İyirmi dörd saatlıq antiterror tədbirləri ilə Azərbaycan Ordusu dünyada ən güclülərdən biri olduğunu sübut etdi - ŞƏRH

Azərbaycan 44 günlük Vətən müharibəsində torpaqlarını işğaldan azad etməklə Qarabağ münaqişəsinin bitdiyini elan etdi və qalan məsələlərin həllinə siyasi yollarla davam edəcəyini bilirdi. Müharibənin başa çatdığı ilk aylarda Ermənistan bütün öhdəliklərini icra etməyə hazır olduğunu bildirsə də, sonradan bir az özünə gələn kimi sözünə əməl etmədi. Həmçinin 2020-ci il 10 noyabr tarixli üçtərəfli Bəyanatın icra olunmasından boyun qaçıraraq, 10 min nəfərlik silahlı birləşmələri ərazilərimizdə saxladı. Laçın yolu ilə hərəkət sərbəst olan vaxt Ermənistan qeyri-qanuni dəstələrini silahlarla təchiz edir və ərazilərimizin minalanması üçün 2021-ci il istehsalı olan minaları ölkəmizə daşıyırdı. Azərbaycan Ermənistanın bu düşmən davranışları ilə bağlı sülhməramlıları və beynəlxalq ictimaiyyəti dəfələrlə məlumatlandırsa da, bu barədə heç bir tədbir görülmədi. Cəzasızlıq mühitindən ruhlanan Ermənistan və separatçılar revanşizm şüarları səsləndirərək statusla bağlı məsələni yenidən gündəmə gətirməyə cəhd etdilər. Hətta Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılmasına töhfə verəcəyini deyərək təşəbbüs göstərən Qərb də erməni lobbisinin girovuna çevrilərək sözü üstündə durmadı.

Bu sözləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Azər Badamov söyləyib.

O deyib ki, Azərbaycan Prezidenti müharibə başa çatanda Qarabağdakı ermənilərə statusun verilməsi ilə bağlı məsələnin cəhənnəmə göndərildiyini bəyan etmişdi. Amma separatçılar bundan nəticə çıxarmadılar və mütəmadi olaraq təxribatlara əl atdılar. Son bir ayda Qarabağdakı qanunsuz hərbi birləşmələrin təxribatları intensivləşdi. Beləliklə, sentyabrın 19-da erməni diversiya qrupu Füzuli-Əhmədbəyli-Şuşa yolunu yenidən minalanması nəticəsində polis və yol tikinti şirkətinin əməkdaşları həlak oldular və yaralandılar. Bu, artıq son olmalı idi. Baş verən bütün erməni təxribatları Azərbaycan Ordusunu lokal xarakterli antiterror tədbirləri keçirməyə məcbur etdi. İyirmi dörd saatadək davam edən tədbirlər nəticəsində Qarabağdakı qeyri-qanuni erməni silahlılarının döyüş mövqeləri dağıdıldı və separatçılar ağ bayraq qaldırmağına məcbur oldular.

“Azərbaycanın apardığı antiterror tədbirləri lokal xarakterli idi və Ordumuzun qarşısına mülki obyektlərə, insanlara zərər yetirilməməsi vəzifəsi qoyulmuşdu. Qarabağın relyefi dağlıq olduğundan və qeyri-qanuni erməni silahlıları uzun müddət yüksəkliklərdə möhkəmləndiyindən antiterror tədbirlərinin aparılması heç də asan məsələ deyildi. Ordumuz verilən tapşırığa əsasən ancaq legitim hərbi hədəfləri zərərsizləşdirdi və bu, humanistliyə görə dünyada aparılan ən nümunəvi antiterror tədbiri olaraq tarixə düşdü. Lokal antiterror tədbirlərinin yüksək dəqiqliklə aparılmasına Ordumuzun peşəkarlığı və müasir silahları idarə etmək bacarığı sayəsində nail olundu. Beləliklə, ərazilərimizdə “qarayara” kimi qalmış separatçıların yuvasını darmadağın etməklə Azərbaycan yeni uğur hekayəsini yazmış oldu.

Lokal xarakterli antiterror tədbirləri müddətində Ermənistan media qurumları feyk məlumatlardan istifadə etməklə Azərbaycan Ordusunun mülki insanları hədəf aldığı ilə bağlı dezinformasiyalar yaymağa başladılar. Azərbaycan Ordusunun qurduğu düzgün döyüş taktikası separatçıların bütün cəhdlərini iflasa uğratdı”, - deyə deputat bildirib.

A.Badamov əlavə edib ki, müharibənin başa çatdığı üç il ərzində Azərbaycan Silahlı Qüvvələri müharibəni bir daha təhlil etdi və buraxılmış səhvlər üzərində işləyərək daha da mükəmməlləşdi. Ona görə də 10 mindən çox silahlı olan bir ərazini 24 saata yaxın müddətdə nəzarətə götürə bildi. Sentyabrın 19-20-də Qarabağda aparılan lokal antiterror tədbirləri ilə Azərbaycan Ordusu dünyanın ən güclü ordularından olduğunu bir daha sübut etdi.

Xudaferin.eu

16:29