni, artım rəsmi inflyasiya qədər indekləşmə üçün nəzərdə tutulub. Bu indeksləşmədən əlavə başqa bir formada ciddi maaş və təqaüdlərin artması ehtimalı yoxdur. Ən azı bu ilki büdcənin təsdiq olunmuş variantında yoxdur. Hər hansı bir formada gələcəkdə parlament tərəfindən dəyişiklik ediləcəksə, hökumət təqdimatı olacaqsa, bu başqa məsələ... Hələlik bu yaxın aylar üçün gözlənilmir. Yaxın günlərdə çox güman ki, indeksləşmə ilə bağlı prezident fərmanı olacaq”.
Natiq Cəfərli əlavə edib ki, ərzaq məhsulları, mal və xidmətlərin bahalaşması ilə bağlı rəsmi rəqəmlər Azərbaycanda hər zaman problemli olub: “Statistika siyasiləşdiyindən, rəqəmlər həmişə kifayət qədər aşağı səviyyələrdə göstərilir. Ərzaq inflyasiyası 14, 8 faiz, yəni, 15 faizə yaxın göstərilir. Azərbaycanda qeyri-ərzaq inflyasiyası ondan bir qədər artıq göstərilib. Əslində Azərbaycanda 2016-ci ilə daxil olarkən iki dəfə devalvasiya olubsa, həmin ildə rəsmi məzənnə 15 fazi dəyər itiribsə, təbii ki, mal və xidmətlərin qiymətində daha ciddi artım olacaq. Sadəcə, statistika bunu göstərmir. Bu il də onu nəzərə almaq lazımdır ki, ötən ilin sonunda kommunal xidmətlərdə də ciddi qiymət artımları oldu. Bu isə mal və xidmətlərin 2017-ci ildə daha sürətlə bahalaşmasına səbəb olacaq. Bu il inflyasiya rəqəmi yenə də ikirəqəmli inflyasiya ilə qarşı-qarşıya qalacaq. Çox güman ki, 2016-cı ilə nisbətən daha artıq inflyasiya rəqəmi olacaq. Rəsmi qurumlar bunu təsdiqləyəcək və ya təsdiqləməyəcək, bunu demək çətindir. Dolayı yollarla hesablamalardan belə nəticəyə gəlmək olar ki, Azərbaycanda həmişə rəsmi statistika ilə real qiymət artımı arasında təqribən iki dəfə, hətta bir az çox fərq olur.  Ərzaq inflyasiyası 15 faiz elan olunubsa, ötən il ərzaqda ən azı 30 faiz qiymət artımını demək mümkündür. Çünki insanları daha çox ərzaq maraqlandırır. Kommunal xərclərin artımını və valyuta məzənnəsində gedən dəyişiklikləri nəzərə alsaq, bu il qiymət artımı daha sürətli və daha artıq olacaq”.

Cebhe.info

13:17