KABAR agentliyi Kəlbəcərdə azərbaycanlı jurnalistlərin faciəli ölümündən yazıb

Qırğızıstanın KABAR milli xəbər agentliyi Kəlbəcər rayonunda azərbaycanlı jurnalistlərin həlak olması barədə AZƏRTAC-a istinadla məqalə dərc edib.

Məqalədə qeyd olunur ki, iyunun 4-də Kəlbəcər rayonunun Susuzluq kəndi ərazisində çəkiliş aparan Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC) və Azərbaycan Televiziyasının (AzTV) əməkdaşları minaya düşüblər. Tank əleyhinə minanın partlaması nəticəsində AZƏRTAC-ın müxbiri Məhərrəm İbrahimov və AzTV-nin operatoru Sirac Abışov həlak olublar.

Məhərrəm Əli oğlu İbrahimov 1982-ci il aprelin 16-da Ermənistanın Krasnoselsk rayonunun Ardanış kəndində anadan olub. Orta məktəbi bitirdikdən sonra 1999-cu ildə Ali İctimai-Siyasi Kollecin jurnalistika fakültəsinə daxil olub. Ali məktəbi bitirdikdən sonra 2003-2004-cü illərdə DİN-in daxili qoşunlarında hərbi xidmət keçib.

2004-cü il sentyabrın 1-dən AZƏRTAC-da müxbir, 2007-ci il yanvarın 16-dan aparıcı müxbir işləyib.

KABAR agentliyi həlak olanların doğmalarına və yaxınlarına, həmçinin Azərbaycan Dövlət İnformasiya Agentliyinə əməkdaşının həlak olması ilə əlaqədar başsağlığı verir.

Xudaferin.eu

16:59