“İspaniya-Azərbaycan əlaqələri. Regional və beynəlxalq İnkişaf” mövzusunda vebinar keçirilib

Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi (BMTM) və İspaniyanın FESEI beyin mərkəzinin birgə təşkilatçılığı ilə “İspaniya - Azərbaycan əlaqələri. Regional və beynəlxalq İnkişaf” mövzusunda vebinar keçirilib.

Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin mətbuat xidmətindən ​Xudaferin.eu  AZƏRTAC-a istinadən  bildiriblər ki, vebinarda çıxış edən BMTM-in İdarə Heyətinin sədri Fərid Şəfiyev Azərbaycanın İspaniyadan Cənubi Qafqazda aparılan təhlükəsizlik quruculuğu prosesinə daha açıq dəstək gözlədiyini bildirib. “İspaniyanın Azərbaycanın ərazi bütövlüyünü dəstəkləməsi separatizmdən əziyyət çəkən ölkə kimi onun özü üçün də əhəmiyyətlidir. Açıq mövqe nümayiş etdirən İtaliya və Macarıstan kimi, İspaniyanın da azad olunmuş ərazilərin bərpasında iştirakını görmək istərdik”, - deyə Fərid Şəfiyev bildirib.

Sonra FESEI-nin prezidenti Xose Mariya Alvarez de Eulate çıxış edərək Azərbaycanın regiondakı mühüm rolundan danışıb, ölkələrimiz arasında ortaq işbirliyi üçün bir çox sahələrin mövcud olduğunu diqqətə çatdırıb. O, gələcəkdə əlaqələrin daha da möhkəmlənəcəyinə ümid etdiyini bildirib.

Panel müzakirələri zamanı təhlükəsizlik mövzusunda çıxış edən BMTM-in İdarə Heyətinin üzvü Esmira Cəfərova Azərbaycanın müharibədən sonra regionda sülhün bərqərar olması üçün Ermənistana qarşı atdığı xoşməramlı addımlara qarşılıq verilmədiyini deyib. Onun sözlərinə görə, bu kimi hallar regionda sülhün bərpası prosesini ləngidir.

FESEI-nin elmi işçisi Alberto Anton İspaniyanın təhlükəsizliyinə təhdid kimi mütəşəkkil cinayətləri, kibertəhlükəsizliyi və onun artan qlobal miqyasını qeyd edib. O, bu kimi qlobal təhlükəsizlik məsələlərində ölkələrimizin əməkdaşlığının genişlənməsinin vacibliyini vurğulayıb.

BMTM-in aparıcı məsləhətçisi Vasif Hüseynov Azərbaycanın Avropa və İspaniya ilə əlaqələri haqqında danışaraq, ölkəmizin artıq geridə qoyduğu ərazi münaqişəsi ilə bağlı ikili standartlarla üzləşdiyini diqqətə çatdırıb. O, Azərbaycanın enerji mənbələrinin şaxələndirilməsini təmin edən ölkə olduğunu deyərək, ümumilikdə iqtisadi baxımdan Avropa bazarının Azərbaycan üçün əhəmiyyətini qeyd edib və gələcək əməkdaşlığın perspektivləri barədə danışıb.

İspaniyanın Azərbaycandakı müvəqqəti işlər vəkili İqnasio Sançez Taboada ikitərəfli münasibətlərə nəzər salaraq dövlət rəhbərləri səviyyəsində səfərlərin həyata keçirilmədiyini, habelə Bakıda İspaniyanın səfirliyinin açılmasının arzuedilən məsələ olduğunu bildirib. O, vergilər və xarici ticarətlə bağlı sazişlərin də mövcud olmadığını deyərək, ticarət və investisiyaları təşviq etmək üçün bu məsələlərin vacibliyini vurğulayıb.

İspaniya ilə Azərbaycan arasında ticarət əlaqələrindən danışan BMTM-in aparıcı məsləhətçisi Orxan Bağırov bu Krallığın ölkəmizdə biznes və investisiya sahəsində iştirakı üçün qeyri-neft sektorunu, xüsusilə kənd təsərrüfatı, tekstil, yüngül sənaye və turizm kimi sahələri qeyd edib. Onun fikrincə, Azərbaycan üçün isə İspaniyada avtomobil, maliyyə, daşınmaz əmlak və istehsalat istiqamətində investisiya perspektivləri mövcuddur.

FESEI-nin elmi işçisi Xose Ventura Ballester İspaniyanın Azərbaycana enerji resurslarının şaxələndirilməsində, alternativ enerji mənbələrinin inkişafında və hasilatında kömək etmək potensialında olduğunu bildirib. O, həmçinin dövlət idarəçiliyində yeni texnologiyaların tətbiqi sahəsində də İspaniyanın Azərbaycanla əməkdaşlığının mümkünlüyünü vurğulayıb.

Vebinar sual-cavab sessiyası ilə davam etdirilib.

Xudaferin.eu

14:25