İslamofobiya

İslamofobiya - “Müsəlmanlara giriş qadağandır”

XIX əsrdə Londonun bir çox yerində “itlərə, irlandlara və yəhudilərə giriş qadağandır” xəbərdarlığı ilə qarşılaşmaq olardı. Əlbəttə, bu, köhnə söhbətdir. Təəssüf ki, təzəsi də var. Məsələn, koronavirus yeni yayılanda dünyanın bir çox yerində “çinlilərə giriş qadağandır” elanı asılmışdı. Çünki o vaxt çoxu hesab edirdi ki, koronavirus Çindən dünyaya yayılıb və bu virusu, əsasən, çinlilər daşıyır.

İnsanların bir hissəsi yad və yabançı şeyləri sevmirlər. Hətta bir çox insanda belə şeylər qorxu və təşviş yaradır. Elmi dildə buna fobiya deyilir. Bu söz yunan dilində qorxu anlamını verir. Fobiya qorxunun dayanıqlı şəkildə yaranmasıdır. Fobiyanın onlarla növü var. Məsələn, insanlar var ki, küçə, meydan, bazar, teatr, kino, tunel kimi yerlərdən qorxurlar. Heyvanlardan, qapalı və açıq mühitdən, təyyarəyə və liftə minməkdən çəkinən insanlar da var. Öpüşməkdən, sevməkdən, ailə qurmaqdan, əl-ələ görüşməkdən... qorxanlar da az deyil.

Fobiyanın psixi sağlamlıqla bağlı hissəsi bizim maraq dairəmizdə deyil. Məqsədimiz fobiyanın siyasi müstəvidəki təzahürləri ilə bağlıdır. Deyim ki, fobiyanın siyasi təzahürlərinin sayı insan psixikası ilə bağlı olanların sayından kəskin şəkildə çoxdur. Əslində, siyasi fobiya da insan psixikası ilə bağlıdır. Biz şərti olaraq onları ayırırıq.

Bu yazımızda biz siyasi fobiyanın ən çox yayılmış bir növündən - islamofobiyadan söhbət açacağıq.

İslamofobiya — "İslam qorxusu" mənasını verir. Əsasən, Qərbdə müsəlmanlara qarşı ayrı-seçkilik və düşmənçilik xətti tutanlar bu “mərəz”ə mübtəla olmuş sayılırlar. Bəzi alimlər islamofobiyanı xenofobiya (yad insanlardan qorxu) və irqçiliyin bir forması kimi qəbul edirlər.

İslam ölkələri çağdaş sivilizasiyadan ciddi şəkildə geridə qalıb. Bəziləri bu fakta istinadən islamı cəhalət və xurafat dini kimi təsnif edir. Onlar unudurlar ki, İslamın qızıl və ya intibah (renessans) dövrü də olub. VIII-XIII əsrləri əhatə edən bu dövr haqqında Qərb mütəxəssisləri də heyranlıqla danışırlar. Qeyd edək ki, orta əsrlərin əvvəlləri Avropada "qaranlıq çağ" kimi tarixə keçib. O vaxtlar az qala bütün parametrlər baxımından İslam elmi xristian dünyasını kölgədə qoymuşdu.

Qərbdə İslamofobiyanın tərəfdarlarının əsas arqumenti nədir? Onlar deyirlər ki, İslam zorakılığa söykənən dindir, elə ona görə də terrorçuların əksəriyyəti müsəlmandır. Bu arqumentə Qərb alimlərindən biri belə cavab verib:

“Serial qətllər törədənlərin də böyük əksəriyyəti 20-25 yaşlı ağ adamlardır. Başqa bir məqam: I və II Dünya Müharibələrini xristianlar törədib. Ancaq heç bir müsəlman demir ki, faşizm xristianlığın bətnindən doğub. Ancaq biz xristianlar iddia edirik ki, terror İslamın mahiyyətindən yaranıb”.

Maraqlıdır ki, bu kimi ittihamlarla XX əsrin əfsanəsi sayılan Məhəmməd Əli də qarşılaşıb. Bir dəfə İslam və terror sözlərinin yanaşı çəkilməsinə etiraz edən boksçu belə deyib: “Mən müsəlmanam, İslamla məsum insanların Paris, San Bernardionda və ya dünyanın harasındasa...qətli arasında hər hansı bir əlaqə mövcud deyil. İmanlı müsəlmanlar yaxşı bilirlər ki, özünü cihadçı adlandıran kəslərin qəddarlıqla həyata keçirdikləri qətllər islamın təməl prinsiplərinə ziddir. Biz müsəlmanlar bizim dinimizdən öz şəxsi məqsədləri naminə sui-istifadə edənlərə qarşıyıq”.

Mona Haydar (1988) Suriya əsilli amerikalıdır. O, şair və musiqiçidir. Etirazdan doğan “Barbarian” (2018) və "Hijabi (Wrap My Hijab)” kimi mahnılar onu məşhurlaşdırıb. O, həm də ABŞ-da islamofobiyaya qarşı mübariz xanımlardan biridir. Çıxışlarının birində deyir ki, “mən studiyada canlı yayımda idim. Tamaşaçılardan biri zəng vurdu. Yaşlı zənci qadın idi. Dedi ki, biz zəncilərin Amerikada qarşılaşdığı ayrı-seçkiliyi müsəlmanlar da yaşayır. Əlbəttə, mən bunu bilirdim. Ancaq yenə də gözlərim doldu. Hönkür-hönkür ağlamağa başladım”.

Mən yaxşı bilirəm ki, #BlackLivesMatter və #antiIslamophobia hərəkatlarına qarşı çıxanlar eyni qüvvələrdir. Onu da unutmaq olmaz ki, Amerikada yaşayan zəncilərin üçdə biri müsəlmandır. Yəni bu insanlar həm irqi, həm də dini baxımdan diskriminasiya ilə üzləşir.

Yazının girişində qeyd etdik ki, XIX əsrdə Londonun bir çox yerində “itlərə, irlandlara və yəhudilərə giriş qadağandır” xəbərdarlığı ilə qarşılaşmaq olardı.

Bu fikir Böyük Britaniyanın son dərəcə nüfuzlu jurnalistlərindən biri olan James O’Breinə məxsusdur. O deyir ki, “mən yəhudiyəm. Əcdadlarım Rusiyada yəhudilərə qarşı törədilən poqromlardan başını götürüb Londona qaçmışdı. Onlar Londonda hara gedirdilərsə, qarşılarına bu kimi xəbərdarlıqlar çıxırdı”.

İndi Londonda belə bir şey yoxdur. Ancaq bir çoxlarına imkan versələr, “Müsəlmanlara giriş qadağandır” xəbərdarlığını öz ofisinin ən gözəgəlimli yerindən asardı. Yeri gəlmişkən, antisemitizm də (Yəhudi əleyhdarlığı, Yəhudi düşmənçiliyi) siyasi fobiyanın bir növüdür. Faşist Almaniyasının yeritdiyi bu siyasət 6 milyon yəhudinin qətlinə səbəb oldu. James O’Breinin doğmalarının böyük bir hissəsi də Holokostun qurbanları sırasındadır. Təbii ki, antisemitizmlə yanaşı, yəhudilər arasında millətçilik və irqçiliyin təzahürü kimi sionizm də var. Sionizm də siyasi fobiyanın nümunələrindən biridir.

İslamofobiyanın tanınmış isimlərinin əsas iddialarından biri də odur ki, bir çox xalqlar islamı qılınc gücünə qəbul edib. Bu iddiaya Hindistan Azadlıq Hərəkatının siyasi və ruhani lideri Mahatma Qandinin maraqlı cavabı var. O deyir: “Milyonlarla insanın ürəyində yuva qurmuş o böyük şəxsiyyəti (Məhəmməd Peyğəmbər nəzərdə tutulur) daha yaxından tanımağa can atırdım. Onun həyatını öyrəndikcə mənə aydın oldu ki, islamın yayılmasında qılınc əsas amil olmayıb. Peyğəmbərin son dərəcə sadəliyi, vədlərinə əməl etməsi, dostlarına və ardıcıllarına olan sədaqəti, qorxmazlığı, rəşadəti, Allaha və öz vəzifəsinə olan inamı onu insanlara sevdirdi. Qılınc yox, məhz bu keyfiyyətlər öndə gedirdi və müsəlmanların qarşılaşdığı hər bir maneəni aşırdı. İkinci cildi (Məhəmməd Peyğəmbərin tərcümeyi-halı nəzərdə tutulur) tamamladığım zaman, təəssüf etdim ki, o böyük şəxsiyyət haqqında oxumağa elə bir şey qalmadı”.

Başqa bir nüfuzlu qeyri-müsəlmanın dediklərinə diqqət edək. Dalay Lama belə buyurur: “... 11 sentyabr hadisəsindən bəri (2001-ci ildə ABŞ-da Əl-Qaidə tərəfindən həyata keçirilimiş zəncirvari terror hücumu) həmişə İslamı müdafiə etmişəm. İslam digər böyük dinlər kimi Yaradana bağlıdır. Allahı tərifləməyin özü məhəbbət, sonsuz sevgi, şəfqət deməkdir. Müsəlmanın təsbeh çevirərək Allahın 99 fərqli adını zikr etməsi mənə xoş gəlir. İslam mərhəmət kimi ali keyfiyyətli dəyərlərin daşıyıcısıdr”.

Mərhum Roma Papası II İohann Pavel isə İslama və müsəlmanlara xüsusi simpatiyası ilə seçilirdi. Quranı öpüb gözünün üstünə qoyan Papa deyib:

“Müsəlmanların dinə bağlılığı hörmətə layiqdir. Məsələn, onların dua etməyə sadiqliyinə heyran olmamaq mümkün deyil. Zamana və məkana əhəmiyyət vermədən diz çöküb Allah dua edən, Yaradana pənah gətirənlərin imanı təqdirəlayiqdir. Bir olan Tanrıya ibadət edənlər üçün, xüsusən də möhtəşəm kafedralarını tərk edən xristianlar üçün müsəlmanların ibadəti bir nümunə olaraq qalır. Xristianlar ya az dua edirlər, bəzən isə ümumiyyətlə etmirlər”.

Gördüyünüz kimi, Roma Papası Allaha sığınan müsəlmanları xristianlara nümunə kimi təqdim etməkdən belə çəkinmir. Əlbəttə, islamdan danışarkən Lev Nikolayeviç Tolstoyun aşağıdakı fikrini xatırlatmamaq qəbahət olardı: “Qurandan gələn qanunlar bütün dünyaya yayılacaq, çünki ağıl, məntiq və hikmətdən yoğrulub”.

Mütəxəssislər hesab edirlər ki, ABŞ və Avropa Birliyində müsəlmanların sayının artması və onların yerli cəmiyyətlərdə nüfuz qazanması bir sıra qruplar tərəfindən qısqanclıqla qarşılanır. ABŞ-ın Corciya və Alabama Universitetlərinin araşdırmasından bəlli olur ki, Amerika mediası müsəlmanlara bağlı terror aktlarına 357 faiz daha çox maraq göstərir. Qeyri-müsəlman və ağların törətdiyi terror hadisələrinə isə elə bir maraq sərgiləmir.

Məsələn, terroru müsəlman törədibsə, onun haqqında 105 manşet xəbər gedir, eyni işi qeyri-müsəlman törədirsə, o barədə cəmi 15 manşet xəbər yayılır. Bu göstərici Amerika mediasının 2005-2015-ci illər arasındakı nəticələrinə əsaslanaraq hazırlanıb. Amma elə bu gün də eyni tendensiyanı asanlıqla müşahidə etmək olar.

Bəs müsəlmanlara ən çox nifrət edən ölkələr hansılardır?

2019-cu ilin statistik hesablamalarına görə, bu sırada Polşa 66 faizlə öndə gedir. Təsəvvür edə bilirsizmi? Hər 100 polşalıdan 66-sı müsəlmanlara qarşıdır. Çex respublikası 64 faiz, Macarıstan 58 faiz, Yunanıstan 57 faiz, Latviya 56 faiz, İtaliya 55 faiz, İspaniya 42 faiz, İsveç 28 faiz, Fransa 22 faiz, Rusiya 19 faiz, Böyük Britaniya 18 faiz...

İslam düşmənçiliyinin son nümunəsi isə Kanadada yaşandı. 3-4 günün söhbətidir. 20 yaşlı sürücü terror məqsədilə maşını səki ilə gedən müsəlmanların üstünə sürüb. Nəticədə 4 nəfər ölüb. Bir nəfər isə yaralanıb. Ölkənin baş naziri Justin Trudeau bəyan edib ki, Kanadada islam düşmənçiliyinə yer ola bilməz. 2017-ci ildə isə Kanadada 6 müsəlman ekstremistlər tərəfindən öldürülmüşdü...

Əlbəttə, Qərbdə olan islamofobiya ilə Çin və Hindistanda mövcud olan müsəlman düşmənçiliyini müqayisə etmək belə yanlış olardı. Çin və Hindistanda müsəlman düşmənçiliyi dövlət siyasətinin tərkib hissəsidir.

2019-cu ildə BMT-də 22 dövləti təmsil edən səfirlər birgə məktuba imza ataraq Çinin Uyğur müsəlmanlara qarşı yeritdiyi siyasətə etiraz etdi. Xatırladaq ki, Çin hökuməti müxtəlif bəhanələrlə, əsasən, uyğurlardan ibarət olan 2-3 milyon müsəlmanı həbs düşərgələrinə doldurub və onları “islah” etməklə məşğuldur.

Avstraliyanın Strateji Siyasət İnstitutunun 2020-ci ildə yaydığı məlumata görə, Çin Sincan-Uyğur Muxtar Rayonunda 16 min məscidi dağıdıb və ya sıradan çıxarıb. Bu isə Sincan-Uyğur Muxtar Rayonunda olan məscidlərin 65 faizi deməkdir. Amerika isə Çində baş verən müsəlman düşmənçiliyini genosid aktı kimi xarakterizə edir.

Hindistanın Baş naziri Narendra Modi iqtidara gələndən bəri (2014-cü ilin mayından) hundu millətçiləri müsəlmanlara qarşı az qala silahlı mübarizə aparırlar. Qeyd edək ki, Hindistan əhalisinin 200 milyona yaxın əhalisi müsəlmandır. Mütəmadi olaraq Hindistanda müsəlmanlara divan tutulur. Onu da xatırladaq ki, Hindistan hunduizmə bağlı ölkədir. Buna baxmayaraq, Moğol imperiyasının şah əsəri olan Tac-Mahal Hindistanın simvoludur. Bu gedişlə islam düşmənçiliyinin vüsət aldığı Hindistanda tezliklə Tac-Mahalı da tarimar edəcəklər.

Tərcümə etdi: Elbəyi Həsənli,

Mənbə:internationalaffairsbd.com

http://internationalaffairsbd.com/islamophobia-western-world-islam-peace-terror/?fbclid=IwAR1Xu4dASMMCitoLTmXm9KqyAwrSFIQZs5mK0Nciosx1z1qxKcd6HUUBagk

Xudaferin.eu

 

 

 

 

 

00:36