İtaliyada mədəni irsin qorunması ilə bağlı beynəlxalq tədbirdə ölkəmiz də təmsil olunub

İtaliyanın Florensiya şəhərində Romualdo del Bianko Fondun Baş Assambleyası və “Planet üçün İrs – 2019” adlı simpoziumu keçirilib.

Mədəniyyət Nazirliyindən AZƏRTAC-a bildirilib ki, dünyanın 45 ölkəsindən mədəni irsin qorunması və təbliği sahəsində fəaliyyət göstərən təşkilatların nümayəndələrinin qatıldığı tədbirdə ölkəmizdən Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi Zakir Sultanovun rəhbərlik etdiyi nümayəndə heyəti iştirak edib.

Fondun prezidenti Paolo Del Bianko tədbirin açılış mərasimində çıxış edərək rəhbərlik etdiyi qurumun həyata keçirdiyi layihələr haqqında məlumat verib. Mədəni irsin qorunması sahəsində 40-dan çox ölkə ilə əməkdaşlıq edildiyini deyərək əlaqələrin daha da inkişafı istiqamətində çalışdıqlarını vurğulayıb.

Tədbirdə Zakir Sultanov ölkəmizin mədəniyyəti, tarixi mirası, eləcə də bu sahədə həyata keçirilən dövlət siyasəti haqqında məlumat verib. Diqqətə çatdırıb ki, Azərbaycan və İtaliya arasında əlaqələrin daha da möhkəmlənməsi məqsədilə mühüm işlər görülür. İki ölkə arasında mədəniyyət sahəsində həyata keçirilən tədbirlər xalqlarımızın mənsub olduqları böyük nailiyyətlərin təbliğinə, habelə qarşılıqlı səmərəli fəaliyyətə mühüm zəmin yaradır. Bu əlaqələrin inkişafında Heydər Əliyev Fondunun fəaliyyəti xüsusi əhəmiyyət daşıyır.

Zakir Sultanov ölkəmizin dünyada mədəni əlaqələrin, mədəniyyətlərarası dialoqun inkişafına verdiyi töhfələrdən də danışıb. Bu il ölkəmizdə V Mədəniyyətlərarası Dialoq Forumunun və UNESCO-nun Dünya İrs Komitəsinin 43-cü sessiyasının keçiriləcəyini vurğulayıb. Tədbir iştirakçılarını ölkəmizdə keçiriləcək həmin tədbirlərdə iştiraka dəvət edib.

Beynəlxalq tədbir çərçivəsində Dövlət Xidməti ilə Romualdo del Bianko Fondu arasında anlaşma memorandumu imzalanıb.

Mərasimdə Zakir Sultanov ölkəmizin mədəniyyət sahəsində bir çox beynəlxalq təşkilatlarla, eləcə də qeyri-hökumət təşkilatları ilə qarşılıqlı faydalı əməkdaşlıq üzrə layihələr həyata keçirdiyini diqqətə çatdırıb. Bu mənada Romualdo Del Bianko Fondu ilə əməkdaşlığın xüsusi əhəmiyyət kəsb etdiyini deyib.

Mərasimdə Romualdo Del Bianko Fondunun prezidenti Paolo Del Bianko memorandumun münasibətlərin daha da genişlənməsinə və inkişafına təkan verəcəyini deyib.

“Life Beyond Turizm” portalının Azərbaycanın mədəniyyətinin, incəsənətinin və irsinin daha geniş coğrafiyada tanıdılması üçün mühüm vasitəyə çevriləcəyinə inam ifadə olunub.

Səfər çərçivəsində ölkəmizin nümayəndə heyəti bir sıra vacib görüşlər keçirib, müzakirələrdə iştirak edib. O cümlədən Bəhreynin mədəni irsi və incəsənətinə həsr olunmuş sərgi ilə tanış olublar.

Qeyd edək ki, beynəlxalq tədbirə Dövlət Xidməti ilə yanaşı, Azərbaycan Memarlıq və İnşaat Universiteti, Memarlar İttifaqı və “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğunun da nümayəndələri də iştirak ediblər.

AZƏRTAC

17:11