Kamilə Əliyeva: Yaxın vaxtlarda füsunkar Kəlbəcər yenidən öz doğma sakinlərinə qucaq açacaq

Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin başçılığı ilə rəşadətli Azərbaycan Ordusu 44 gün ərzində işğalçı Ermənistan ordusunu darmadağın edərək, 30 il işğal altında qalan torpaqlarımızın böyük hissəsini azad etdi. 2020-ci il noyabrın 10-da Ermənistanın baş naziri Paşinyan müharibədə məğlub olduqlarını etiraf edərək kapitulyasiya aktına imza atdı. Prezident İlham Əliyev müharibədə olduğu kimi, siyasi arenada da Ermənistanı diz çökdürdü. 2020-ci il noyabrın 25-də Kəlbəcər rayonu bir güllə belə atılmadan, şəhid vermədən siyasi yolla işğaldan azad edildi.

Bunu AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Kamilə Əliyeva deyib.

Kəlbəcər rayonunun Azərbaycanın ən qədim və gözəl yaşayış məskənlərindən biri olduğunu qeyd edən deputat bildirib ki, rayon ərazisində 30 min il tarixi olan qədim yaşayış məskənləri, 6 min il yaşı olan qaya təsvirləri, qədim türk əlifbası nümunələri aşkar edilib. Füsunkar təbiətə malik Kəlbəcər dünyada nadir rast gəlinən müalicəvi yeraltı suların mövcud olduğu unikal bir ərazidə yerləşir. Kəlbəcərin dünyada analoqu olmayan İstisuyu bir çox xəstəliklərin dərmanıdır. Sovetlər İttifaqı zamanı xarici, eləcə də müttəfiq respublikaların vətəndaşları müalicə olunmaq üçün İstisu sanatoriyalarına üz tuturdular. Kəlbəcərin digər təbii bulaqları, bitkiləri öz unikallığı və müalicəvi əhəmiyyəti ilə şöhrət qazanıb.

“Ermənistan silahlı qüvvələri Kəlbəcəri 1993-cü il aprelin 2-də işğal etmişdilər. Ermənilər 27 ildən çox bu rayonu talan elədilər. Onlar evlərin daşlarını söküb, meşələri qıraraq Ermənistana daşıyırdılar. Kəlbəcərin qızıl yataqlarını istismar edərək qanunsuz yollarla xarici şirkətlər vasitəsilə başqa dövlətlərə satırdılar. Ermənilər bu torpaqların təbiətinə belə qənim kəsilmişdilər. İşğaldan əvvəl Kəlbəcərdə 88 mindən çox əhali yaşayırdı. Kəlbəcərin işğalı zamanı buranın sakinləri respublikamızın 50-dən çox bölgəsinə yerləşdirildi. İşğal zamanı 511 dinc sakin öldürülüb, 321 nəfər əsir götürülüb. Ermənilərdən canlarını qurtarmaq istəyən uşaqlar, qocalar, qadınlar qışın şaxtasında dağlarda donaraq dünyalarını dəyişiblər.

Bütün bu məşəqqətlərə baxmayaraq, kəlbəcərlilər bir gün belə Kəlbəcəri unutmadılar və geri dönəcəklərinə inandılar. Kəlbəcərlilər öz liderinə, Prezident İlham Əliyevə, Ali Baş Komandana inanırdılar və əmin idilər ki, torpaqlarımızı mütləq işğaldan azad edəcək”, - deyə K.Əliyeva bildirib.

Deputat diqqətə çatdırıb ki, dövlətimizin başçısı xalqa verdiyi bütün vədləri yerinə yetirdiyi kimi, torpaqlarımızın işğaldan azad edilməsi ilə bağlı sözünü də yerinə yetirdi. Bu gün Qarabağa, Şərqi Zəngəzura "Böyük Qayıdış" planları reallaşmaqdadır. İşğaldan azad edilmiş bütün torpaqlarımızda, eləcə də Kəlbəcərdə sürətli şəkildə böyük quruculuq və yenidənqurma işləri aparılır. Yaxın vaxtlarda füsunkar Kəlbəcər yenidən öz doğma sakinlərinə qucaq açacaq. Kəlbəcər əvvəlkindən də gözəl bir diyara çevriləcək.

Xudaferin.eu

23:01