Kanadada yaşayan azərbaycanlı şagird növbəti uğura imza atıb

Xarici ölkələrdə yaşayan soydaşlarımızın övladları təhsil sahəsində uğurlu nəticələr göstərməkdə davam edirlər. Bununla bağlı növbəti xoş xəbər Kanadadan gəlib.

Musavat.com “oxu.az”a istinadən xəbər verir ki, bu ölkədə yaşayan azərbaycanlı ailənin övladı Sibel Cahangirli ABŞ-ın Dyuk Universitetinin (Duke University) xüsusi istedadlı şagirdlər üçün nəzərdə tutulmuş proqramının “Data Science” (“Məlumatlar haqqında Elm”) kursunu müvəffəqiyyətlə bitirərək 98%-lik nəticə əldə edib.

Sibel hələ 12 yaşında SAT imtahanı verərək sözügedən proqrama qəbul olunub. Elə həmin il bu proqramın Dyuk Universitetinin düşərgəsində təşkil edilən "Problemlərin Riyazi Həlli", növbəti il isə “Riyazi Modellər və Tətbiqi Statistika” yay kurslarını yüksək göstəricilərlə başa vurub.

Torontodan əvvəl ABŞ-ın Atlanta şəhərində yaşayan Sibel hələ 11 yaşında ikən Yüksək Akademik Nailiyyətlərə görə ABŞ Prezidentinin Təhsil Mükafatı Proqramının sertifikatı ilə təltif edilib.

Hazırda ailəsi ilə birlikdə Toronto şəhərində yaşayan Sibelin 15 yaşı var. Məktəbli soydaşımızı təhsil sahəsində əldə etdiyi nailiyyətlər münasibətilə təbrik edir və gələcək elmi karyerasında ona daha böyük uğurlar arzulayırıq.

xudaferin.eu

21:59