İSTANBUL GÖRÜŞÜ – SÜLHƏ DOĞRU ÜÇÜNCÜ ADDIM.....

Məlum olduğu kimi 23 iyul 2025-ci il tarixində  Türkiyənin  İstanbul  şəhərinin  Çırağan sarayında  Rusiya–Ukrayna danışıqlarının üçüncü raundu baş tutdu.

Bu görüş   beynəlxalq ictimaiyyətin diqqət mərkəzində olub. Türkiyənin təşəbbüsü və iştirakı ilə keçirilən bu görüş, regionda sabitliyə doğru mühüm diplomatik addım kimi qiymətləndirilir. Rusiya nümayəndə heyətinə Prezident Vladimir Putinin köməkçisi Vladimir Medinski, Ukrayna tərəfinə isə Müdafiə naziri Rustem Umerov rəhbərlik edib. 
 Görüş həm iki tərəfli həm də geniş formatda keçirilib.
Danışıqlar nəticəsində 1200 hərbi və mülki əsirin qarşılıqlı mübadiləsi barədə razılaşma əldə olunub. Rusiya tərəfi əlavə olaraq Ukrayna Silahlı Qüvvələrinin 3000 əsgərinin cənazələrinin təhvil verilməsini də təklif edib. 
 Bu razılaşmalar münaqişənin humanitar aspektlərinə diqqətin artdığını və tərəflər arasında minimal da olsa etimadın formalaşmaqda olduğunu göstərir.
Bütün dünyanı narahat edən Rusiya - Ukrayna müharibəsinin dayandırılması üçün Türkiyənin  vasitəçilik rolu bir daha təsdiqlədi ki ; bu ölkə Qərblə və Rusiya ilə münasibətlərdə strateji tarazlığı qorumağı bacaran nadir  dövlətlərdəndir. NATO üzvü olan, eyni zamanda Rusiya ilə iqtisadi və regional əməkdaşlıq quran Türkiyə ; bu unikal mövqeyindən istifadə edərək sülhə aparan dialoq platformasını formalaşdırıb.
Azərbaycan Respublikası qardaş Türkiyənin bu missiyasını tam dəstəkləyir. Rəsmi Bakı münaqişələrin hərbi yolla deyil, sülh yolu ilə və beynəlxalq hüquq normaları çərçivəsində həllini daim müdafiə edir. Regionda sabitliyin bərpası Azərbaycanın da milli və geosiyasi maraqlarına uyğundur. Azərbaycanın Ermənistanla münasibətlərinin  normallaşma cəhdləri və Cənubi Qafqazda kommunikasiya xətlərinin açılması təşəbbüsü ; bu yanaşmanın tərkib hissəsidir.
 Ümumilikdə isə  İstanbul danışıqları Qərb ölkələri tərəfindən ehtiyatlı nikbinliklə qarşılanıb.
 ABŞ Dövlət Departamenti danışıqlar prosesinin davam etməsini və xüsusilə humanitar razılaşmaların icrasını müsbət dəyərləndirib.
Böyük Britaniya isə vurğulayıb ki,  territorial  bütövlük və suverenlik prinsipləri danışıqların əsas xətti olmalıdır.
Avropa Birliyi danışıqları “çətin, lakin vacib bir addım”kimi dəyəyrləndirib ;   tərəfləri beynəlxalq və insan hüquqları çərçivəsində hərəkət etməyə çağırıb.
 Qərb dövlətlərinin əksəriyyəti Türkiyənin balanslı diplomatiyasını və təşəbbüskarlığını yüksək qiymətləndirir, lakin sülh prosesində konkret nəticələr gözləyir.
  Çin və Hindistan kimi böyük dövlətlər də sülh prosesini dəstəklədiklərini bəyan etsələr də, onlar daha çox iqtisadi sabitlik və enerji təchizatının təhlükəsizliyi ilə maraqlanırlar.
 İstanbul görüşü göstərdi ki, dövlətlərarası münasibətlərdə  diplomatiya 
hələ də ən vacib elementdir.
 Tərəflərin bir masa arxasında oturması və insani məsələlərdə razılaşmalar əldə etməsi ümumi sülhə aparan yolda mühüm siqnaldır. 
 Türkiyə bu prosesin mühüm memarı, Azərbaycan isə strateji dəstəkçisi kimi çıxış edir.
Qərbin və digər beynəlxalq aktorların bu prosesi dəstəkləməsi, diqqətlə izləməsi ; sülh təşəbbüslərinə məsuliyyətli və realist yanaşmanın göstəricisidir.

Qəvami Sadıqbəyli 
Xudaferin.eu

15:22