İstanbulda səslərin yenidən hesablanması nəticəni dəyişə bilər

İstanbulun bələdiyyə sədri seçkilərində səslərin yenidən hesablanması hazırkı nəticəni dəyişə bilər.

Xudaferin.eu Anadolu informasiya agentliyinə istinadla xəbər verir ki, bunu bələdiyyə sədri postuna namizədliyi Ədalət və İnkişaf Partiyasından irəli sürülən Türkiyənin sabiq Baş naziri Binəli Yıldırım deyib.

“Səslərin hesablanması prosesi davam edir və elə görünür ki, Cümhuriyyət Xalq Partiyasından olan rəqibim Əkrəm İmamoğlu məndən 25 min çox səs toplayıb. Lakin 320 minə yaxın etibarsız səs var. Əgər səslər yenidən hesablansa, nəticə dəyişə bilər”, - deyə Binəli Yıldırım bildirib.

Ali Seçki Komissiyasının məlumatına əsasən, bülletenlərin 99,75 faizinin hesablanmasından sonra İstanbul bələdiyyəsinə keçirilən seçkilərdə Əkrəm İmamoğlu 48,79 səslə önə çıxıb, Binəli Yıldırıma isə seçicilərin 48,51 faizi səs verib.

Yerli seçkilərdə əsas mübarizə ənənəvi olaraq İstanbulda gedir. Hazırkı Prezident Rəcəb Tayyib Ərdoğan 1990-cı illərdə Türkiyənin ən böyük meqapolisinin bələdiyyəsinə rəhbərlik edib. Seçkilərdə ölkənin böyük şəhərlərində qələbə qazanmaq partiyaların əsas məqsədlərindən biridir.

Xatırladaq ki, martın 31-də Türkiyədə yerli orqanlara keçirilən seçkilərin bu saata olan ilkin nəticələrinə əsasən, Ədalət və İnkişaf Partiyası və Milliyyətçi Hərəkat Partiyası alyansı 51,63 faiz, Cümhuriyyət Xalq Partiyası və Yaxşı Partiya ittifaqı isə 37,55 faiz səs toplayıb.

Xudaferin.eu

21:49