İsveçli bloqer Bakıya üstünlük verir

İsveçli bloqer qadın Cənubi Qafqaz ölkələrinin paytaxtları arasında Bakıya üstünlük verir.

Tanınmış isveçli bloqer qadın, turistlər üçün “Ladies Abroad” internet-jurnalının təsisçilərindən biri olan Lena Löfblad Azərbaycan, Gürcüstan və Ermənistan paytaxtlarında olub və bu şəhərlər barəsində təəssüratlarını bölüşüb.

AZƏRTAC xəbər verir ki, Lena Löfblad həmin jurnalın səhifələrində hər üç ölkənin paytaxtının görməli yerləri, mədəniyyəti, tarixi abidələri və milli mətbəxi barədə söhbət açıb.

Müəllif Azərbaycan paytaxtı haqqında söhbət açaraq qeyd edir ki, Bakı tarixi qala divarı ilə əhatə olunmuş böyük şəhərdir. L.Löfblad yazır: “Köhnə şəhərin lap yaxınlığında modern üslublu gözəl binaları və enli küçələrı ilə fərqlənən yeni rayon yerləşir. Bakıda neft satışından əldə edilən pullar şəhərin simasını müasirləşdirməyə xərclənir, hər bir yeni bina əvvəlki ilə müqayisədə daha müasirdir”.

Materialda daha sonra şəhərdə ucalan Alov qüllələri, nəhəng gül şəklində layihələşdirilmiş yeni ticarət mərkəzi tikintisi barədə söhbət açılır. Bloqer xanım Azərbaycan mətbəxi barədə təəssüratlarını bölüşərək onun Türkiyə mətbəxi ilə oxşar olmasını qeyd edir. Müəllif yazır: “Azərbaycan mətbəxinin bütün yeməkləri bir-birindən dadlıdır”.

Lena Löfblad Ermənistan paytaxtı haqqında söhbətində bu şəhərin tarixi mərkəzinin olmamasını qeyd edib. Bloqer xanım yaxınlığındakı dağlara və kilsələrə ekskursiyalar təşkil olunmasına diqqəti cəlb edərək, Yerevanda görməli yerlərin olmamasına təəssüfləndiyini bildirir.

Cənubi Qafqaza səyahəti barədə söhbətinin sonunda bloqer xanım hər üç paytaxt şəhərini sevdiyini, lakin qədim Şərq üslubu ilə müasirliyin təzad təşkil etdiyi Bakıya heyran olduğunu qeyd edir. Onun fikrincə, “bu üç paytaxt şəhərindən ən müasiri Bakıdır və onun yeni Dubaya çevrilməsi üçün hər cür şərait var”.

AZƏRTAC


20:12