Kaliforniyada meşə yanğınları: ilk insan tələfatı qeydə alınıb

ABŞ-ın Kaliforniya ştatının cənubunda tüğyan edən meşə yanğınları nəticəsində azı 2 nəfər həlak olub. Cəsədlər San-Dieqo şəhərindən təxminən 70 kilometr şimalda aşkarlanıb.

Xudaferin.eu Interfax informasiya agentliyinə istinadla xəbər verir ki, bu ərəfədə yanğınsöndürənlər daha iki yeni yanğın ocağını qeydə alıb. Beləliklə, yanğınların əhatə etdiyi rayonların sayı 6-ya, ümumi sahəsi 57 min hektara çatıb. Azı 500 evin yandığı, fəlakət zonasından 190 minə yaxın insanın təxliyə olunduğu bildirilir.

“Tomas” adı alan meşə yanğınları artıq Ventura dairəsində 46 min hektar əraziyə yayılıb. Ştatın yanğınsöndürmə xidməti əlverişsiz hava şəraiti ilə əlaqədar alovun daha sürətlə yayılma ehtimalı barədə əhalini xəbərdar edib. Dekabrın 9-dək davam edəcəyi proqnozlaşdırılan güclü külək və ərazidəki quru bitki örtüyü yanğınla mübarizəni daha da mürəkkəbləşdirir.

Dekabrın 7-də Kaliforniya qubernatoru Cerri Braun Santa-Barbara dairəsində fövqəladə vəziyyət rejimi elan edib. Bir qədər əvvəl isə Los-Anceles dairəsində fövqəladə vəziyyət rejimi tətbiq olunmuşdu.

CNN telekanalının məlumatına görə, alovla mübarizəyə 5,7 min yanğınsöndürən, həmçinin ABŞ Silahlı Qüvvələrinin nümayəndələri cəlb olunub.

Xudaferin.eu

20:21