İsrailli ekspert: Şuşaya səfər zamanı mən erməni vəhşiliyinin və vandalizminin nəticələrini gördüm

Bu günlərdə 400-dən çox diplomat, dünya ölkələrinin liderləri, Nobel Mükafatı laureatları və başqa şəxslər qlobal dünya nizamına təhdidləri müzakirə etmək üçün Bakı Qlobal Forumunda toplaşmışdı.

 

​Xudaferin.eu AZƏRTAC-a istinadən xəbər verir ki, Bakı Multikulturalizm Mərkəzinin İsraildəki nümayəndəliyinin və “İsraildə Azərbaycan Evi”nin icraçı direktoru, beynəlxalq münasibətlər sahəsində ekspert Arye Qut “Thej.ca” Kanada-İsrail media-platformasına müsahibəsində bu barədə danışıb.

İsrailli ekspert vurğulayıb ki, Azərbaycan Prezidenti İlham Əliyev Bakı Qlobal Forumunda çıxışında deyib: “Biz sülhü seçdik. Çünki biz Cənubi Qafqazda sabit, dayanıqlı inkişafı görmək istəyirik. Bu, nadir fürsətdir. Cənubi Qafqaz üç Cənubi Qafqaz ölkəsinin müstəqillik illəri ərzində parçalanmışdır. Ermənistanın işğalı səbəbindən o, 30 il ərzində parçalanmışdır. İndi sülh, əməkdaşlıq yaratmaq vaxtıdır və Azərbaycan bunun üzərində çalışır.

Ermənistanla münasibətlərin normallaşması prosesinə gəlincə, biz sülh razılaşması üzərində çalışmağa başlamağı təklif etdik. Ermənistan cavab vermədi”.

Prezident Əliyevin sözlərinə görə, “Sonra biz daha bir addım atdıq. Biz hər iki ölkənin sərhədlərinə və ərazi bütövlüyünə qarşılıqlı hörmət etmək və tanımaq, indi və gələcəkdə hər hansı bir ərazı iddialarından qarşılıqlı şəkildə çəkinmək prinsipi də daxil olmaqla, beynəlxalq hüququn beş əsas prinsipini və bizim təklifin əsasını təşkil edən başqa prinsipləri də irəli sürdük. Bu beş prinsipin Ermənistan hökuməti tərəfindən qəbul edilməsi bizi məmnun etdi. Beləliklə, bu, müsbət dinamikadır. Lakin indi biz praktiki icraya keçməliyik. Çünki işğal vaxtının tarixindən bildiyimizə əsaslanaraq danışıqlar apararkən bəzən Ermənistan rəsmiləri tərəfindən hətta yüksək səviyyədə ifadə edilmiş sözlərin o qədər də böyük məna daşımadığını bilirik”.

Azərbaycan Prezidenti deyib: “Çünki bizə addımların atılması lazımdır. Azərbaycan artıq öz tərəfindən sülh razılaşması üzrə komissiyasını yaradıb və biz eyni addımın Ermənistan tərəfindən atılmasını da gözləyirik. Bu addım atılan kimi və ya atılan təqdirdə danışıqlar başlayacaqdır. Biz, həmçinin sərhədimizin delimitasiyasına başlanılması ilə bağlı təklif irəli sürdük. Çünki sərhədimizin ən böyük hissəsi də işğal altında idi və orada heç vaxt delimitasiya aparılmamışdır. Buna görə də bu proses də başlanılıb və Azərbaycan-Ermənistan sərhəd komissiyasının birinci birgə iclası keçən ay sərhəddə baş tutmuşdur”.

Azərbaycan Prezidenti sülh məramına sübut kimi Ermənistanı Zəngəzur dəhlizini açmağa çağırıb: “Biz kommunikasiyaların açılması ilə bağlı Ermənistanın 2020-ci il 10 noyabr tarixində imzalanmış Üçtərəfli Bəyanata əməl edəcəyini gözləyirik ki, Azərbaycanın Naxçıvan Muxtar Respublikası ilə əlaqəsi olsun. Ermənistan tərəfindən kapitulyasiya aktının imzalanmasından bəri bir il yarımdan çox vaxt keçib, lakin, əfsuslar olsun ki, indiyədək heç bir çıxış təmin olunmayıb. Bu, qəbuledilməzdir. Birincisi, bu, Ermənistan tərəfindən Üçtərəfli Bəyanatın müddəalarının pozulmasıdır və bu, regionda sanki bir disbalans yaradır. Çünki eyni Bəyanata əsasən, Azərbaycan Ermənistandan Azərbaycanın erməni əhalisinin yaşadığı Qarabağ bölgəsinə maneəsiz çıxışın təmin olunması üçün üzərinə öhdəlik götürdü. Beləliklə, bir il yarımdır ki, ermənilər Laçın yolundan istifadə edirlər və maneəsiz əlaqəyə malikdirlər. Azərbaycanlılar isə Ermənistan ərazisindən keçən yoldan, bizi Naxçıvanla birləşdirən Zəngəzur dəhlizindən istifadə edə bilmirlər”.

Azərbaycan dövlət başçısı deyib: “Zəngəzur dəhlizinin açılması məsələsinin ən qısa zamanda həlli gələcək regional sülhün fundamental elementlərindəndir. Əgər bizə bu əlaqə yolu təqdim edilməyəcəksə, sülh haqqında danışmaq çətin olacaq və Azərbaycanın Ermənistanla birgə yaşayış və normal qonşuluq münasibətlərinin qurulmasına yönəlmiş bütün səyləri uğursuz olacaq. Bir daha qeyd etmək istəyirəm ki, bu, vacib məsələdir, Azərbaycanın bunu tələb etməyə haqqı var. Birincisi, Ermənistan hökuməti müvafiq Bəyanatı imzalayıb. İkincisi, Azərbaycan müharibədə qalib gəlib və işğaldan əziyyət çəkmiş ölkə olaraq bizim bunu tələb etməyə mənəvi haqqımız var”.

Bakı Qlobal Forumunda fəal iştirak etmiş israilli siyasi icmalçı və ictimai xadim, professor Arye Qut bu tədbir çərçivəsində Azərbaycanın mədəni paytaxtı Şuşa şəhərinə səfər edib. Arye Qutun sözlərinə görə, erməni qoşunları 30 il bundan əvvəl Şuşanı ələ keçirə bilmişdi. Şuşa şəhərinin və Şuşa rayonunun 30 kəndinin işğal edilməsi nəticəsində 195 dinc sakin həlak olub, 165 nəfər yaralanıb, 58 adam itkin düşüb. Şəhərin 24 mindən çox sakini etnik təmizləməyə məruz qalıb. Onu da qeyd etmək lazımdır ki, Azərbaycanın Milli Qəhrəmanı, milliyyətcə yəhudi olan 23 yaşlı Albert Aqarunov məhz Şuşa şəhərinin müdafiəsi zamanı erməni snayperləri tərəfindən öldürülüb. Albert qısa, lakin qəhrəman kimi şərəfli ömür sürüb. Azərbaycanda onu sevir və ehtiramla yad edirlər. Albert əsl qəhrəman və yəhudi xalqının mərdlik nümunəsidir. Azərbaycanlılar onun xatirəsini daim yad edəcəklər. İgid tankçı zabitin dostlarının sözlərinə, Albert Aqarunov öz ölkəsinə sadiq olub və Azərbaycanın ərazi bütövlüyü uğrunda mərdliklə həlak olub.

“İsraildə Azərbaycan Evi”nin icraçı direktoru deyib: “Çox maraqlı olan bu səfər böyük Qarabağın gözəlliyini seyr etməyə və həqiqi qürur hissi keçirməyə, eyni zamanda Şuşaya gedən yolda erməni faşistlər tərəfindən törədilmiş dəhşətləri və dağıntıları görməyə imkan verib. Biz 30 illik erməni işğalı dövründə Azərbaycanın üzləşdiyi məşəqqətlərin izlərini gördük. Bu kütləvi dağıntılar Ermənistanın siyasi rejimi tərəfindən 30 illik işğal dövründə törədilmiş vəhşiliyin və vandalizmin, ekosid və şovinizmin, insana nifrət siyasətinin nəticələridir”.

İsrail-Azərbaycan diaspor təşkilatının rəhbəri daha sonra vurğulayıb: “Azərbaycanın incisi olan Şuşa təqribən 30 il erməni işğalında qalıb. Azərbaycanlılar həmişə fəxr ediblər ki, Azərbaycan incəsənətinin, mədəniyyətinin və musiqisinin parlaq nümunələri olan Üzeyir Hacıbəyli, Bülbül və Rəşid Behbudov, Natəvan və Vaqif, Xan Şuşinski və Şəmsi Bədəlbəyli, Cabbar Qaryağdıoğlu və Niyazi Şuşada doğulublar. Bu insanlar üçün Şuşa şəhəri xüsusi əhəmiyyət kəsb edir. Şuşa illər boyu tənha, yetim qalıb, işgəncələrə və təhqirlərə məruz qalıb. Şuşa həqiqətən Azərbaycan musiqisi, “Bayatı Şiraz” səslənən dövrlər üçün darıxmışdı. Arye Qut onu da əlavə edib ki, sovet dövründə Şuşa kurort şəhəri idi.

Professor Qut vurğulayıb: “İşğal illərində Şuşada praktiki olaraq ana dili eşidilmirdi. Hədsiz gözəl olan Şuşa ətrafda hər şeyin vəhşicəsinə dağıdılması ilə üzləşdi. Lakin vaxtilə burada yaşayan insanlar Şuşanın parlaq və unudulmaz keçmişini yaddan çıxara bilməzdi. Təsvirəgəlməz itki ağrısı, nostalji duyğular Şuşanın əzəli sakinlərinin qəlbində kök salmışdı. Beynəlxalq səviyyədə Azərbaycanın ayrılmaz tərkib hissəsi kimi tanınmış Qarabağ və yeddi ətraf rayon Birinci Qarabağ müharibəsi dövründən Ermənistanın sərt nəzarəti altında olub. İki il bundan əvvəl İkinci Qarabağ müharibəsinin gedişində Azərbaycan əsgər və zabitlərinin nümayiş etdirdiyi mərdlik və igidlik sayəsində Bakı Qarabağın tarixi Azərbaycan ərazilərini öz qanuni sahiblərinə qaytardı. Bu gün Şuşa şəhəri döyüş meydanından turizm obyektinə çevrilir. Bu, Azərbaycanın həmin ərazilər üzərində əbədi hakimiyyətinin möhkəmləndirilməsi üzrə strateji planın mühüm tərkib hissəsidir.

Arye Qut qeyd edib ki, Azərbaycan işğaldan azad edilmiş əraziləri reinteqrasiya və rekultivasiya etməyə, onları özünün enerji sisteminə və yol şəbəkəsinə qoşmağa çalışır.

Azərbaycan Xarici İşlər Nazirliyinin məlumatına görə, 1990-cı illərin əvvəlində müharibə gedişində Qarabağı tərk etməyə məcbur olmuş 750.000 azərbaycanlının bir qismi artıq gələn il doğma yurdlarına qayıda biləcək. Şuşa şəhərinin keçmiş sakinlərinin oraya köçürülməsi isə bir qədər çox vaxt tələb edə bilər. Azərbaycan Respublikasının Prezidentin Şuşada nümayəndəsi Aydın Kərimov bildirib ki, yaşayış evlərinin oraya qayıdan sakinləri qəbul etməyə hazır olması təxminən il yarım vaxt tələb edə bilər, lakin ilk turistlərin artıq gələn il buraya gəlməsi gözlənilir.

Şuşa Qarabağdır, Qarabağ Azərbaycandır!

Xudaferin.eu

16:23