“İşıq məhbusları”: “Ola bilsin, etiraz aksiyası keçirərkən səhv eləmişik”

 

Biləsuvar rayonunda məcburi köçkünlərin yaşadığı qəsəbədə elektrik enerjisinin kəsilməsinə etiraz etdiklərinə görə həbs olunan beş nəfərin məhkəməsində vəkillərin vəsatətləri təmin edilməyib. Cəbrayıldan olan məcburi köçkünlərin işinə İmişli Rayon Məhkəməsində hakim Təranə Hüseynovanın sədrliyi ilə baxılır.

İyulun 14-də vəkillər məhkəmə qarşısında vəsatət qaldıraraq təqsirləndirilən şəxslər barəsində seçilmiş həbs qətimkan tədbirinin dəyişdirilməsini, onların ev dustaqlığına buraxılmasını istəyiblər.

“Onların heç bir suçu yoxdur. Sosial tələblərlə aksiya keçiriblər. Onların məhkəmə zamanı həbsdə tutulmaması üçün hüquqi əsaslar var”, – deyə iş üzrə vəkillərdən Bəhruz Bayramov məhkəmədə bildirib. Ancaq məhkəmə heyəti vəsatəti rədd edib.

Vəkilin təqsirləndirilən şəxslərin yaxınlarının məhkəmə prosesində iştirakına şərait yaradılması barədə vəsatəti isə qismən təmin edilib. Bir neçə valideyn iclas zalına buraxılıb. Proses zamanı təqsirləndirilən şəxslərin çıxışları dinlənilib.

Cəlal Quliyev deyib ki, o və onunla birgə həbs olunan şəxslər polisə, etiraz aksiyasının keçirildiyi əraziyə gəlmiş rəsmilərə daş atmayıblar. O, həmçinin “ola bilsin, etiraz aksiyası keçirərkən səhv eləmişik”, – söyləyib.

Təqsirləndirilən şəxslər Qarabağ əlili və hakim Yeni Azərbaycan Partiyasının üzvü olduqlarını da məhkəmənin diqqətinə çatdırıblar. Prosesdə ifadə verən polis əməkdaşları, icra nümayəndələri isə istintaqa verdikləri ifadələri təsdiqləyiblər. Həmin ifadələrdə təqsirləndirilən şəxslərin rəsmilərə müqavimət göstərdiyi, daş atdıqları qeyd olunub. İş üzrə ümumilikdə 25 polis əməkdaşının, icra hakimiyyətinin 2 nümayəndəsinin adı keçir. Məhkəmə prosesi başlamazdan əvvəl İmişli Məhkəməsinin qarşısında qalmaqal yaşanıb. Nəzarətçilər təqsirləndirilən şəxslərin yaxınlarını, jurnalistləri, hüquq müdafiəçilərini məhkəmə zalına buraxmayıblar. Bu zaman təqsirləndirilən şəxslərdən İlkin İsgəndərovun bacısının halı pisləşib. Ona tibbi yardım göstərilib.

Azadliq.org

 

16:14