“KarabakhSpace” portalı: Birinci Qarabağ müharibəsi zamanı itkin düşənlərin taleyinə aydınlıq gətirməyin vaxtıdır

Birinci Qarabağ müharibəsi zamanı itkin düşənlərlə bağlı məsələ diqqət mərkəzində saxlanılır. Müharibə yalnız ərazilər, hərbi gərginliyi artıran düşmənçilik və ya geosiyasətlə bağlı deyil. Döyüşlərin bilavasitə təsirinə məruz qalan insanlar üçün müharibə, ilk növbədə, humanitar faciələr və yaxınlarının qəfil itkisidir. Mən bunu şəxsən yaşamışam. 1993-cü ildə Ermənistan silahlı birləşmələri Kəlbəcər rayonunun Başlıbel kəndinə doğru irəlilədikdə (mənim o vaxt 4 yaşım var idi) ailə üzvlərimlə birlikdə ayaqyalın qaçmalı olduq. Nə baş verdiyini, insanların niyə çaxnaşma içində evlərini tərk etdiklərini və piyada hara getdiyimizi bilmirdim. Ailəmin o zaman keçirdiyi sarsıntını çətin xatırlayıram, amma geriyə baxanda başa düşürəm ki, o zaman bacım, anam və köməksiz, yeriyə bilməyən əlil nənəm üçün baş verənlər nə qədər sarsıdıcı olub.

Xudaferin.eu AZƏRTAC-a istinadən  xəbər verir ki, bu fikirlər “KarabakhSpace” saytında dərc olunan Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin baş məsləhətçisi Vasif Hüseynovun “Birinci Qarabağ müharibəsi zamanı itkin düşənlərin taleyinə aydınlıq gətirməyin vaxtı çatıb” sərlövhəli məqaləsində yer alıb.

Müəllif 1993-cü ilin aprelində kəlbəcərlilərin erməni silahlı qüvvələrinin mühasirəsində qaldıqlarını bildirib. Deyib ki, o vaxt azərbaycanlıların rayonu tərk etməsi üçün cəmi on saat vaxtları var idi. Avtomobillər və məhdud sayda helikopter yalnız az sayda insanı xilas edə bilmişdi.

“Birinci Qarabağ müharibəsi elə bir faciədir ki, o vaxtdan 30 il keçməsinə baxmayaraq, minlərlə azərbaycanlının ağlında və qəlbində sağalmaz bir yara qoyub. Ermənistan silahlı birləşmələrinin azərbaycanlıları zorla çıxardıqları ərazilər Azərbaycanın İkinci Qarabağ müharibəsində qazandığı hərbi Qələbə sayəsində 2020-ci ilin sonlarında azad edilsə də, Birinci Qarabağ müharibəsindən minlərlə insan barədə hələ də xəbər yoxdur. İtkin düşmüş 4 minə yaxın şəxsin, o cümlədən 719 mülki şəxsin (326 qoca, 267 qadın, 71 uşaq) və hərbi əsirlərin taleyi hələ də naməlumdur”, - deyə məqalədə qeyd olunub.

Bildirilib ki, fevralın 4-də Fransa Prezidenti Emmanuel Makronun vasitəçiliyi ilə Ermənistan və Azərbaycan liderlərinin videoformatda baş tutmuş görüşündə Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel 1990-cı illərin əvvəllərində baş vermiş hərbi əməliyyatlar nəticəsində itkin düşmüş şəxslərin axtarışı üzrə səylərin yenidən gücləndirilməsinin vacibliyini qeyd edib. Fransa itkin düşmüş şəxslərin axtarışı prosesində Azərbaycana dəstək verməyə hazır olduğunu bəyan edib və onların axtarışı ilə bağlı fəaliyyəti üçün Beynəlxalq Qızıl Xaç Komitəsinə (BQXK) maliyyə yardımı ayırıb.

Həmin görüşdən bir neçə gün sonra Nikol Paşinyan jurnalistlərə açıqlamasında bildirib ki, Ermənistan tərəfi son bir ildə Birinci Qarabağ müharibəsi zamanı itkin düşmüş 108 nəfərin cəsədini Azərbaycana qaytarıb və daha 2 cəsəd təhvil veriləcək. O, bunu erməni tərəfinin humanitar keyfiyyətlərinin nümunəsi kimi elan etsə də, Ermənistanın bu müddət ərzində cəsədləri qaytarılan ailə üzvlərinin 30 il nə üçün gözlədiyi məlum deyil. Həmçinin Ermənistan hakimiyyəti tərəfindən itkin düşmüş şəxslərin taleyi ilə bağlı lazımi araşdırma aparılmayıb və bu, müharibələrarası dövr ərzində (1994-2020) ölkənin beynəlxalq hüquq qarşısında götürdüyü öhdəliklərin kobud şəkildə pozulmasıdır.

“İtkin düşdüyü bildirilən azərbaycanlıların heç də hamısı ermənilər tərəfindən əsir götürüldükdən sonra dərhal öldürülməyib. 267 mülki azərbaycanlının (o cümlədən 29 uşaq, 98 qadın, 112 qoca) Ermənistan tərəfindən girov götürüldüyü və azad edilmədiyi barədə Beynəlxalq Qızıl Xaç Komitəsi tərəfindən qismən də təsdiqlənmiş sübutlar var. Buraya 1993-cü ildə Kəlbəcərin Başlıbel kəndinin işğalı zamanı Ermənistan silahlı birləşmələri tərəfindən girov götürülən qohumlarım da daxildir. Həmin dövrdə zorla Ermənistana aparılan və ya itkin düşən bu insanların taleyi ilə bağlı heç bir məlumatımız olmayıb. İtkin düşmüş şəxslərin dəfn olunduğu yerlər haqqında dəqiq məlumat vermək və onların cənazələrini qaytarmaq növbəsi Ermənistanındır”, - deyə müəllif vurğulayıb.

Vasif Hüseynov bildirib ki, 1994-cü ildə “Washington Post” qəzetində dərc edilən məqalə də daxil olmaqla, o zamanlar Qərb mediasında yer alan xəbərlərdə qətlə yetirilməyən bəzi azərbaycanlı əsirlərin qul kimi işləməyə məcbur edildiyi qeyd olunub.

Xudaferin.eu

23:37