İtirilmiş nəslin söz ustadı Akif Səməd

Açıq və səmimi şəkildə deməliyik ki, 1970-ci illərin sonundan sonra Azərbaycan ədəbi mühitinə gələn istedadlı şair və yazıçılar demək olar ki, “İTİRİLMİŞ NƏSİL” adlandırmaq daha doğru olardı. Bu nəsil ədəbiyyatımıza düşüncə və baxışları ilə tamamilə yeni bir nəfəs gətirsə də, min dəfələrlə təəsüflər olsun ki, onların ədəbi baxışları, yenilikləri elə həmin 1950, 1960 və 1970-ci illərdə yetişmiş ədəbi nəsil tərəfindən mümkün qədər unutdurulmağa çalışmışdır. Min dəfələrlə təəssüflər olsun ki, o proses elə bu gün də davam etməkdədir. Azərbaycan ədəbi prosesi 1980-2016-cı illər aralığı sanki yoxluğun boşluğu içində qeybə çəkilib. Ara-sıra bəzi istedadsız yazarları önə çəkməklə onların fövqündə hələ də özlərinin “əzəməti”ni sübuta yetirmək xəstəliyi zahiri baxımdan effekt yaratsa da, gerçəkliklərin üstünü betonlamağa bənzəyir bu cəhdlər.

XUDAFERİN.EU saytı olaraq, Azərbaycan ədəbiyyatının unutdurulmuş nəslinin ən ünlü yazarları haqqında silsilə təqdimatlarımızı davam etdirəcəyik.
Akif Səməd 1959-cu il iyulun 22-də Qazax rayonunun Aslanbəyli kəndində anadan olmuşdur. Burada orta məktəbi bitirdikdən sonra Azərbaycan Dövlət Universitetinin jurnalistika fakültəsində təhsil alıb (1976-1982). "Gənc müəllim" qəzeti və "Mərhəmət" dərgisinin redaksiyalarında işləmiş, Azərbaycan Dövlət Teleradio Şirkətində redaktor vəzifəsində çahşıb. Tələbəlik illərindən bədii yaradıcılıqla ciddi məşğul olmuşdur. Şerləri dövri mətbuatda dərc edilmişdi. Sağlığında "Qiblə yelləri" (1992), "Uzaqlardan gəlirik" (1994), "Adəmdən" (1995), "Özümə yol" (1996) kitabları nəşr olunmuşdur. 2004-cü il iyulun 6-da Bakıda vəfat etmiş, doğma Aslanbəyli kəndində torpağa tapşırılmışdır. Ömrü boyu ədəbi məmurlardan uzaq gəzdi. Dörd dəfə ürək infaktı keçirdi. Bunun səbəbi kimi guya onun həddindən artıq içkiyə aludə olması kimi yozmağa çalışırlar. İllərlə dövlətdən heç bir imtiyaz da almadı. Düşüncə baxımından milli ədəbiyyatımızı yaradırdı. Min illər boyu Türkün ruhundan doğan estetik düşüncənin çağdaş anlamda bəlirtisini ifadə edirdi. Yüz ilə yaxın bir dönəmdə İncə Vadisinin (dərə yalnış olaraq deyilir) azğın ermənilərlə üz-üzə qalmasının dərdini hamıdan yaxşı bilirdi. Bu vadidəki Aslanbəyli, Qaymaqlı və Kəmərli kəndlərinin sakinləri sanki, ana yoldan bir qədər uzaqda yaşamaqla ilkinliklərini beləcə qoruyub saxlayıblar. Akif Səməd bütün şeirlərində, düşüncələrində məhz o ilkinliyi ifadə edib.

Şuşaya gedə bilmirəm

Bu halal yolnan-yoldaşnan,
Şuşaya gedə bilmirəm.
Bir belə qohum-qardaşnan,
Şuşaya gedə bilmirəm.

Qazağıq, özbəyik, türkük,
Tarixdə çoxuna görkük,
Həsrətdə, dözümdə bərkik,
Şuşaya gedə bilmirəm.

Uduzduq nədə, bilirəm,
Bilirəm, dədə, bilirəm.
Evimə gedə bilirəm,
Şuşaya gedə bilmirəm.

Şuşasız evim evdimi?
Dözən mənəmmi, devdimi?
Kimə söyləyim dərdimi?
Şuşaya gedə bilmirəm.

Şuşada güllər gülürmü?
Dağına duman gəlirmi?
Xudu müəllim bilirmi?
Şuşaya gedə bilmirəm.

Türk olmaq günahmı oldu?
Günahkar segahmı oldu?
Təbrizdən uzaqmı oldu?
Şuşaya gedə bilmirəm….

Ölüm, qurtar gordan məni
Güldən soruşan tapılmır,
Soruşurlar xardan məni.
Əkilməmiş ağacda nar,
Asın həmin nardan məni.

Yazını fələklər yazır,
Məzarı mələklər qazır,
Kətilim, kəndirim hazır,
Eləməyin dardan məni.

Çənim gəldi burum-burum,
Yolum daşdan hörüm-hörüm,
Mən çəkəni çəksin görüm,
Kim elədi yardan məni.

Hamımı azıb «babı»dı,
Çəkdiyim nə hesabıdı?
Yaşamaq gor əzabıdı,
Ölüm, qurtar gordan məni.

 

Hardasan

Könlümə baxdım, görmədim,
Əfəndim, xocam, hardasan?
Ömür binama hörmədim,
Yüksəyim, ucam, hardasan?

Bir dağı aşıb qalmışam,
Eşqə yanaşıb qalmışam,
Yollarda çaşıb qalmışam,
Ələməm, xaçam, hardasan?

Eşqlə sərsəri gəzirəm,
"Mən"dən içəri gəzirəm,
Adəmdən bəri gəzirəm,
Buddayam, hacam, hardasan?

Akifəm, qəlbimdə ahım,
Qoy ahım olsun pənahım,
Bilmirəm nədi günahım,
Ay məndən qaçan, hardasan?

 

İncəyə məktub

Axı, biz simsarıq, Kərim günlüyü,
Çox da dəyişmişəm şəhərdə bir az.
Niyə qaşqabaqsan, Yetər güllüyü,
Belə ki, qohumluq, qardaşlıq olmaz.

Xoş gördük, necəsən, a Güy-güy qala,
Axı səninlə də dostuq, tanışıq.
Oturaq diz-dizə, baxaq göz-gözə,
Olandan, keçəndən bir az danışaq.

Qırımın başqadı niyə sənin də,
Qayalı bulağım, Qaya yatağım.
Nə qədər azmışam duman-çənində,
Nə qədər titrədib məni sazağın.

Dondu dilinizdə "xoş gördük" sözü,
Günahın nədi ki, su sonaları?
Mənim də adımı yazın "dəftərə",
Subaylar sınayan qız anaları.

Hanı, Hilal nənə, alma, nar payım?
İncə dərəm, mən də oğlunam sənin,
Hanı, Qaraquzey, hanı qar payım,
Hanı, Sultan ciji, naxışlı corab?

Şəhərdə şəhərin "yiyəsi" olam,
Yenə alğışına bağlıyam sənin.
Belə ögeylikdən çəkinməm, qorxmam,
Könlüm bu yerlərlə dil tapasıdı.

Bu kəndi qəlbində gəzdirən oğlan
Bu kəndin qəlbinə yol tapasıdı.

 

Arxadaş

Məmməd Dəmirçioğluna

Bütün yollar dolanıban dünyanı,
Kəndə dönür, kəndə dönür, arxadaş,
Üz çevirməz bəndəsindən yaradan,
Bəndə dönür, bəndə dönür, arxadaş.

Yanar ocaq birdəfəlik ha sönmür,
Kül altında qor illərlə görünmü,
Üzüdönük bircə dəfə ha dönmür,
Gündə dönür, gündə dönür, arxadaş.

Qara qoçun sabahı yox, sabahı,
Qara acın pənahı yox, pənahı.
Qara sacın günahı yox, günahı,
Kündə dönür, kündə dönür arxadaş.

Səndən qabaq kimlər baxıb bu çaya,
Nə hesaba gələsidi, nə saya.
Yer fırlanmır, nə Günəşə, nə Aya,
Səndə dönür, səndə dönür, arxadaş.

Nə yatıbsan bu sərində, kölgədə,
Səni gəzir Ağrı dağı bəlkə də,
İmanlısı Akif olan ölkədə
Din də dönür, din də dönür, arxadaş.

 

Ballada

Güldən soruşan tapılmır,
Soruşurlar xardan məni.
Əkilməmiş ağacda nar,
Asın həmin nardan məni.

Yazını fələklər yazır,
Məzarı mələklər qazır,
Kətilim, kəndirim hazır,
Eləməyin dardan məni.

Çənim gəldi burum-burum,
Yolum daşdan hörüm-hörüm,
Mən çəkəni çəksin görüm,
Kim elədi yardan məni.

Hamımı azıb "babı"dı,
Çəkdiyim nə hesabıdı?
Yaşamaq gor əzabıdı,
Ölüm, qurtar gordan məni.

 

İtirdiyimi gəzirəm

Mən məni harda itirdim,
Mən məni kimdə gəzirəm?!
Mən məni darda itirdim,
Bilməyib gendə gəzirəm.

Bir sınıq könül yappadım,
Kimsədən tikə qappadım,
Günəşli gündə tappadım,
Dumanda, çəndə gəzirəm.

Bəlkə də simdə itirdim,
Ara him-cimdə itirdim,
Özümü kimdə itirdim,
Qayıdıb səndə gəzirəm.

 

 

Gediş

Su kimi çəkilib getdim,
Nə fərqi yerə, ya göyə.
Dərdimi tapşırıb getdim,
Saza, kamana ya neyə.

Ağlamaynan mən öləndə,
Elə bil olmamışam heç.
Sevgi kimi, duyğu kimi,
Qəlbinə dolmamışam heç.

Mənli günləri yuxu bil,
Bir yuxuydu gəldi, getdi.
Nərgizdən gələn qoxu bil,
Bir qoxuydu gəldi, getdi.

Atilayım, Çilənayım,
Sorsalar atamız hanı?
Çaşma, ləngimə, təngimə,
Göstər beş-altı qoşmamı.

Dünyaya sözü olmadı,
Söylə ki, ürəkdən getdi.
Heç nədə gözü olmadı,
Gəlmişdi, ürəknən getdi.

 

Görəndə

Gül-çiçək dərəndə,
Sən Ona bax, Ona.
Güzgüyü görəndə,
Sən Ona bax, Ona.

Sultansan, qulu ol,
Yolçusu, yolu ol,
Ürəyi dolu ol,
Sən Ona bax, Ona.

Onnan istə izin,
Ayağa sürt üzün,
Qızıla yum gözün,
Sən Ona bax, Ona.

Dolan, dildə adı,
Kimdi könül odu,
Denən Odu, Odu...
Sən Ona bax, Ona.

Gözün-könlün toxsa,
Heçcə nəyin yoxsa,
Hamı sənə baxsa,
Sən Ona bax, Ona.

 

Doğru olanı yazanda

Hər dəfə də şeir yazmıram, canım,
Canım canda ağrıyanda yazıram.
Bu bürküdə, bu tünlükdə, bu gündə
Məni səndən oğruyanda yazıram.

Səmənitək bitmişəm ləyəndə,
Daş atılıb, mənə dəyib dəyən də.
Qızılgüllər bülbül bağrı yeyəndə
Şimşək göyü doğrayanda yazıram.

Akif Səməd qolboyundu dərmanla,
Yenə səni qarşılayar qurbanla.
Bəxt adlanan bir nanəcib fərmanla,
Səni məndən qarğıyanda yazıram.

 

Yaranış

Məni səhv yazdığım misra yandırır,
O misra görəsən birdi, beşdimi?
Dağın o üzündə noğul paylanır,
O üzə tələsən birdi, beşdimi?

Çaxır çox qalanda sirkə yaranıb,
Pələngdən əvvəlcə tülkü yaranıb,
Dünya gözəllərlə birgə yaranıb,
Sayasan, dərəsən, birdi, beşdimi?

Dünya yaranışdan, Akif, sirdi sirr,
Sirlərin əlində olmuşuq yesir,
Güllü gözəllərin telinə bir-bir
Gülləri hörəsən, birdi, beşdimi?

 

40 yaşın qoşması

Qonşu bağı gözəl, alması şirin,
Gedə bilmədiyim o yerlər gözəl.
Alma dərdim, niyə olmadı şirin,
Mənim bilmədiyim o sirlər gözəl.

Oxudum dərsimi "A"-"B"-yə çatdım,
Dolandım dünyanı Aveyə çatdım,
Yaşadım, otuzda əlliyə çatdım,
Gördüm ki, kəndiri kəsirlər gözəl.

Bu yalan dünyaya bilmədim gəldim,
Ağladım, doğuldum, gülmədim gəldim,
Ölənə kimi heç ölmədim gəldim,
Budaqda yarpaqlar əsirlər gözəl.

Çoxu bəmə düşdü, sən zilə yetdin,
Ömrün məqamında ən zilə yetdin.
Bilmədin karvanın mənzilə yetdi,
Akif, nə gizlinlər, nə sirlər, gözəl.

 

İncənin yolları

Binələri əldən çıxdı,
Endi İncənin yolları.
Bir gümüşü simə döndü,
Dindi İncənin yolları.

Neçə kəhərlər nal salıb,
Neçə igidlər ad alıb.
At səsinə həsrət qalıb
Indi İncənin yolları.

Dağ övladı kür olarmış,
O kürlükdə sirr olarmış.
Qala yolu bir olarmış,
Mindi İncənin yolları.

Dağlar, dərələr yaşıdı,
Tapdandı, gənə yaşadı.
Allah, şəhərə daşıdı
Kəndi İncənin yolları.

 

Sənsən

Yarəb, günahım çox , görəni sənsən,
Avandım dönməsin astara mənim.
Xatalı qulların kərəmi sənsən,
Salmaynan işimi dostlara mənim.

Boynum bükülməsin söz qapısında,
İlhamım yar olsun yüz qapı sanda,
Minnətli baxışla öz qapısında,
Yazığam, çəkməsin dost dara məni.

Yad qapı – döyərəm , ya təpiklərəm,
Yadı ya söyərəm, ya təpiklərəm,
Akif, dost əlində mis qəpiklərəm,
Aparıb çıxarmaz bazara məni.

 

Nərdtaxta ilə söhbət

Zər ilə qoşa atıldım,
Nərdi başa düşmədim.
Namərdi başa düşdüm,
Mərdi başa düşmədim.

Nə ağırmış söz işi,
Söz işindən göz işi,
Sevinc qaçdı öz işi,
Dərdi başa düşmədim.

Yolları daşa düşdüm,
Bir ömür qışa düşdüm,
Eh... birdə başa düşdüm,
Birdə başa düşmədim.

 

Yetmədim

Qırxa əliboş yetmədim,
İnfakt qoşasınnan gəldim,
Dərd gəcavədə şah qızı,
Sultan, paşasınnan gəldim.

Qırxdı, mənzilə az qaldı,
Bir-iki ağlar söz qaldı,
Sevincim misqal-misqaldı,
Dərdin xaşasınnan gəldim.

Çəkəmmədim gül qəhrini,
İçdim torpağın zəhrini,
Talatdım Vaqif şəhrini,
Tapdaq Şuşasınnan gəldim.

Qabağına qatdı külək,
Akifə qanaddı külək,
Bilmədim ağrılı ürək,
Daşlı baş hansınnan gəldim

 

 

18:22