Jurnalistin qalmaqalı böyüdü

Rusiyadakı səfirliyimizdən eksklüziv Polad Bülbüloğlu açıqlaması

Rusiyadakı səfirliyimizdən Polad Bülbüloğlu açıqlamasıLider TV-nin Rusiyadakı müxbiri Anar Həsənovun işdən qovulması son günlərin əsas hadisəsi olub. Həmkarımızla bağlı verilən qərar ciddi qınaq obyektinə tuş gəlib, sosial şəbəkələr və mətbuatın əsas müzakirəsinə çevrilib. Jurnalistin Rusiyadakı fəaliyyətinin dayandırılması barədə vəsatəti ölkəmizin Moskvadakı səfiri Polad Bülbüloğlu qaldırıb. O, hesab edib ki, jurnalistin xarici işlər nazirinə verdiyi bu sual və nazirin suala açıq cavab verməsi iki ölkənin dostluq münasibətlərinə xələl gətirib. Səfir jurnalistin sualını “təxribatçı sual” kimi dəyərləndirib və bu cür sual verdiyinə görə onun ünvanına ağır sözlər işlədib, hətta jurnalisti təhqir etməkdən çəkinməyib.
Məsələ ilə bağlı Azərbaycanın Rusiya Federasiyasındakı səfirliyi ilə əlaqə saxladıq. Səfirlikdən verilən açıqlamada məlumat təkzib olunmayıb: “Polad Bülbüloğlunun jurnalistin işdən azad olunması barədə verdiyi vəsatətdən xəbərimiz yoxdur. Təəssüf ki, ətraflı məlumat verə bilməyəcəyik”.
Xatırladaq ki, jurnalistin işdən qovulmasına səbəb kimi onun Rusiyanın xarici işlər naziri Sergey Lavrova ünvanladığı sual göstərilir. Yanvarın 17-də 2016-cı ilin yekunları ilə bağlı Rusiyanın XİN rəhbərinin keçirdiyi mətbuat konfransında həmkarımızın bu sualı ona ünvanlayıb: “Azərbaycan tərəfinin antiterror əməliyyatlarına başlayacağı və işğal olunmuş əraziləri işğalçılardan təmizləyəcəyi təqdirdə Moskva necə hərəkət edəcək: buna göz yumacaq, yoxsa Azərbaycanın daxili işlərinə qarışacaq?”
Lavrovun məhz bu suala cavabı son günlərdə Azərbaycanda təkcə rəsmi deyil, ictimaiyyət səviyyəsində ciddi etiraz doğurub. XİN rəhbərinin Lider TV-nin müxbirinin sualına cavabını bir daha xatırladırıq: “Dağlıq Qarabağ ərazisində güc əməliyyatlarının və döyüş hərəkətlərinin keçirilməsi Azərbaycanın daxili işi deyil”.
P.S. Qeyd edək ki, Azərbaycan bir dövlət olaraq, BMT-nin üzvü olduğu zaman dünyanın bütün ölkələri dövlətimizin ərazi bütövlüyünü tanıması barəsində beynəlxalq sənədlərə imza atıblar. Belə olduğu halda, Polad Bülbüloğlunun mövqeyi anlaşılan deyil. Belə çıxır ki, Polad Bülbüloğlu “iki dövlət arasında münasibətlər” çərçivəsində dövlətmizin ərazi bütövlüyünün təmin edilməsi istiqamətində bütün qanunlara tüpürmək xəttini tutub. Belə olmasaydı, “Lider TV”nin əməkdaşının suallarına görə onun işdən qovulmasında bunca israrlı olmazdı. 

Politika.Az

11:59