İşçilərlə bağlı görünməmiş qanunsuzluq: 35 yaşdan yuxarı…

 

Sahib Məmmədov: “Əmək Məcəlləsi ilə yaş həddinin məhdudlaşdırılması qadağandır”

Musa Quliyev: “Özəl şirkətlərin işinə müdaxilə edə bilmərik”

Bir müddət öncə gənclərin yaş senzinin 29-dan 24-ə endirilməsi ilə bağlı Milli Məclisdə müzakirələr getdi. Lakin gənclərlə bağlı qanuna ediləcək bu dəyişiklik cəmiyyət tərəfindən də birmənalı qarşılanmadı. Çünki qanunda nəzərdə tutulan bu dəyişikliklər “gənclər”i müəyyən güzəştlərdən məhrum edirdi. Hələlik qanuna dəyişikliklər qüvvəyə minməyib. Bu gün istər dövlətin, istərsə də sahibkarların yürütdüyü siyasətdə gənclərin imkanları məhdudlaşdırılır. Bölgələrdən minlərlə gənc Bakıya iş axtarmaq ümidi ilə axışır. Onların iş axtarmaq ümidi elə buradaca da məhv olur. İş axtarmaq adı ilə paytaxtın küçələrini gəzdikdə qarşımıza belə elanlar çıxır: “Kafeyə 30-yaşadək olan qadın işçi tələb olunur” “Marketə işçi tələb olunur. Yalnız 18-25 yaşlı şəxslər müraciət edə bilər”. Maraqlısı budur ki, bu cür elanlarda daha çox qadın işçi tələb olunur. Məhz bu səbəbdən də Azərbaycanda işləyən qadınların sayı kişilərlə müqayisədə artıb. Elan portallarında da buna bənzər iş elanları yer alıb. Bu elanların isə böyük əksəriyyəti iş agentlikləri tərəfindən yerləşdirilir. Bu işbazlar öncədən 10 manat tələb edərək iş tapacaqlarına söz versələr də, sonradan yoxa çıxır, vədlərinə əməl etmirlər. Ölkədə qəribə bir vəziyyət yaranıb. Öncələr 40, daha sonra 35-30 yaşadək məhdudiyyət qoyulurdusa, indi bu yaş həddi daha da cavanlaşıb, 25 yaş olub. Dövlət qurumları sahibkarların bu fəaliyyətinə nəzarət edə bilmir, bu istiqamətdə heç bir tənzimlənmələr aparılmır.

Vətəndaşların Əmək Hüquqları Müdafiə Liqasının sədri Sahib Məmmədovun sözlərinə görə, yaş həddinin məhdudlaşdırılması qanunla qadağandır: “Əslində Əmək Məcəlləsi ilə yaş həddinin məhdudlaşdırılması qadağandır. Təəssüflər olsun ki, heç bir sahibkar bu qadağalara məhəl qoymur. Ümumiyyətlə, sahibkarların əmək məcəlləsindən xəbəri belə yoxdur, onlar məcəllə tanımırlar. Bu səbəbdən də yaranmış vəziyyətdən sui-istifadə edirlər. İşə götürdüyü şəxsə öncədən vəd edirlər ki, guya Əmək Müqaviləsi bağlayacaqlar. İşlərini qara siyasət əsasında idarə edirlər”. Artıq iki ildir ki, Əmək Müfəttişliyi monitorinq aparmır. Bundan öncə də supermarketlərin tələblərinə nəinki Əmək Müfəttişləri, digər səlahiyyətlilər də müdaxilə edə bilməz. Onlar tələblərinə uyğun işçi qəbul edirlər. Bu gün Azərbaycanda ali təhsillilərin sayı bir o qədər də çox deyil. Dövlət Qulluğu ilə işə qəbul olunan ali təhsilli şəxslərin hüquqları Əmək Müqaviləsi ilə qorunur. Lakin təəssüflər olsun ki, artıq 7 aydır ki, dövlət qulluğuna qəbul da dayandırılıb. Odur ki, ali təhsili olmayanlarla yanaşı, təhsillilər də ixtisasından asılı olmadan iş axtarırlar. S.Məmmədov deyib ki, yalnız özəl təsərrüfat subyektlərində bu cür tələblər qoyulur: “Sahibkarlıq subyektlərinin arxasında elə şəxslər dayanıb ki, onlar özlərini qanundan da üstün hesab edirlər. Qanunvericiliyə əməl edilməlidir. Başqa çıxış yolu yoxdur”.

S.Məmmədovun sözlərinə görə, 4 milyon yarım məşğul insanın 1 milyon yarımı ilə əmək müqaviləsi bağlanılıb: “Onların da 960 mini dövlət idarələrində işləyir. 550 mini isə özəl sektorda ikili mühasibatlıq adı ilə saxta müqavilələrlə işləyirlər”.

Əmək Müqavilələrinin bağlanması üçün yaradılan Elektron İnformasiya Sistemi də heç bir əhəmiyyyətə malik olmadı. Əksinə, müqaviləsiz çalışanların sayı artdı: “Elektron İnformasiya Sistemi yaratmadan öncə bu sistemin əhəmiyyətsiz olacağını dedim. Nəticə gözlədiyim kimi oldu, Əmək Müqaviləsi bağlayanların sayı azaldı”. Ekspertin sözlərinə görə, işə qəbulla bağlı yaş senzinin məhdudlaşdırılması qanunla məsuliyyət yaradır. İnzibati Xətalar Məcəlləsinə müvafiq olaraq həmin şəxslər məsuliyyətə cəlb olunmalıdır.

“Özəl şirkət işəgötürmədə sərbəstdir”

 

Milli Məclisin Əmək və Sosial Siyasət Komitəsinin üzvi Musa Quliyev açıqlamasında sahibkarların bu tələblərini normal qəbul etdiyini deyib: “Özəl şirkət işəgötürmədə sərbəstdir. Kimi lazım bilirsə, onu da işə götürür. Bizim onların işinə müdaxilə etmək hüququmuz yoxdur. Sahibkara öz tələblərinə uyğun işçi lazımdır ki, işini görə gözlədiyi nəticəni də əldə edə bilsin. İşin xüsusiyyətinə görə, sahibkara cavan, daha çevik kadr lazımdırsa, o da elanda nisbətən yuxarı yaşda olan şəxslər üçün məhdudiyyət qoyur. Elə insanlar var ki, onlara 35-40 yaşdan sonra yeni peşə öyrətmək də olmur”. Millət vəkili işsizlərə təklif edir ki, iş axtarmaq üçün Məşğulluq İdarəsinə müraciət etsinlər. Bu zaman onlara müvafiq iş tapılar: “İşsizlər Məşğulluq İdarəsinə müraciət edərək işlə təmin oluna bilərlər. Peşəsinə uyğun iş yeri olmadıqda həmin şəxslərə peşələrini dəyişmək məsləhət görülür. Yaxud da, işsizliklə bağlı onlara müavinət verilir”. Bu gün Azərbaycanda işsiz olanların demək olar ki, böyük əksəriyyəti Məşğulluq İdarəsinə müraciət edib. Hətta bir neçə dəfə müraciət etsələr də, onlara azmaaşlı 75-100 manatadək olan işlər təklif olunub. Əlbəttə, azı 8 saatlıq iş rejimində, gediş haqqı, gündəlik qidalanma da nəzərə alınmaqla bu məbləğin yetərsiz olduğunu deyə bilərik. Burdan belə qənaətə gəlmək olar ki, işsiz yeni tapdığı bu işlə sadəcə olaraq vaxtını keçirəcək. Aldığı pul gündəlik tələbatlarına belə cavab verməyəcək. O ki, qaldı kommunal, ərzaq, geyim və digər xərclərə. M.Quliyev iddia edir ki, şəxsin işə ehtiyacı varsa Məşğulluq İdarəsindən təklif olunan bu işlərdə çalışacaq: “Bu cür azmaaşlı işlərdə də işləmək lazımdır. Yüksək maaşlı iş yerləri adətən, dolu olur. Məşğulluq Xidmətinə əsasən az maaşlı işlər təklif edilir. Azərbaycanda yaşayış minimumu müəyyən edilib, minimum əmək haqqı var. Yaxşı iş istəyirsə, özü axtarıb tapsın. Dövlət Məşğulluq Xidməti yüksək maaşlı işi necə tapıb ona verə bilər. Yaxşı mütəxəssis Dövlət Məşğulluq Xidmətinə müraciət etmir. Özü-özünə iş tapır”. M.Quliyev iddia edir ki, bu gün Azərbaycanda yüksək maaş verən sahibkarlar da işçi axtarışındadır: “O qədər yüksək maaşlı iş yerləri var ki, onlar işçi axtarırlar. İxtisası olmayan işçilər aşağı maaşla işləməyə məcburdurlar”.

 

Nigar Məhərrəm

Cebhe.info

 

11:46