İsveçrədə Novruz bayramı sevinci yaşanıb

İsveçrənin Bern şəhərində Azərbaycanlıların bu ölkədəki Koordinasiya Şurası tərəfindən Novruz bayramına həsr olunmuş tədbir keçirilib.

Xudaferin.eu xəbər verir ki, Koordinasiya Şurasının əlaqələndiricisi Qasım Nəsirov, İsveçrədəki diaspor təşkilatlarımızın rəhbərləri Arzu Əliyeva və Cevzet Aras mərasimdə çıxış edərək Azərbaycanın qədim tarixində özünəməxsus yer tutan Novruz bayramı, onun adət və ənənələri, tarixi və xüsusiyyətləri barədə ətraflı məlumat verib, bu bayramının məhz Azərbaycanın təşəbbüsü ilə UNESCO-nun qeyri-maddi mədəni irs siyahısına salındığı bildiriblər.

Tədbir çərçivəsində, həmçinin İsveçrədə fəaliyyət göstərən “Qarabağ” Azərbaycan məktəbinin şagirdləri tərəfindən rəqslərimiz ifa olunub və Novruza həsr edilmiş şeirlər səsləndirilib.

Şənlik iştirakçılarına musiqi proqramı ilə yanaşı, milli mətbəximizin ləziz nümunələri, o cümlədən şirniyyatları təqdim olunub.

Azərbaycanın İsveçrədəki səfirliyi və Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə baş tutan tədbirdə diasporumuzun üzvləri ilə yanaşı, yerli ictimaiyyətin nümayəndələri də iştirak ediblər.

Xudaferin.eu

14:24