İstanbulda “TÜRKSOY və Türk Dünyası” konfransı

 

Uluslararası Türk Kültür Təşkilatı (TÜRKSOY) və İstanbul Böyükşəhər Bələdiyyəsi birgə “TÜRKSOY və Türk Dünyası” mövzusunda konfrans keçirib. Tədbirdə “TÜRKSOY-Azərbaycan”, “TÜRKSOY-Qazaxıstan”, “TÜRKSOY-Qırğızıstan” kitablarının təqdimat törəni də olub.

İstanbuldakı “Türk Dünyası” Kültür Mərkəzində keçirilən törəndə diplomatlar, elm və mədəniyyət xadimləri, tanınmış ədəbiyyatçılar, kitabsevərlər iştirak ediblər.

Törənin açılışında TÜRKSOY-un baş katibi, professor Düsen Kaseinov və İstanbul “Kültür və sənət nümunələri” şirkətinin baş direktoru Nevzat Kütük çıxış ediblər.

TÜRKSOY-un fəaliyyətini əks etdirən sənədli filmin nümayişindən sonra konfrans işinə davam edib. Konfransda TÜRKSOY-un əməkdaşları - Azərbaycandan Elçin Qafarlı, Qazaxıstandan Asgar Turganbayev, Qırğızıstandan Hocageldi Kuluyev və başqaları təşkilatın ötən dövrdəki fəaliyyəti barədə geniş məlumat veriblər. Diqqətə çatdırılıb ki, TÜRKSOY ötən dövrdəki səmərəli fəaliyyəti çərçivəsində türkdilli xalqların mədəniyyəti, incəsənəti, görkəmli şəxsiyyətləri, o cümlədən adət və ənənələri barədə genişmiqyaslı tanıtma işləri həyata keçirib. Bildirilib ki, təşkilatın müxtəlif illərdə hazırladığı nəşrlər, o cümlədən incəsənət tədbirləri türkdilli xalqların inteqrasiyasında və dünyada tanınmasında mühüm rola malikdir. Çıxışlarda təşkilatın perspektivdə olan layihələrin əhəmiyyəti, qarşıda duran vəzifələrin həyata keçirilməsinin yollarından bəhs olunub.

Sonda Türk Toplumlarının tanınmış rəssamlarının əsərlərindən ibarət rəsm sərgisinin açılışı olub. İştirakçılara təqdim olunan “TÜRKSOY-Azərbaycan” kitab-albomunda təşkilatın Azərbaycanla bağlı çoxşaxəli fəaliyyəti barədə müfəssəl məlumat verilir.

Xudaferin.eu
Türkiyə, “İstanbul Bürosu”

09:03